Fəvvarələr bağında Yeni il yarmarkası fərqli ovqat yaradır.


Rənglər, dadlar, məhsullar...


Nağıl istəyir könül...


Fəvvarələrdən aralanırsan...


Ətrafda klassik vitrinlər, yapışıqsız endirimlər...


Pərişan Şam ağacı, darıxan fiqurlar və qəmli hədiyyələr...


Butaforiya...Ruhsuz... Nağılsız...


İnsanlar sevinəndə xoşbəxt olurlar...


Qarşıdan Yeni təqvim ili gəlir. Tale elə gətirib ki, Yeni il bizim tariximizdə də özünəməxsus yer tutub. Bu bayramın da bizim ictimai şüurumuzda öz yeri var. Bu barədə çox danışmaq və mübahisə etmək olar. Amma bir şey tam aydındır ki, bu bayrama bizim necə münasibət bəsləməyimizdən asılı olmayaraq, o, insanlara yalnız sevinc gətirir.


Gətirirmi?


O bayram ki, insan həyatına bir yenilik və doğmalıq gətirir, insanların ovqatına müsbət təsir göstərir, ölkə sakinlərini daha mehriban və nəvazişli olmağa çağırır, bütün həmvətənlərimizi həmrəyliyə səsləyir, deməli, onu növbətçi bayram kimi deyil, əlamətdar hadisə kimi dəyərləndirmək daha doğru olardı.



Hər şeyin yenisi, bayramın köhnəsi, amma yeni boyalarla


Digər tərəfdən, insanların həyacana və yüksək əhvali-ruhiyyəyə kökləndikləri vaxtlarda, daxili gərginlik azalır, daha yaxşı şeylərin alış-verişini etmək istəyi baş qaldırır, onlar özlərini və əzizlərini yaddaqalan, dəyərli hədiyyələrlə sevindirmək istəyirlər.


Əslində bu bayramın Yeni il olaraq meydana gəlməsi də maraqlıdır. Ehtiyac içərisində olan və hədiyyə uman kiçik yaşlı uşaqların qəlbini qırmamaq və onları sevindirmək istəyi ilə Nikolay tərəfindən soba buxarısından atılan corablarda olan hədiyyələrin hekayəsi üzərində qurulmuşdur. İnsanın sevincini-qısamüddətli olsa da belə vəsf edən bir bayramı doğru dəyərləndirmək bizim tolerantlığımızın təcəssümüdür. Biz başqalarının bayramında da öz bayramımız kimi sevinə bilirik.



Biznes üçün bayramlar satış artımı fürsətidir


Bu gün biznes dünyası üçün bayram isə hər şeydən öncə satış fürsətidir. İndi insanları daha ucadan, daha rəngarəng və yaddaqalan mesajlarla alşı-verişə dəvət etməyin zamanıdır. Mən marketinq direktoru olduğum zamanlarda hər il bizim qida sektoru mağaza-kafelərinin satışı məhz Yeni ildə ən yüksək səviyyəsinə çatırdı. Bu bayramı xüsusi səbirsizliklə gözlədiyimizi və onu maksimum effektli nəticə ilə yola verməyimizi də heç kimdən gizlətmirdik. Biz bu bayrama bütün il ərzində hazırlaşırdıq. Çünki bizim satışların apogeyi bu bayrama təsadüf edirdi. Onu yalnız Novruz Bayramı satışları ilə müqayisə edə bilərdik.



Bu ərəfədə postsovet məkanında bir nostalji duyğu baş qaldırır və hər kəs bu durumdan ciddi faydalanmaq istəyir. Gözəl reklamlar çəkilir, aksiyalar keçirilir. Şirkətlərin böyükləri, transmilli brandlər daha çox imicə yer verirlər və bütün reklamlarında önəmli mesaj səmimiyyət və bayram əhval-ruhiyyəsi ilə ənənəvi dəyərləri bir daha xatırladılmasından ibarət olur.


Nisbətən kiçik, orta və böyük yerli biznes isə daha çox stimullaşdırıcı aksiyalara müraciət etməklə satışı maksimuma yüksəltmək istəyir. Bu mərhələdə iç və çöl reklamlarının aktivləşdiyi müşahidə olunur. İnteryer və eksteyerdə reklam mesajlarının sayı artır. Vitrinlər sadəcə bəzədilmir, onlar effektiv reklam məcralarına çevrilirlər.



