Facemark.az-ın “Brandup” reklam agentliyinin rəhbəri Aynur Xan ilə olan müsahibəsi:


- Aynur xanım, xoş gördük. Öncə sizi Dijital Marketinq Konfransında (DMC2018) uğurlu çıxışınıza görə təbrik edirəm. Konfransın sual-cavab hissəsində sanki iştirakçıların “sual atəşi”nə tutulmuşdunuz. Öncə bu sualdan başlayaq: Agentliyə necə gəldiniz?


Xoş gördük. DMC-dən xeyli vaxt keçsə də çıxışımın sual-cavab hissəsi hələ də bitməyib. Demək ki, hal-hazırda agentlik-müştəri münasibətlərində həqiqətən ciddi problemlər var.


2015-ci ildən öncə də birlikdə çalışdığım və mənə çox motivasiya verən Tamerlan İsmayılova agentlik bazarını araşdırmaqda kömək etmişdim. Az keçmişdi ki, Brandup agentliyi yarandı və mən 1-2 həftəlik dəvət aldım. Vəzifəm yeni işə götürüləcək şəxslərə rəqəmsal marketinqin sirrlərini öyrətmək olsa da, işin çox dinamik və maraqlı olması məni bu günə kimi burada saxladı.



- Agentlik təcrübəsi olan insanlar deyir ki, rəsmi 1 il işləsəm də əslində bu sahədə 2 illik iş təcrübəm var. Yəni agentliyin işi 09:00-dan 18:00-a bitmir. Nəticədə 1 il agentliklə əməkdaşlıq etsən də günün əksər zamanında çalışdığına görə bu 2 il edir. Bəs sizin aspektinizdən agentlikdə çalışmağın asan və çətin tərəfləri hansıdır? Qayğılarınız nələrdən ibarətdir?


Mən agentlik təcrübəsinə fərqli yanaşıram. Burada şəxsin gün ərzində neçə saat işləməsi deyil, eyni zamanda müxtəlif şirkətlərlə iş görməsi üstünlükdür. Məsələn, mənə elə gəlir ki, bu günə kimi 20-dən çox yerli və 10-dan çox qlobal şirkətdə rəqəmsal marketinq mütəxəssisi olaraq çalışmışam. Bu işin həm çətin, həm də maraqlı tərəfidir. İşlədiyin bütün brendləri eyni dərəcədə sevmək, qayğı göstərmək və hər müştəriyə onun özəl olduğunu hiss etdirmək çətindir və bu əlbəttə ki, hər kəsdə alınmır.


- Narazı müştəri həm də emosionaldır. Zəhmət olmasa, bizə agentliklə müştəri münasibətlərinin məhz emosional tərəfindən danışardınız. Belə müştəriləri yenidən necə qazanmaq olar?


İnsan nə vaxt emosional davranır? O hiss edir ki, onu aldatmağa çalışırlar və ya o fikirləşir ki, onu heç kim başa düşmür. Bu hər iki halda bir qorxu hissidir və biz mütləq müştərini axıra kimi dinləməliyik, onun qorxularını aradan qaldırmaq üçün addımlar atmalıyıq. Yollarımızı ayrı salmağa qərar vermişiksə, bunu da gülümsəyərək etməyi bacarmalıyıq, çünki məhz bu müştəri bizə nəyisə öyrətdi və biz gələcəkdə məsələnin bu dərəcəyə çatmaması üçün nə edəcəyimizi əvvəlcədən biləcəyik.


- Agentliyin müştəriyə böyük “Yalan Vəd”lərindən danışardınız. Bazarda müşahidə etdiyiniz belə məqamlar olubmu və həll yolu nədir?


Bu mənim yaralı yerimdir. Təəssüf ki, bu hallar çox baş verir və bunu qısa müddətli məqsəd qoyan agentliklər edirlər. Həmin agentliklər qarşılarına sadəcə işi götürmək kimi məqsəd qoyurlar. Bundan qorunmaq üçün mütləq şəkildə işə başlamazdan öncə strategiya təqdim edilməli və gözlənilən nəticələr təsdiq olunmalıdır. Bu mövzuda mütəmadi bloqlar yazıram, çalışacağam ki, imkan olan platformalarda bu mövzuya toxunum, şirkətləri maarifləndirək. Bu məsələ ümumi agentlik bazarına ciddi təsir edir və münasibətlər daha da mürəkkəbləşir.


