Facemark.az-ın “Bank Respublika”nın marketinq direktoru Əli Daşdəmirov ilə bankın təmassız ödənişlər ilə əlaqədar hazırladığı ikinci reklam çarxına dair müsahibəsi.
- Əli bəy, sualıma keçmədən öncə Sizi DMC2018-də (Dijital Marketinq Konfransı) spiker kimi uğurlu çıxışınıza görə, təbrik edirəm. Sualım isə belədir. “Bank Respublika”nın təmassız ödənişlər ilə bağlı hazırladığı ikinci reklam çarxı ilk dəfə eksklüziv olaraq DMC2018-də təqdim edildi. Bu seriyadan olan birinci reklam çarxı bazar üçün kifayət qədər böyük, 1 100 000 baxış yığmışdı. Eyni mövzu üzərindən ikinci reklam çarxının ərsəyə gətirilməsi hansı ehtiyacdan yarandı?
Təşəkkür edirəm. Doğru qeyd edirsiniz ki, bankın təmassız ödənişlər ilə bağlı hazırladığı birinci reklam çarxı reklamsız 1 100 000-dan çox baxış, o cümlədən xeyli şərh yığıb. Ümumiyyətlə, bu çarx hamıya xoş oldu, bəyənildi, baxıldı. Hamı nəyisə sanki davamlı olaraq gözləyirdi. Biz şərhlərə görə, insanları 3 kateqoriyaya böldük. Birinci, insanlar “PayPass”, “PayWave” texnologiyaları barəsində xəbərsiz idilər, ikinci insanlar bu ödəniş sistemi haqqında məlumatlı idilər, amma onun Azərbaycana gəlməsi barəsində xəbərləri yox idi. 3-cü kateqoriyadan olan insanlar isə sadəcə deyirdilər ki, Azərbaycana hələ indi gəlib çatıb.
Ümumiyyətlə, çıxışımda da qeyd etdiyim kimi hər bir uğurlu influencer ilə iş davamlı olmalıdır. Düşünürəm ki, biz bazardakı nəbzi tutmuşuqsa, bundan axıra kimi də istifadə etmək lazımdır. İstəyirik ki, “PayPass”, “PayWave” texnologiyaları məhz “Bank Respublika” brendi ilə assosiasiya olunsun. Bu, zənnimcə uğurlu bir yoldur.
Biz Taleh bəylə görüşdük, marketlərdən sonra yanacaqdoldurma məntəqələrində kartla ödəniş edildikdə qarşılaşılan situasiyaları gündəmə gətirməsini istədik. Taleh bəy də maraqlı ssenarini bizə təqdim etdi. Bunu sadəcə çəkməmək olmazdı. İkinci reklam çarxında da vurğuladığımız sektorda da təmassız ödənişlər ilə bağlı problemlər var. Məsələn, sürücü ödəniş etmək üçün RƏİS-in POS-Terminalı gətirməsini gözləməli olur. Əslində isə ödənişin özü rahat və bir neçə saniyə davam edir. Amma bəzi xidmət sektorlarında olan situasiya bu məhsulun maraqlı şəkildə görsənməsinə bir az əngəl törədir, biz də bu problemləri öz xeyrimizə çevirdik. Gülməli yumor ilə öz məhsulumuzu reklam etdik.
İkinci reklam çarxının çəkilməsi ilə bağlı sualınıza gəldikdə isə, istəyirik ki, bu mövzunu davamlı olaraq inkişaf etdirək. Bu son deyil! İnşallah, yeni ildə də təmassız ödənişlə bağlı “Mastercard” ödəniş sistemi ilə birgə aksiyalarımız olacaq. Bir nüansı vurğulayım ki, hazırda “Mastercard” ödəniş sistemi “Bank Respublika”ya təmassız ödəniş sisteminin təbliğatında çox dəstək olur. Bununla bağlı olaraq banka bu istiqamətin Azərbaycanda da inkişafı üçün müəyyən büdcə də ayrılıb. Burdakı növbəti addımlarımız da məhz təmassız ödənişlər ilə bağlı olacaq.
İstəyirik ki, insanlar həqiqətən təmassız ödənişlərdən həzz alsınlar, ödənişlər tez olsun, insanlar vaxt itirməsinlər. Əsas məqsədimiz budur ki, bu istiqamətdəki təbliğatımız viral hala gəlsin, hamı başa düşsün ki, belə ödəniş sistemi əslində supermarketdə, YDM-lərdə, restoranlarda, xaricdə çox sadə, rahatdır. Sadəcə bir toxunuşla bu əməliyyatı yerinə yetirmək olar. Taleh bəyə də bu işdə bizimlə olduğuna görə, təşəkkür edirik.
- Sirr deyilsə, “MasterCard” “Bank Respublika”ya nə qədər büdcə ayırıb?
