Facemark.az Biznes İdarəçilyi Forumu (BİF2018) çərçivəsində RDC MMC -nin Baş Direktoru Kamran Eyyubov ilə olan müsahibəsini təqdim edir.
- Liderdə nə vaxt emosional çöküş baş verir və o anda hansı qərarı qəbul etməlidir?
Əgər lider dəyişmirsə: bilik, bacarıq, komandasını genişləndirmədən eyni səviyyədə qalırsa onda durğunluq baş verəcəkdir. Lider özündə emosional çöküşün baş verdiyini hiss etdikdə, fəaliyyətini davam etdirib, etdirməyəcəyi ilə bağlı qərar qəbul etməlidir. Fəaliyyətini davam etdirmək istəyirsə, dəyişikliyə getməlidir. Yox əgər istəmirsə, o zaman yolunu dəyişməli, həyatında yeni mərhələyə qədəm qoymalıdır.
- Siz çıxışınız zamanı Riçard Levisin araşdırmasına, əsasən bir sıra idarəetmə modellərindən bəhs etdiniz. Azərbaycana uyğun ən yaxşı idarəetmə modeli hansı ola bilər?
Azərbaycan 30 ilə yaxın müstəqilliyi olan dövlətdir. Ona görə də öz modelimizi seçməliyik. Aydın məsələdir ki, bizim qonşuların müəyyən təcrübələri var. Rusiya, Türkiyə, Avropa dövlətlərinin təcrübəsi mövcuddur. Məncə, biz onların sintezini yaradıb, öz mədəniyyətimizə uyğun bir idarəetmə sistemindən istifadə etməyimiz daha düzgün olardı.
- Məsələn, necə bir sistemdən söhbət gedir?
Ən azı bizim cəmiyyətdə insanların bir-biri ilə yaxın olma prosesinin qarşısını almaq mümkün deyil. Çünki biz təxminən 10 milyonluq bir əhaliyik. İstər istəməz burada müəyyən qohumluq, dostluq münasibətləri, biznes prosesində olacaqdır. Bu, qaçılmazdır. Amma biz, məsələn, sistemli yanaşsaq, məsuliyyət götürsək, o məsluliyyətin arxasında dayana bilsək, qərar qəbul etsək; bu kimi nüanslardan əgər faydalana bilsək, o zaman idarəetmə sistemi düzgün olacaqdır.
İstənilən halda iyerarxiya vacibdir. Yuxarıdan aşağıya doğru mesaj gəlməlidir, aşağıda müəyyən işlər görülüb, geriyə, yuxarıya doğru qalxmalıdır. Fransız modelinin müəyyən tətbiqi, bəzi mərkəzləşdirilmiş qərar sisteminin yaradılması çox vacib ola bilərdi.
- Kamran bəy, insanın xarakteri onun lider kimi yetişməyinə necə təsir edir?
Liderin əslində bir xarakteri yoxdur. Müəyyən insanlar var ki, onlar çox təzyiq tətbiq edir, aqressiv olur, daha çox nəticəyə yönəlmiş olurlar. Bəzi insanlar isə əksinə, daha mülayim olur və o mülayimliklə insanları öz ətrafında toplaya bilir. Məncə, liderin əsas keyfiyyəti ondan ibarət olmalıdır ki, o effektiv olmalıdır. O, ətrafı ilə yaxşı danışa bilməli, onları başa düşməlidir. Onlara öz fikirlərini izah etməyi bacarmalıdır. Ən əsası, lider çalışmalıdır ki, orada yaranmış abu-havanın təsirini öz üzərinə götürə bilsin və başa düşsün ki, orada nə tələb olunur. Ona uyğun nəticə və qərarlar versin.
- Spikerlərin çıxışlarından sonra, insanda belə bir fikir yaranır ki, lider olmaq üçün sırf şirkət rəhbəri, dövləti idarə etmək lazımdır. Sizin bu məsələdə mövqeyiniz nədir?
Xeyr. Nə ölkəni, nə şirkəti, nə qurumu idarə etməyə ehtiyac yoxdur. Sinif şagirdi belə sinifdə lider ola bilər. Hər bir komandanın məşqçisi, böyük bir ailənin gənc, yaxud yaşlı bir fərdi lider ola bilər. Lider insanları öz arxası ilə aparandır. Lider sadəcə, biznesdə, qurumda olan rəhbər deyil.