- Bazarda belə bir fikir formalaşıb “200 manatlıq SMM şirkətləri”. Niyə bu fikir var və bütün yaxşı agentliklərə bu adı qoymaq düzgündürmü?


Nəinki 200, artıq 100 manata da SMM xidmətini göstərən “agentliklər” mövcuddur. Azərbaycan üçün bu yeni sahədir və çoxları üçün bu sadəcə səhifədə şəkil paylaşmaqdan ibarətdir. Bu fikirdə olan, həm xidmət göstərən, həm də xidmət alan şirkətlər var. Onlar da bir-birini tapırlar və tez bir zamanda ayrılırlar, çünki sifarişçi nəticə görmür. Ümumiyyətlə baxdıqda isə, Azərbaycanda bu xidmətin qiyməti çox aşağıdır. Avropa, ABŞ, Türkiyə kimi ölkələri demirəm, hətta Gürcüstanda belə qiymətlər bizdən 2-3 dəfə yüksəkdir. Səbəblər və onların həll yolları bəllidir, amma bu uzun məsələdir, oxucularımızı yormayaq J


- Rəqiblərinizi yaxından tanıyır, onların fəaliyyətini izləyirsinizmi?


İnkişaf üçün bu mütləqdir. Biz, həm öz rəqiblərimizi, həm qlobal agentliklərin işlərini, həm də işlədiyimiz brendlərin rəqiblərini izləyirik. Bu bizə, həm trendləri izləmək, həm də təsadüfən belə olsa təkrarçılıq etməmək imkanı yaradır.


- Aynur xanım, sözsüz ki, bazar çox kiçikdir, marka rəhbərləri agentlikləri, agentlik rəhbərləri də markaları çox yaxşı tanıyırlar. Təsəvvür edin ki, müştəri agentliklə əməkdaşlıq edir, amma müəyyən nöqtədən sonra nazarı qalır, amma bu narazılığını “bir-birimizi” tanıyırıq deyə bildirmir. Bu situasiyanın baş verməməsi üçün “müştərilərin səsi”ni davamlı olaraq dinləyirsinizmi? Bu istiqamətdə nələr edirsiniz?


Müştərinin istəyini başa düşmək üçün mütləq onunla dost olmağa çalışırıq. Bu dostluq da həyatdakı kimi etibar, səmimiyyət və dürüstlük üzərində qurulur. Demək olar ki, işlədiyimiz şirkətlərin böyük bir qismi bu münasibətlərin nəticəsində bizimlə əməkdaşlığını davam etdirir. Hesab edirəm ki, qarşınızda dost-müştəri və ya müştəri-dost olmasından asılı olmayaraq işə yanaşmamız dəyişməməlidir və hər şey peşəkar sistemə bağlanmalıdır. Bunun üçün şirkətdən mütləq mütəmadi olaraq fikir öyrənilməlidir. Hərçənd ki, bu həmişə alınmır, son nəticədə susan dost səndən uzaqlaşmağa başlayır və hər hansısa bəhanə ilə səni tərk edir. Yeri gəlmişkən suallar açıq verilməyə də bilər və ya üçüncü şəxs vasitəsi ilə də bunu öyrənmək mümkündür.


- Aynur xanım, agentliyi agentlik edən dizayner, videoqraf, kopirayter və s.-dir, amma müşahidələrimiz göstərir ki, bacarıqlı və istedadlı belə insanlar agentliyə uzun müddət bağlı qalmaq istəmirlər. Onları agentlikdə necə saxlamaq olar?



