İstedadlar millətlər və xalqlar üçün bol sərvətdir. Çünki hər kəs bir istedaddır. Düşdüyü mühit, formalaşdığı çevrə və sosial münbitlik istedadın toplum üçün kim olacaqını öncədən şərtləndirir. Məhz istedadlara bəslənilən münasibət, hər bir vətəndaşa olan münasibət kimi-onların cəmiyyət üçün faydalılıq əmsalını ya yüksəldə, ya da tam puça çıxara bilər.


Həyatda istedadsız insan doğulmur. Hər kəsin bir fitri özəlliyi var. Hər kəs nəyisi digərinə nisbətən daha mükəmməl icra edə bilir. İstedada dəyər verməyən cəmiyyətlər var. O cəmiyyət ki, şablonlarla yaşayır, ideya axtarışını dəstəkləmir, ixtira və kəşfləri həyata keçirməklə hər kəsi varlandırmaq istəmir və yenilənməyə həvəsli deyildir.


Almanların bir müdrik xalq məsəli var. Biz vətəndaşları kasıb olan varlı dövlət olmaqdansa, sakinləri varlı olan kasıb dövlət olmaq istəyirik. İstedadlara həmişə xüsusi qayğı göstərən Almaniya bu gün varlı vətəndaşları olan varlı dövlətdir. Nəzərə alın ki, ikinci dünya müharibəsindəki məğlubiyyətdən sonra diz çökdürülən Almaniyadan söhbət gedir.



İstedadlı insanlar milli xəzinədir. Hər bir insan üçün öz qabiliyyətini nümayiş etdirə biləcəyi şəraiti yaradan xalq bəxtəvərdir, onun maliyyə və maddi durumu daim dinamik inkişafda olacaqdır. Çünki özünün istedadlı övladları sayəsində iqtisadi sisteminin qan resurslarını mütəmadi olaraq dəyişir, cəmiyyət daha enerjili, dinamik və çevik olur, vətəndaşların bilik və vərdişləri, bacarıq və qabiliyyəti ümumən dövlət və cəmiyyətin mənafeyi naminə səfərbər edilir.


Bu yazıda məqsəd istredadlı insanları tərif edib göylərə qaldırmaq istəyi deyildir. Çünki qalanların nəyəsə qadir olmadığını vurğulayan cəmiyyət inkişaf edə bilməz. Fitri istedada malik olmaq azdır, praktikada bilik və vərdişlər qazanmaq, nəyə qadir olduğunu sübut və nümayiş etdirmək güclü xarakter tələb edir, iradi keyfiyyətlərə malik olmağı həyati zərurətə çevirir.


İstedadlı insan həmişə narahatdır, hər an yeni ideya uğrunda öz düşüncələri və fikirləri iıə çarpışır, dünyada özünü dəyişmək və təsdiq etmək istəyir. O, dünyaya tam fərqli bucaqdan baxır, ətraf mühiti insanların xidmətində olmaq üçün yenilətmək, daha rahat və komfortlu etmək istəyir.



Bacarıqlı insanlar, yaxşı təhsil görmüş həkim və mühəndislərdir, müəllim və ixtiraçılardır, proqramçı və startapçılardır. Onların hamısı bir istək dalınca tələsirlər: həyatı daha mükəmməl və məmnun yaşamaq üçün təbiətin ekoloji balansını pozmadan, resurslara qənaətli münasibət bəsləməklə elə inkişaf strategiyası hazırlamaq və həyata keçirmək istəyirlər ki, bundan cəmiyyətin hər bir üzvü faydalana bilsin.


Belə olmasaydı, avtomobl, elektrik lampası, sualtı qayıqlar, uzaqdan komanda ilə çalışan televizorlar, müasir kompüterlər, mobil telefonlar, iynə və saplar, soyuducu və paltaryuyan maşınlar, robot və konveyerlər də olmazdı.


Məhz istedadlı və daim axtarışda olan insanların sayəsində biz qatar və təyyarələrlə uzun məsafələri qət edirik, mühəndis və memar təfəkkürü sayəsində müasir, çoxmərtəbəli və yaşamaq üçün hər cür komfortu olan binalar tikirik, rahat yollar salırıq, okean gəmiləri istehsal edirik dünya səyahətinə çıxırıq, okeandan neft çıxarırıq, kosmosu tədqiq və fəth edirik, bir sözlə, həyatı rahatlaşdırır və gələcək inkişafın möhtəşəm konturlarını cızırıq.



