Sual bəlkə də aktual görünməyə bilər. Heç cavab verməsəniz də olar. Mən özüm üçün çoxdan bunun cavabını müəyyən etmişəm. Əvvəllər insan fəaliyyətində önəmli olan kreativ vardı. Texnologiya isə hələ günün tələbləri səviyyəsindən çox-çox geri qalırdı. Deməli, əslində kreativ də geri qalırdı. Mən poeziya və ezoterik təxəyyül missiyalarından danışmıram. Heç rəssamlıqdan və heykəltaraşlıqdan da bəhs etmirəm.


Yəqin bu sətirləri oxuyan kimi dodaq büzəcəksiniz. İndiki texnoloji yüksəlişdə kreativə yer qalmır və ona nə ehtiyac var ki? İlk baxışda elə mən də sizə qoşulmaq və bu fikrə dəstək vermək istərdim. Amma NƏ İSƏ məni saxlayır. Əslində NƏ İSƏNİN də səbəbini və mahiyyətini özüm bilirəm.


Əgər sırf yaradıcılıqdan bəhs ediriksə, bir karandaş bəs eləyir. Elə çubuqla qum üstundə də yazmaq olar. Şükürlər ki, dana dərisindən yazı materialı texnologiyasının da minillərlə ölçülən tarixi var. Perqament taparıq və şerimizi yazarıq. Ya Qobustana gedərik və ürəyimizi qayaların üzərinə boşaldarıq.



Bəs onda problemimiz nədədir? Əslində heç problem də yoxdur... Sadəcə iki söz var: yaradıcılıq və kreativ… İlk baxışda çox doğma və sinonim olaraq qohum sözlər təsiri bağışlayırlar. Amma belə deyil. Bu iki terminin arasında ciddi, özü də çox ciddi fərq vardır.


Çətirləri bir olsa da, budaqları ayrıdır. Hərəsinin öz missiyası var. Birində mistika, təxəyyül və duyğular sellənir. İnsanı başqa bir aləmə aparır. Musiqidə olduğu kimi. Muğamda olduğu kimi. İncəsənətdə olduğu kimi. Poeziyada olduğu kimi… Bütün bu sahələr yaradıcılığın səltənətidir, zəngin obrazlar dünyasıdır.


Digərində, kreativdəsə tam başqa bir missiya var. Kreativ- ekonomik mahiyyət kəsb edən anlayışdır. Onun təməlində elə ideyalar durur ki, onlar iqtisadiyyat üçün hərəkətverici qüvvədir. Mən bu baxımdan yaradıcılıq ilə kreativ arasında uçurum deyil, bir funksional və psixoloji ara məsafə görürəm.



Kreativ yalnız insanın mənəvi ehtiyacları üçün deyildir. Onun mayasında maddi sərvətlər yaradılması üçün ciddi inkişafa dəstək ehtiyacı durur. Amma incəsənət insanların zövqünün tələbidir, mənəvi qidasıdır.


İncəsənətin qarşısında yeni avadanlıq istehsal etmək, yeni məhsullar hazırlamaq, bazar tələblərini öyrənmək, elmi inkişafa qanad vermək, texnoloji üfüqləri genişləndirmək ehtiyacı durmur.


Kreativin dəstəyi ilə yaradılan yeni texnologiya iqtisadiyyatı irəlilətməklə bərabər, texnologiiyanın səviyyəsinin yüksəldilməsində maraqlıdır. Yeni texnoloji nailiyyətlər isə, öz növbəsində, yaradıcılığın imkanlarını genişləndirən texniki resurslar və alətlər meydana çıxaracaqdır.


Elm, texnika və texnologiya kreativdən enerji alır, kreativ özü-özlüyündə cəsarətli insanların gerçəkliyə qarşı qurucu fəaliyyət üsyanıdır, təkamülüdür, yeniliyin təntənəsidir, texnoloji yenidənqurmanın ilhamçısıdır. Yeni texnologiya isə daim yeni kreativə ehtiyac duyur və onu fəaliyyətə sövq edir.


Bu baxımdan önəmli bir cəhət də texnologiyanın və kreativin ittifaqıdır. Onların sinerjisi bütün gələcək inkişafın məhək daşıdır, əsas istiqamətidir. Bu sinerjini qəbul etməyənlərin hansısa taleyüklü nailiyyət əldə edəcəyi inandırıcı deyildir.



Müasir dövrdə texnologiya ilə kreativin qarşılıqlı münasibətini müxtəlif mövqelərdən dəyərləndirirlər. Exspertlərin böyük əksəriyyəti bu iki hərəkətverici qüvvənin üzvi vəhdətini vacib sayır və yalnız onların qarşılıqlı və möhkəm əməkdaşlığı zəminində sivilizasiyanın real inkişafını labüd perspektvli hesab edirlər.


Bunun da öz tutarlı arqumentləri vardır. Hər bir ideya, hər bir kreativ tapıntı texniki və texnoloji dəstək almadıqda, həyata keçirilə bilmir, kağız üzərində qalır, maket formatından uzağa getmir. Məsələn, İohan Quttenberq çap maşınını və literləri icad etsə də, kitab çapı xeyli zaman keçəndən sonra nizama salındı.


