Videoline.az-ın təsisçisi, profayler Təbriz Hacınski Biznes İdarəçiliyi Forumu (BİF2018) çərçivəsində Facemark.az-ın suallarını cavablandırıb.


- Təbriz bəy, Forumla bağlı nə düşünürsünüz ? Forum necə keçir?


Bu gün Azərbaycanda idarəçiliyə həqiqətən çox böyük ehtiyac var. Xüsusi ilə vurğulamaq istərdim ki, insanların səhnədə öz səmimi təcrübələrini bölüşməsi daha gözəldir, daha əladır. Ən bəyəndiyim forumlardan biri BİF2018 oldu, ona görə ki, çox fərqli insanlar və onların təcrübələri ilə tanış olduq. Təşkilatçılıq isə yüksək səviyyədədir.


- Razı və narazı qaldığınız hansı spikerlərin fikirləri oldu?


Mənim “Rabitəbank”ın idarə heyətinin sədr müavini Orhan Gültekinin çıxışını, dedikləri fikirləri bəyəndim, yaddaqalan oldu. Amma onun çıxışında psixologiyaya səthi yanaşma mövcud idi. Daha gözəl olar ki, psixologiyanı daha dərindən bilib onu təqdim edəsən. Psixologiyaya səthi yanaşma olduqda bu məni həmişə narahat edir. Yuxarıda da vurğuladığım kimi, ümumilikdə Orhan bəyin çıxışını çox bəyəndim. Suallarıma da tam olmasa, əla cavab verdilər. Bütün spikerlər mənim üçün maraqlıdır. Bundan sonra da, növbəti panellərdə də inanıram ki, gözəl spikerlər olacaqdır.


Düşünürəm ki, ümumiyyətlə forumdan nəsə öyrənmək düzgün deyil. Bizim Forumu Milli Psixologiya Forumunu çıxmaq şərti ilə. (Gülür). Forumlarda qazana biləcəyimiz tək şey ideya oğurlamaqdır. İdeya oğurladıqsa, o artıq sənindir. İdeya oğurlamadınsa, sən gözləmə ki, kimsə sənə nəsə öyrədəcək. Həmin şəxs illərlə yığdığı təcrübəni hamı ilə bölüşməyəcək ki, mən belə pul qazanıram. Çoxu elə düşünür, amma bu yanlışdır.


- Azərbaycanın biznesində qohumçuluq anlayışı ilə bağlı düşüncələriniz maraqlı olardı..


Əslində var. Azərbaycanın idarəetmə sistemində qohumçuluq var və yenə də davam edir. Məncə, bu qohumçuluq yox, sadəcə olaraq etibarla bağlı olan bir şeydir. İnsanlar bir-birilərinə etibar edə bilmirlər. Doğrudan da Azərbaycanda biznes elə strateji obyekdir ki, orada mütləq şəkildə məlumatlar müəyyən səbəblərdən gizli qalmalıdır. Amma ki, düşünürəm ki, artıq bu yanaşmanı da aşmaqdayıq. Biz bilirsiniz ki, profaylinqlə məşğul oluruq, tez-tez qohumların bir-birilərindən necə oğruluq etdiklərini aşkar edir, görürük. Bu gün onların da sayı azalmaqdadır. BİF2018-də kifayət qədər idarəçilər var, düşünürəm səslənən fikirlər onlara da təsir edəcək və gələcəkdə qohumlarla işləməyi kənara qoyacaqlar. Amma lazım olsa biznesdə qohumdan-layiqli insandan istifadə də bilərik.


- Sizə görə ən uğurlu idarəetmə modeli necə olmalıdır?


Mənim həyat devizim insanlara fayda verməkdir. Əgər bir insan idarəedicidirsə, o fayda verməlidir. Birinci, növbədə şəxsi nümunəvi rəhbər olmalıdır. Çünki hər bir işçi rəhbərinə oxşamaq istəyir ki, irəli getsin. İkinci, faydalı rəhbər olmalıdır, üçüncü isə insana yol göstərən olmalıdır. Faydalı dedikdə, onun şəxsi inkişafı ilə maraqlanan, ona lazım olsa, işçilərinə pul yatırımı edən, gələcəyini düşünən rəhbərdən söhbət gedir. Mən ideal rəhbərə belə baxıram. Bizim də şirkətimiz var. Biz də maksimum bu istiqamətdə çalışırıq. Şirkətimizin devizi də bu yönümdə qurulub: İnsanlara yalnız və yalnız xidmət göstərmək. Onları öyrətmək və dəyişmək. ..