Facemark.az Maliyyə və İnvestisiya Forumu (FİF2019) çərçivəsində Forumun həmtəsisçisi, “Baker Tilli” şirkətinin direktoru Niyazi Abbasov ilə müsahibəsini təqdim edir.


- FİF2018 kifayət qədər maraqlı spiker-qonaqlar və kontent ilə yadda qaldı. Hətta bir çox nüfuzlu xarici nəşrlər Bakıda keçirilən ilin maliyyə tədbiri haqqında yazmışdı. Bəs bu il bizi nələr gözləyir?


Bu il də ötən illərdə olduğu maliyyə və investisiya sahəsində gündəmdə olan ən aktual mövzular ətrafında təqdimatlar və müzakirələr olacaq. Bu il devizimiz “Şəffaflıq və İnnovasiyadır”. Forum iştirakçılarını sürpriz yerli və xarici spikerlərlə görüş, yeni tanışlıqlar, maraqlı təqdimatlar gözləyir. Forumu yerli və xarici media qurumları ətraflı işıqlandıracaqlar.


- Forumun sosial şəbəkə üzərindən paylaşımlarına baxdıqda, görürük ki, spikerlərinin bir çoxu artıq müəyyən edilib. Siz həm də bu il keçiriləcək FİF2019-un moderatorusunuz. Spikerlərin, mövzuların seçilməsi zamanı hansı kriteriyalar ön planda olub? Spiker axtarışları davam edirmi?


Bəli, demək olar ki, spiker seçimlərinin əhəmiyyətli hissəsi yekunlaşıb. Spikerlər, əsasən yenilikləri ilə yadda qalan qabaqcıl şirkətlərin, holdinqlərin, bankların, investisiya şirkətlərinin top menecerləri, rəhbər şəxsləri arasından seçilir. Sosial sorğular apararaq auditoriyanın ən çox görmək istədiyi simaları da Foruma dəvət edirik.


- Ötən il Forumun sloqanı “Rəqəmsal Biznes Trendlər” idi? Bu ilki forumun sloqanın seçilməsi bazarın hansı dəyişən tələbləri nəzərə alınaraq seçilib?


Bilirsiniz bu gün dünyada və Azərbaycanda maliyyə və investisiya sahəsində innovativ məhsullarla rəqabət üstünlüyünün əldə edilməsi, blokçeyn, BigData kimi texnologiyaların maliyyə sisteminə tətbiqi, finteklər, nağdsız maliyyə əməliyyatları, offşorlarla mübarizə və şəffaf hesabatlıq əsas tendensiyalardır. Biz də bu tendensiyaları yaxından izləyir və təhlil edirik. Forumun sloqanı, mövzuların, spikerlərin bu səpkidə seçilməsi məhz bununla bağlıdır.


- Ötən ilki forumda biz Dövlət Orqanlarından (Vergilər Nazirliyi) rəsmi simaları da spiker qismində gördük. Bu il Forumda rəsmi nümayəndələrdən kimləri görəcəyik?


Bu il də Vergilər Nazirliyinə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə, ASAN xidmətə məktubla müraciət edilmişdir. Ümid edirik ki müraciətimiz müsbət qarşılanar və bu il də Forumda aidiyyatı dövlət qurumlarının rəhbər işçiləri təqdimatla çıxış edər.


- Zəhmət olmasa, bizə forumda müzakirə olunacaq məsələlər barəsində məlumat verərdiniz?


Müzakirə ediləcək mövzulara gəldikdə qeyd etmək istəyirəm ki xarici spikerimiz ABŞ və Yaponiyada uzun müddət iş təcrübəsi olan çox mötəbər investisiya şirkətinin rəhbəridir. O öz çıxışında kiçik və orta bizneslərə necə investisiya cəlb etmək olar haqda praktik təcrübəsini paylaşacaq. Bundan başqa Bankçılıq sistemində baş verən ən son trendlər, yerli investisiyalar, şirkətlərə maliyyə vəsaitinin cəlb edilməsi, biznes proseslərin avtomatlaşdırılması haqda dünyanın ən məşhur şirkətlərindən biri olan SAP şirkətinin nümayəndəsi çıxış edəcək. KPMG şirkətinin nümayəndəsi Vergi Məcələsinə olan son dəyişikliklərin biznes mühitinə təsiri haqda təqdimatı olacaq. Ən sonda Biznes və İnnovasiyalar panelində biznes idarəçiliyi və innovasiyalar sahəsində uğurlu olan şirkət rəhbərləri ilə interaktiv sual cavab sessiyamız olacaq.


- Facemark.az forumun təşkilatçılarından biridir. Prosesin içində olduğumuzdan sizə belə bir sual ünvanlamaq istəyirik. Komandanın forum ilə bağlı hazırlıqları necə gedir?


Komandanın Foruma hazırlığı böyük motivasiya və sürətlə davam edir. Yeniliklər edərək builki Forumu daha yadda qalan etmək istəyirik.


- Sizin uzun müddətdir ki, FİF ilə bağlı təşkilatçı kimi təcrübəniz mövcuddur. Zəhmət olmasa, auditoriyaya bu forumda iştirakın vacibliyindən danışardınız.


Forumda maliyyə, investisiya, vergilər, mühasibatlıq və biznes idarəçilik sahələrinə marağı olan hər kəs iştirak edə bilər. Düşünürəm gün sonunda həm dünya və Azərbaycanda maliyyə, investisiya və biznes idarəçiliyi sahəsində gündəmdə olan mövzular ətrafında xeyli faydalı bilgilər əldə edəcəklər, sektora aid aparıcı mütəxəssislərlə tanış ola bilər, yeni iş birlikləri reallaşdıra bilər və zövqlü istirahət edə biləcəkləri faydalı bir gün keçirə bilərlər.


Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.