Kosmosa uçan obyektlərin ilk hesablamalarını da Vinçi və Rusiyalı Kibalçiç hazırladıqdan sonra uzun zaman keçdi və Siolkovski yalnız bunu 20-ci əsrdə gerçəkləşdirə bildi. Nikola Tesla mobil rabitə ideyasını çoxdan formalaşdırmışdı. Lakin onun kreativ ideyasına dəstək verilmədi. Çünki söylədikləri çox cəsarətli və zamanını xeyli qabaqlayan ideyalar olduğundan onların gerçəkləşməsi bürokratik əngəllərlə qarşılanırdı.



Bu gün kreativ ilə texnologiyanın qarşılıqlı münasibətləri müzakirə mövzusu olsa da, bir-birinə zidd fikir və mülahizələr söylənilsə belə, sonda fikri ciddi qəbul olunanların və praktikaya əsaslanan düşüncələrin əksəriyyəti nəinki bu gün, hətta yaxın yüzilliklərdə də kreativin və texnologiyanın qarşılıqlı əlaqəsinin möhkəmlənəcəyinə, onların daha da möhkəm tellərlə bağlanacağını əsas götürür.


Əvvəlan, fiziklər deyirlər ki, hər işin başında mühəndislik dayanır. Amma yalnız texnoloji təfəkkürlə məhsulların istehsalının və istifadəsinin zəruriliyini insanlara çatdırmaq mümkün deyildir. Həm texnoloji təfəkkürün özü, həm də onun insanlara kommunikasiyası kreativ yanaşmaya ehtiyac duyur. Odur ki, bu iki tərəf yalnız təməkdaşlıq formatında cəmiyyət üçün faydalı ola bilərlər.


İkincisi, rəqəmsal dünyada kreativ mühüm rol oynayır. Yalnız məlumatların dəqiqliyi sayəsində və rəqəm seli ilə siz auditoriya münasibətdə emosional bağlantı yarada bilməyəcəkdir. Digər tərəfdən, dəqiq məlumatlara əsaslanmadan hədəf kütləyə yetişə və ona təsir göstərə bilməyəcəksiniz. Odur ki, hər iki amilin simbiozuna ciddi ehtiyac vardır.



Üçüncüsü, bəzi ekspertlər bu faktorları heç müqayisə etməməyi tövsiyə edirlər. Qatarın relssiz yol gedə bilməyəciyi kimi, bu iki faktorun sinerjisi olmadan nəticəyə bel bağlamaq mənasızdır.


Dördüncüsü, kreativ olmayan yerdə də texnologiya işləyir. Kommunikasiya öz rolunu oynayır. Amma bu iki komponentin birliyi daha yüksək nəticə əldə etməyə imkan verir. Onlardan hansının daha vacib olduğunu irəli sürənlər özləri də etiraf edirlər ki, texnologiyanın vüsət almasında kreativin potensialı çox böyükdür.


Beşincisi, kreativ və texnologiyanın dominantlığı perspektivsiz mülahizələrdir. O yerdə ki, texnologiya naminə texnologiyadan və kreativ naminə kreativdən deyil, inkişaf naminə kreativ və texnologiyadan söhbət gedirsə, istər reklamda olsun, istərsə də digər sahələrdə, mütləq effektivliyə nail olunacaqdır.


Altıncısı, bizə elə gəlir ki, texnologiya ilə kreativin müqayisəsi uşağın dünyaya gəlişində ana və atadan kimi önəmli olduğunu müzakirə etmək qədər mənasızdır. Amma uşağın nə dərəcədə sağlam və istedadlı olma ehtimalı valideynlərin genindən qaynaqlana bilər.



Yeddincisi, kreativ konkret markanın insanlara çatdırılacaq mesajıdırsa, texnologiya lazım olan məqamda lazım olan auditoriyaya bu mesajın çatdırılma məcrasıdır. Pis kreativ yaxşı texnoligiya ilə hədəf kütləyə yetməyəcəkdir, pis seçilən texnologiya məcrası isə ən yaxşı kreativi insanlarla zəruri səviyyədə qovuşdura bilməyəcəkdir.


Səkkizincisi, nə daha yaşıdır? İnternetdə kommunikasiya, yoxsa kommunikasiyada internet? Onları yalnız qarşılıqlı vəhdətdə nəzərdən keçirmək olar. Çünki kompleks yanaşıldığı zaman hər iki faktor effektiv ola bilir.


Doqquzuncusu, bu gün texnologiya daha kreativ və effektiv kommunikasiya üçün geniş imkanlar müstəvisi rolu oynamaqdadır və bu tedndensiya qarşılıqlı nüfuz etməklə daha da dərinləşəcəkdir.


Onuncusu, hər bir uğurlu kreativin arxasında yüksək texnologiya və qabaqcıl araşdırmalar dayanmalıdır. Yalnız bu halda zəruri nəyticəyə nail oluna bilər.


On birincisi, texnologiya ilə kreativin sinergiyası mütləqdir və önəmlidir. Əslində biz texnoloji kreativdən bəhs etməliyik.


Elə kreativ ki, hər bir insanın ehtiyaclarını qarşılamağa uyğunlaşa bilsin.


Teymur Məmmədov,


Kreativ direktor,


Adver.az