Düşünürəm ki, biz bu tendensiyanı qıra bilmişik. Hal-hazırda bizimlə çalışan əməkdaşların bir hissəsi agentlik yaranandan bizimlədir, digər bir hissəsi isə uzun müddətdir bizimlə çalışır. Düşünürəm bu uzunmüddətliliyi yaradan faktorlar var, məsələn, şirkətdəki ab-hava, rəqabətli əməkhaqqı, şərait, işin özünün maraqlı olması, inkişaf. Əgər əməkdaşımız digər agentliyə keçid etmək istəyirsə, bu artıq mənim üçün böyük problemdir, çünki bu o deməkdir ki, biz onun istəklərini qarşılaya bilməmişik, bəlkə də hardasa səhv edirik. Həmin əməkdaş sırf sizdən, gördüyü işdən, kollektivdən, işlədiyi şirkətlərdən, inkişafından, maaşından narazıdır və bunu qarşılayan digər agentlik artıq mövcuddur. Digər tərəfdən agentlik həyatı çox dinamik və stresslidir, bundan yorulan əməkdaşlar bir müddətdən sonra özlərini yalnız bir brendə bağlamaq istəyə bilirlər. Bunun qarşısını ala bilməsək də, bu proseslərə hardasa təsir edə bilərik deyə düşünürəm. Komandanın üzvləri hər dəfəsində daha yaxşı iş görəndə, yeni bir şey öyrənəndə, faydalı olduğunu hiss edəndə, buna görə təşəkkür (maddi və mənəvi) aldığında və ən əsası agentlikdə yaradılan ab-havanı sevəndə bizimlə daha çox qalmağı istəyəcək deyə düşünürəm.


- Başa çatmaqda olan 2018-ci il təmsil etdiyiniz agentlik üçün necə yadda qaldı? Hansı işlərə imza atdınız? 2019-cu ildən gözləntiniz nələrdir?


Ümumi 2018-ci il agentliyimiz üçün uğurlu oldu deyə düşünürəm. Rəqəmsalda qlobal brendlərlə işlərimiz, Behance platformasında dizaynlara görə aldığımız mükafatlar oldu, xarici ölkələrdən, həm brendinq, həm də vebsayt üçün işlər gördük. Bu il komandamız bir az da böyüdü. Yeni təqvim ilindən bəzi xidmətləri çıxarmaq və onları yeniləri ilə əvəzləməyi düşünürük, həmçinin 2019-cu ilin bizim üçün xarici bazara daha böyük addım atmağımızla yadda qalmasını istəyirik, bunun üçün işlərə başlamışıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik!


- Aynur xanım, bu gün gənclər arasında agentlikdə çalışmaq arzusu, sanki əvvəlki illərlə müqayisədə daha populyardır. Gələcək karyerasını məhz agentlik ilə bağlamaq istəyən gənclərə agentlik rəhbəri kimi nəyi tövsiyyə edərdiniz? Hardan başlamalı?


Gələcək karyerasını agentliklərlə bağlamaq istəyənlərə tövsiyəm ondan ibarətdir ki,


1) Çox oxumaq, filmlər və seriallar izləmək


Reklam agentlikləri maraqlı insanları axtarır, o insanları ki, dünyagörüşləri geniş, baxış bucaqları fərqlidir. Düşünürəm ki, bu sizə durmadan maraqlı ideyalar istehsal etməyə və gələcəkdə işlədiyiniz şirkəti təmin etməyə imkan verəcək.


2) Araşdırma etmək


Qlobal və yerli reklam agentliklərinin, böyük şirkətlərin işlərini izləməlidirlər, bu mütləq həmin şəxslərdə kreativ yanaşmanı formalaşdırmağa kömək edəcək, ümumiyyətlə bundan əlavə, bundan əvvəl edilənlərlə tanış olmaq mütləqdir.


3) Şəbəkələşmə


Ölkədə keçirilən tədbirlərə, forumlara maksimum çox qoşulmaq və mütləq orada fərqli insanlarla tanış olmaq lazımdır. Sosial şəbəkələrdən də bu əlaqəni qurmağa başlamaq bu prosesi tezləşdirməyə kömək edəcək.