Bayramda satışın motivasiyası inanılmaz dərəcədə yüksəkdir


Satış nöqtələrində reklam və satışa yönəlik təşviq materiallarının sayı inanılmaz dərəcədə artır. İnternet üzərindən və stasionar dijital daşıyıcılardan daha aktiv və ünvanlı istifadə olunur. Bu zaman başlıca istək insanlarda son dərəcə yüksək əhval-ruhiyyə yaratmaqdır və kütləvi bayram sevincinə kökləyərək elektrikləşdirməkdir.


Yadda saxlamaq lazımdır ki:


- Yeni il on illər boyu MDB məkanında 250-270 milyon insanı öz ağuşuna alan bir kütləvi şənlik dövrü və alış-verişin zirvə zamanıdır;


- endirimlidir, bonusludur, sərfəlidir, məqbuldur, məhsulların anbar sayı ilə məhduddur, satışı tükənməkdədir kimi aksiyalardan maksimum faydalanmaq lazımdır;


- müsabiqələrin ən əlverişli məqamıdır və rəqəmsal media burada ucuz və yüksək effektli kommunikasiya aləti kimi səmərə verəcəkdir;


- uşaqlara hədiyyə, qadınlara hədiyyə, rəislərə hədiyyə, sevdiklərinizə hədiyyə, analara hədiyyə hədəfləri üzrə məhsulların qruplaşması hədiyyə arayanların naviqasiya imkanlarını asanlaşdıracaqdır.



Rəqəmlər yorur, amma aldatmır


Rusiyanın nümunəsində hədiyyə alışının dinamikası belədir: dekabra kimi – 13 faiz; 1-15 dekabr – 18 faiz; 16-31 dekabr – 66 faiz; yanvarda – 3 faiz.


Alış-veriş üçün önəmli əhəmiyyət kəsb edən məhsul kateqoriyalarında üstünlük məişət texnikasına, hədiyyə və suvenirlərə, yemək çatdırılmasına, paltar və ayaqqabıya və ağıllı hədiyyələrə (sertifikatlar, kurslar), eləcə də tur və səyahətlərə, əyləncələrə, çiçək buketlərinə, şirniyyata və zərgərlik məmulatlarına məxsusdur.


Yeni il bayramı günlərində bütün daşıyıcı və məcralarda mövcud olan media dinamikasını yumşaltmaq olmaz və gərginlik bayramın sonuna kimi qalmalıdır. Bunun dörd səbəbi vardır: Birincisi, bonuslar, mükafatlar, 13-cü əmək haqqı və kommissiya faizləri sərbəst pul vəsaitlərinin olmasına zəmin yaradır;


İkincisi, mövsümi və endirimli satışlar, bayramdan sonrakı günlərdə də endirimlər qaldığı halda insanlar həvəslə mağazalara gəlir və alış-veriş edirlər;


Üçüncüsü, tətil günləri sayəsində asudə vaxtın olması hədiyyə almaq üçün insanların satış nöqtələrinə gəlişinin davam etdiyi bir dövrdür;


Dördüncüsü, rəqabətin azalması faktorudur, belə ki, bayram günlərində media satınalma qiymətlərinin yüksək olması orta və kiçik biznesi gözləməyə vadar edir və yanvarda onların aktivləşməsi müşahidə olunur.



Bu gün reklamın reklamıdır, yoxsa reklamın bayramı?


Burada bir haşiyəyə ehtiyac var. Məncə, son illərin təcrübəsi göstərir ki, bizdə Yeni il bayramı reklamlarında kifayət qədər intensivlik, energetika və kreativ hiss olunmur. Amma öncəki ilərdə, istər TV, istərsə də çöl reklamı, habelə satış nöqtəsində stimullaşdırıcı reklam daha rəngarəng və baxımlı idi. Üstəlik, Həmrəylik günü ilə bağlı da ruh yüksəkliyi nəzəri cəlb edirdi.


İstər audio-video və istərsə də vizual daşıyıcılarda bir axtarış səyləri duyulurdu, hamı hər işi sanki daha yaxşı, gözəgəlimli etmək istəyirdi...


Hər şeyi tünd boyalarla təsvir etmək istəməzdim. Hələ vaxta var. Hələ gec deyil. Hələ satışa təkan verəcək kreativ işlərin olacağına ümidimiz qalır. Sosial mediada, internet üzərindən satış və reklamlarda da kontent baxımında kreativliyin fərqliliyini hiss edəcəyimizi heç bir halda istisna etmək olmaz.


Ümumi bayram fonununun yaradılması və bu bayramın yaddaqalan olması hər birimizdən asılıdır. Gəlin uşaqlara unudulmaz bayram anları və əzizlərimizə dəyərli hədiyyələr bəxş edək.



Hər kəsə yaradıcılıq uğurları və zəngin bazar payı arzusu ilə,


Teymur Məmmədov,


Kreativ Direktor