Mayın 30-da “İnnovasiya Festivalı” çərçivəsində Bakıda “Monex Summit” işə başlayıb.


Facemark.az xəbər verir ki, sammit Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın rəsmi dəstəyi, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və “FA İnternational Trade Events” şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.


Sammit çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Səudiyyə Ərəbistanının “Daal Venture Capital” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən memorandumu imzalayan isə nazir Ramin Quluzadə olub.


İki gün davam edəcək tədbirdə “fintech” və bank sənayesinin ən mühüm liderləri bir araya gəlib.


Sammitdə 300-dən çox yerli və xarici şirkət, 70-dən artıq natiq və 20-dək ölkədən nümayəndə iştirak edir.


Tədbirdə “fintech” liderləri, “C-level” təmsilçiləri, Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Şərqi Avropanın nəhəng banklarından olan ekspertlər təcrübə mübadiləsi aparıb.


İştirakçılar ödəniş, təhlükəsizlik, data və informasiya texnologiyaları üzrə qlobal şirkətlərin rəhbərləri ilə görüş, panel müzakirələrdə iştirak, B2B görüşlər, startapçılar üçün real sərmayə və potensial müştərilərlə əməkdaşlıq imkanı əldə ediblər.


“Monex Caspian Summit” sərgi, konfrans, marafon, Heydər Əliyev Mərkəzində baş tutacaq qala gecəsi və dünyaca məşhur ifaçının iştirak edəcəyi “Monex Party” kimi bir sıra tədbirlərlə müşayiət olunacaq.