İnsanlar yalnız fitri istedadı istismar edərək yaşamamlıdırlar. Hər kəs öz bacarığı sayəsində yeniliklərə imza atmalı, həyatın müxtəlif tərəflərini təkmilləşdirmək üçün yeni yollar axtarışında olmalıdır, həyatı ideyalar fırtınasında yaşamalıdır.


Çünki yaşamaq əslində yaratmaqdır. İnsan ömrü tarixlə müqayisədə bir andır, bir göz qırpımıdır. Biz qısa ömrümüzü ətalət və cəhalət içərisində, statik, özünü təcriddə yaşamamalıyıq. Çünki hər bir insanda özəl istedad var. Onu inkişaf etdirmək zəruridir.


Fasiləsiz öyrənmək, zəhmət çəkmək, öz üzərində inkişaf, əmək sərfi tələb edir. Hamı kosmonavt ola bilməz. Kimsə ağac əkməlidir, kimsə yer şumlamalıdır, kimsə yeni məhsul emal eməlidir, kimsə hazır məhsulu qablaşdırmalı və bazara çıxarmalıdır, kimsə həmin məhsulu satmalıdır.


Cəmiyyət intensiv inkişafda olduğu üçün insanlar daha hərəkətli, daha aydın məqsədli olmalıdırlar, hər kəs bir bir az alim və filosof olmalı, gördüyü işi yüksək səviyyədə, sevərək, hamıdan yaxşı icra etməlidir, öz işinin əsl ustası olmalıdır.



İstedadlı insan sabahın qurucusudur. Bu günün bünövrəsi dünən qurulduğundan, sabah da bu gündən formalaşdırılmalıdır ki, gələcək daha asan proqnozlaşdırılan olsun, insanlar nəhayətsiz Kainatı tədqiq edə bilsinlər, bizim planetimizdə tükənən resursları kosmik enerji hesabına, digər planetlərin resursları zəminində qarşılaya bilsinlər. Biz bu gün nə ediriksə və hansı tempdə fəaliyyət göstəririksə, Kainatın dərinliklərinə nüfuz edə biləcəyimiz zamanı ya yaxınlaşdırır və ya uzaqlaşdırırıq.


Bu yüksək səviyyəyə isə insan fəaliyyətini kreativ olaraq daha da intensivləşdirməklə, təkrarçılığı ilə fərqlənən və yaradıcılığı sevməyən işləri monotonluqdan yorulmayan və insanın xidmətində olan robotlaşma ilə yüksəlmək olar. Bacarıqlı və istedalı insanların beyin resursları və intellektual sərvətləri isə boş yerə israf olunmamalı, yeni-yeni kəşf və ixtiralara səfərbər olunmalıdır, fundamental elmi axtarışlara və eksperimenlərə yönləndirilməlidir. Bu baxımdan aktual və zəruri sahələrin inkişafı hərtərəfli həvəsləndirilməlidir, dövlət və fərdi investisiyalar hesabına dəstək almalıdır.


Bütün bu möhtəşəm vəzifələrin reallaşmasına yalnız insan resursları, onların beyin və intellekt potensialının idarə olunması sayəsində nail olmaq olar. Elm və texnika nə qədər sürətlə inkişaf etsə də, robotizasiyanın yeni nəsilləri bir-birini əvəz etsə də, insan faktoru, ideya ehtiyacı və beyin fırtınasına tələbat həmişə qalacaqdır.



İnsan beyni və təfəkkürü alternativsizdir. İnsanın ixtira etdiyi və özünü belə qabaqlayacaq texnologiya yenə də insanın özünü təkrarlayacaqdır. Sadəcə olaraq, hər yeni mərhələdə daha mükəmmək olacaqdır və insan zəkasının nəhayətsiz ənginliklərinə nur səpərək, onun yeni, indiyə qədər bəlli olmayan potensialını üzə çıxaracaqdır ki, bu da tərəqqiyə, daha möhtəşəm təkan verəcəkdir. Süni intellektdən qorxmaq lazım deyil, o insanlara daha effektiv çalışmağa və daha səmərəli nəticələr əldə etmək şansı verəcəkdir.


İnsan həyatının hər günü yeni bir ixtiraya, yeni tapıntıya, yeni ekperimentlərə və yeni ideyalara həsr olunmalıdır. Əzəmətli inkişaf layihələrinə verə biləcəyi dəstək və enerjini heç kəs əsirgəməməlidir. Qarışqa yuvasında, arı ailəsində hər bir fərd ona həvalə olunan funksiyaları həyata keçirir, sonda həm özlərini, həm də insanları təmin edən bal ehtiyatı tədarük edirlər, qarışqaların sistemli həyat tərzi onlara xəstəlik və viruslara məruz qalmamaq kimi qabiliyyəti təlqin etmişdir.


