Facemark.az-ın ForHome, Mutfakçı və Belissa mağazalar şəbəkəsinin sahibi, iqtisad üzrə fəlsəfə doktoru İlkin Manafovla olan müsahibəsi:
- İlkin bəy, Azərbaycanda uğurlu marketinq və biznes karyerasını necə qurmaq olar?
Əvvəla, Facemark kimi sayt yaratdığınız üçün Sizə və əlbəttə belə bir platforma ortaya qoyan şəxslərə təşəkkür etməyi özümü borc bilirəm. İnanın ki, çox super bir sayt yaratmısınız. Ölkəmiz üçün, marketinq üçün faydalıdır.
Suallınıza cavab vermək üçün, məncə “uğurlu” sözünü düşünmək lazımdır, ona tərif vermək lazımdır. Hər kəs uğuru bir cürə başa düşür. Mənim gözümdə uğur faydalı olmaqdır. İnsan özünə, sevdiklərinə və ətrafına faydalı olduğu anda uğurlu olur.
Hesab edirəm ki, Azərbaycanımızda (digər ölkələrdə olduğu kimi) uğurlu karyera qurmaq üçün, mütləq və mütləq sevdiyin işdə olmaq lazımdır. Yalnız bu zaman insan, nəticə əldə edə bilir. Mən özüm nə dərəcədə uğurlu olub – olmadığımı bilmirəm, gördüyüm işi inanılmaz dərəcədə sevirəm. İşimdən həzz alıram.
- Yerli bazarda yeni brend yaratmaq üçün nələri bilmək lazımdır?
Məncə, ilk bilməli olduğumuz şey odur ki, brend biznesin quludur. Heç bir şəkildə əksi deyil. Brend biznes hədəflərinə xidmət etməlidir, əksi olduğu halda, problemlər çıxır. Şirkətdə brend menecerlər başa düşməlidirlər ki, onların əsas məqsədi brend qurmaq deyil, brend vasitədir. Məqsədi tapıb ona doğru hərəkət etmək birinci şərtdir.
Daha sonra, brend qurmağın düsturu və alqoritmi yoxdur. Olada bilməz. Brend fərqlənmə qabiliyyətidir. Əgər bir şeyin adı – fərqlənməkdirsə onu necə təsvir etmək olar. Məncə, müştərini başa düşmək və onun real ehtiyacını bilib ona uyğun bazarda olmayan dəyər yaratdıqda brend yaranır.
- Şərik bizneslərə olan münasibətiniz? Qohumla şərik olmaq olarmı?
Şəriksiz biznes məncə olmur. Əgər Siz bizneslə məşğulsunuzsa Sizin mütləq bu işi həyata keçirmək üçün partnyorlarınız olur. Bu çox təbiidir. Dünyanın ən böyük şirkətlərinə baxsanız, hər birində şəriklər – partnyorlar olur, var. Əlbəttə, biznesin inkişaf dərəcəsi, həyat tsıklına görə şəriklərə olan tələblər dəyişir. Mənim gözümdə şəriklər biznesin dirəyidir.
Butün bizneslərimdə şəriklər mütəmadi iştirak edir. Hətta yaranmasında birbaşa iştirak etməyən, əməkdaşlarımızda daha sonra şərik statusunda olublar. Bizim butün mağazalarımız şəriklik çərçivəsində işləyir. Hardasa yeni mağaza açanda hər zaman, şərikli açılma versiyasına üstünlük verirəm. Hesab edirəm ki, düzgün seçilmiş şərik biznesə daha dayanıqlı edir.
Qohumlara gəldikdə, burada məsələ bir-az fərqli olur. O məşhur rəvayətdə olduğu kimi, birinin şirkətində boş iş yeri olur. Şirkət sahibi düşünür ki, qohum götürüm, özümünküdür daha az maaş verərəm. Qohum düşünür, öz adamıyam hər halda daha çox verər və s.
Ümumi olaraq praktik cəhətdən qohumla əməkdaşlığa yaxşı baxmıram. Amma əgər, qohum xüsusi biliyə, bacarığa sahibdirsə, sırf qohumdur deyə, işə götürməmək də düzgün deyil.
- İlkin bəy, çoxlarına məlumdur ki, siz uğurlu biznes, bir çox forumların yaradıcı və həmtəsisçisisiniz. Son beş ildə bazarın oyun və qaydalarında hansı dəyişikliklər olub?
Öncə deyim ki, özümü uğurlu hesab etmirəm, düşünürəm ki, uğurlarım növbəti 5 ildə daha ciddi formada görünəcək. Ümumiyyətlə, uğurlu biznes və ya uğurlu biznes adamı ifadəsi çox subyektivdir. Hərənin öz uğur fiksasiyası var. Mənim üçün uğur çalışdığım ölkədə, sektor üçün ən effektiv şirkət qurmaqdır. Düşünürəm ki, hələ bu sahədə gedəcək yolumuz çoxdur.
Forumları gəldikdə, düşünürəm ki, burada qismən də olsa, daha uğurluyam.