Təəssüf ki, bu kommersiya sirri olduğundan dəqiq rəqəmlər barəsində açıqlama verə bilməyəcəyəm. Onu deyə bilərəm ki, birinci reklam çarxımızdan sonra, “MasterCard” “Bank Respublika”ya, həm büdcə, həm də sistemin inkişafı üçün dəstək olmaq üçün təşəbbüslərini irəli sürdülər. “MasterCard” öz tərəfindən lazım olan bütün addımları atır ki, təmassız ödəniş sistemi Azərbaycanda daha da təkmilləşsin. Bəli, bu işdə tək deyilik, “MasterCard” bizimlədir.
- Yuxarıda da qeyd etdiyimiz kimi, birinci reklam çarxı 1 100 000-dan çox baxış sayı yığıb. İkinci reklam çarxı ilə bağlı marketinq komandası olaraq proqnozlarınız necədir?
Əslində, həmişə deyirlər ki, birinci hissə daha uğuru olur. Nəinki ikinci. Sözün açığı bu istiqamətdə proqnoz vermək çətindir, amma inanıram ki, uğurlu olacaq. Rəqəm barəsində konkret gözləntimiz olmasa da, yəqin ki, 1 000 000 -a çatar. Onu da əlavə edim ki, biz kənardan reklam çarxımız ilə bağlı yaxşı geridönüş alırıq.
- Dediyiniz kimi bu seriyanı davam etdirmək niyyətindəsiniz. Növbəti reklam filmində başqa bir influencer ilə işləməyi planlaşdırırsınızmı?
Düşünürəm ki, bazarda kifayət qədər influencer var ki, onlar ilə işləməyə dəyər. Rəy liderləri ilə, istər video, istərsə də, post kimi maraqlı kontent yaratmaq olar. Amma hələ ki, influencer dəyişikliyi ilə bağlı konkret bir fikir yoxdur. Amma yəqin ki, gələcəkdə ola bilər.
- Çıxışınız da da qeyd etdiniz ki, “Bank Respublika” Taleh Yüzbəyovun ssenarisinə müdaxilədən qaçıb. Sizcə, reklam filminin uğurlu olmasına elə bu nüans səbəb oldumu?
Əsasən, bir çox şirkətlərin influencer ilə əməkdaşlıq nəticəsində ərsəyə gətirdikləri, reklam filminə baxanda görürsünüz ki, film başdan-ayağa reklamdır. Həmin çarxda sima brendə inteqrasiya olunub. Düşünürəm ki, artıq insanda belə videolara axıra qədər baxmaq üçün maraq qalmır. Onu da vurğulamaq yerinə düşər ki, tamaşaçı reklam çarxına “Bank Respublika”ya görə deyil, Taleh bəyə görə baxır, tamaşaçı üçün maraqlıdır ki, “Taleh bəy, bu dəfə nə çəkib? Açaq baxaq”. Əslində, belə reklam çarxlarında insan emosional pikdə olanda brend çıxış etsə daha yaxşı olar. Belə brend ilə influencer, məhsul arasında əlaqə yaranır, məhsul daha çox yadda qalır. Başqa bir tərəfdən isə hər bir influencer öz formatını özü daha yaxşı bilir.
Biz onun formatına öz qaydalarımızı qoyanda artıq çətinlik yaranır. Alıcı məhsulu almır, o məhsulun reklamı olmur. Belə ki, bank sadəcə film çəkir, Taleh bəy, ya da başqa bir influencer onu öz səhifəsində paylaşır. Ona görə də, bu çox vacib məsələdir. Formatdan qaçmamaq, eyni formatda getmək lazımdır. Hekayə və brend ayrı-ayrıdır. Bir hekayə var, biz də onun içindəyik. Ən vacibi elə bir hekayə yaratmaqdır ki, hamı üçün maraqlı və aktual olsun. Orda öz brendini, 5 saniyə də olsa təqdim etməyi bacarmalısan. Çünki əsas odur ki, reklam filminə insanlar baxsın, maraq yaransın, viral olsun və WOW effekti yaratsın. Əgər bunlar baş verirsə, deməli brend məqsədinə çatıb.
- Bank Respublika”nın rəsmi platformalarında reklam filminə nə vaxt görəcəyik?
İnşallah, növbəti həftədən (dekabrın əvvəlində).
- DMC-də reklam çarxı yayımlanan zaman auditoriyanın reaksiyasını necə qiymətləndirirsiniz?
Çox maraqlı idi, alqışlar, 4 dəfə gur alqış eşitdik. Məncə, alqışlar çox şeydən xəbər verir.
Agentlik: Fil Agency
İstehsalçı: YÜZ production, Taleh Yüzbəyov
Müştəri: Bank Respublika