Əmək ehtiyatlarından və insan istedadından düzgün faydalanan cəmiyyətdə, enerji resurslarından səmərəli və qənaətli strategiya zəminində istifadə edən ölkələrdə iqtisadiyyat daha sabit inkişaf edir, əhalinin maddi durumu, insanların güzəranı daha yüksək səviyyədə təmin olunur.



Cəmiyyətin böhranlara qarşı immuniteti istedadlı insanların, mükəmməl kadr resurslarının, mütərəqqi texnologiyanın böyük layihələrlə üzvi vəhdətinin zəminində formalaşır. Sabit inkişaf, güvən və dayanıqlılıq, şəffaflıq və nikbinlik istedadlı insanların iş effektivliyini yüksəldir, səmərəlilik əmsalını artırır.


Böyük sıçrayışlar cəsarətli beyinlərin baxış üfüqlərinin ənginliyindən qidalanır, düşüncə və təxəyyülün hüdudlarının durmadan genişləndirilməsi ilə yeni ixtiralara meydan açır, yeni texnoliji təkamülə intellekt dəstəyi, yeni fikir və düşüncələrə ruh və qida, ideyaların həyata keçirilməsinə isə həvəs və qanad verir.



Bu gün onunla xarakterikdir ki, texnologiya böyük ideyalar və böyük layihələr tələb edir. Bu isə öz növbəsində insanları həyata daha möhkəm bağlayır, daha geniş düşünməyə sövq edir, onları daha inamla irəliləməyə və daha yüksək nəticələr qazanmağa ruhlandırır.


Cəmiyyət həyatında motivasiya bir normaya çevrilməlidir. İnsanlar səhər işə, axşam isə evə, ailəsinin yanına tələsməlidir.


İstedadlı insanın zövqü də yüksək olur, onun musiqi və sənətə olan ehtiyacları layiqincə qarşılanmalıdır. Bu da öz növbəsində incəsənətə təkan verir. Daha səviyyəli və yüksək bədii dəyərli yaradıcılıq məhsulları meydana çıxır. Çünki cəmiyyət miqyasında maliyyə resursları artır, incəsənətə göstərilən dövlət və metsenat, investor və prodüser dəstəyi daha da geniş həcmli olur.


Sabahı dünəndən düşünmək gərəkdir ki, bu gün də gələcəyi düşünə bilək. Bu, həyatın əbədi dialektikasıdır. Sabahı düşünmək, gələcək inkişafa zəruri bünövrə hazırlamaq, resursları səfərbər etmək təbii və labüddür. Bütün bunlar isə istedadlı insanların bilik, bacarıq və təşəbbüskarlığının geniş miqyasda səfərbərliyi və məharətlə idarə olunması sayəsində mümkündür.


İstedadın ideya fırtınası dağıdıcı olmamalıdır. Onun əsas qayəsi quruculuq və inkişaf olmalıdır. İdarətmə isə istedadlar ordusunu daim yüksək motivasiya hazırlığı səviyyəsində saxlamalıdır. İstedad o zaman ciddi ideyalara səfərbər olunur ki, motivasiya mühiti onu daha mükəmməl strategiyaya əsaslanan yol xəritəsinə dəstək verməyə ruhlandırır və bu mənəvi sosial mühitdə mənəvi iqlimin yüksək tonusunun stabilliyi fonunda təmin olunur.



Hər kəsin inkişafı, sonda bütövlükdə cəmiyyətin ümümi inkişafının göstəricisidir. Hər bir istedad cəmiyyətin çevikliyini istəyir. Yaradıcı təfəkkür onu necə idarə etməyimizin səviyyəsində effektiv olur. Çünki istedadın verə biləcəyi inkişaf təkanı ilə destruktiv ünsürə çevrilmə təhlükəsi yanaşı addımlayır.


Sabahı dünəndən düşünməliydik.


Bu gün isə sabahı bütün konturları ilə təsəvvür etməliyik.


Sabahlar isə Kainatda gələcək yerimizi tapmağa həsr olunacaq.


İnsan ən etibarlı kapitaldır və ona qoyulan investisiya özünü doğruldacaq.


Gəlin, Gəlin, Gələcəyə Gəlin…


Teymur Məmmədov,


Kreativ direktor,


Adver.az