Azərbaycanda bazar hər keçən gün müsbətə doğru dəyişir. Hər il ölkəmizdə daha ciddi sahibkarlar, biznes adamları olur. Xatırlayıram əvvəllər bizim forumlarda şirkət menecerləri belə, danışmırdı... Bu gün artıq şirkət sahibləri həvəslə öz biznes sirlərindən bəhs edirlər. Bu bazarın necə inkişaf etməsinin göstəricisidir.
Devalvasiya ölkəmizdə biznesdə olan bir çox, “sabun köpüyünü” aradan qaldıra bildi. Gələcəkdə, daha yaxşı olacağından əminəm.
- Azərbaycanda yeni marketoloq nəsli yetişirmi? Bu sektorla bağlı qayğılarınız nələrdən ibarətdir?
Marketoloq sahibkarın “kiçik qardaşı”, görən gözü olmalıdır. Yerli sahibkarlıq inkişaf etdikcə, əlbəttə, marketoloqlar da inkişaf edir və ya əksinə. Marketoloq biznes dəyər zəncirini sahibkar qədər bilməli, biznesi hiss etməlidir. Yalnız belə olduğu zaman, sistemli marketinqdən, marketinq effektivliyindən danışmaq olar. Marketinq hesabına marketinq heç kimə lazım deyil.
Marketinq biznesdə mənfəətin artmasına çalışmalıdır. Əlbəttə, bunun yeganə yolu, müştəri məmnuniyyətidir. Amma məqsəd – məqsəd olaraq qalır. Hesab edirəm ki, yuxarıda danışdığımız forum, tədbirlər marketinqin inkişafına böyük təkan verir.
Marketinq AİR deyilən bir istiqamət var. Təsəvvür edin ki, bu gün 200-dən çox ölkə şirkətlərində ən azı, 1 nəfər AİR məzunu var. Bu bizim AİR təsis etdiyimiz zaman, missiyamız olan – paylaşmaq konsepsiyasının məhsuludur. Mən AİR-çi məzun görəndə çox sevinirəm. Əminəm ki, Rafiq və Anar müəllimlərdə də bu belədir. Marketinq hər keçən gün, ölkəmizdə daha çox inkişaf etdiyindən əminəm.
- Bu gün şirkətlərə rebrendinq lazımdırmı? Bunun hansı üstün və fəsadları ola bilər?
Düşünürəm ki, bu sualla cavab vermək üçün konkret şirkəti (brendi) təhlil etmək lazımdır. Rebrendinq şirkətin brend dəyərinin dəyişilməsi – yenilənməsi deməkdir. Bunu etmək üçün, əlbəttə, ciddi araşdırmalar və mükəmməl icra lazımdır.
Hesab edirəm ki, brendlər zaman-zaman rebrendinq etməlidir və ya ən azından öz simasını, marketoloqların diliylə desək “facelifling” və ya “restayling” etmək şərtdir. Müştəri dəyişir, bazar dəyişir, ehtiyaclar dəyişir və brendin dəyərləri də mütləq dəyişməlidir.
- Azərbaycanda sponsorluq. Bu barədə danışmağınızı istərdik. Bu gün şirkətlər “pul kisələrinin ağzını” kimə və hansı layihələrə açmağa hazırdırlar? Şirkətinizin sponsor olduğu layihələr varmı?
Sponsorluq brendin ilkin yarandığı vaxtlarda çox effektiv tanıtım vasitəsidir. Düşünürəm ki, sponsorluq brendinq istehlakçıya verdiyi ana dəyərə uyğun olmalıdır.
Brendin dəyərinə uyğun və maliyyə göstəriciləri (CPT və GRP) düzgün olan istənilən istiqamətdə sponsorluq effektiv ola bilər. Pul xərcləməyə dəyər.
Bizim ana fəaliyyətimiz mətbəx mebelidir. Mutfakçı olaraq, həm istehsalçı, həm də satıcı olaraq çıxış edirik. Mətbəxlə əlaqəli olan TV verilişlərinə, jurnallara zaman-zaman sponsorluq etmişik. Gələcəkdə yemək bloggerləri ilə əməkdaşlıq etməyi planlayırıq. Düşünürəm ki, bu çox effektiv olacaq.
- İlkin bəy, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Türkiyə bazarlarında marketinq və satışın idarəedilməsi sahələrində çalışmısınız. Gələcəkdə hansı ölkələrə investisiya etməyi istərdiniz? Və Niyə?
Hələlik yalnız Azərbaycan bazarında sektor lideri olmaq üçün çalışırıq. Buna nail olduğumuz andan, yəqin ki, Rusiya bazarı barədə düşünəcəyik.
- Hansı biznes sahələrinin gələcəyi var? Bu istiqamətdə proqnozlarınız necədir?
Məncə, internetlə əlaqəli, yeni biznes modelli istiqamətlər tezliklə çox perspektivli olacaq. Ən əsası mənə görə, bildiyin, həvəsin olan istənilən sahədə güclü biznes qurmaq olar.
Təşəkkürlər.