Ötən həftə facemark.az saytında yazarlarımızdan Rafiq Hunaltayın “Təzə müdir” adlı yazısını sizinlə paylaşmışdıq. Müəllif yazıda deyirdi ki, sahibkar hər nə qədər müdirin işinə qarışmayacağını desə, söz versə də buna çox tab gətirə bilmir: “Ən sıradan işlərindən biri, məsələn, hamı gedəndən sonra arxalarınca bütün otaqların işığını deyinə-deyinə söndürmək olur. Özünün olan şirkətin qədrini yeni müdirin çox da bilmədiyini düşünür”. Yazıya keçid üçün linkə klik edə bilərsiniz.
Saytımız bu mövzunu davam etdirmək istədiyindən biznes sfreasının tanınmış şəxslərindən də müsahibələr almaq qərarına gəlib. Suallar “Təzə müdir” yazısı əsasında hazırlanıb. İlk suallarımızı cavablandıran isə “Modern Group” şirkətinin Planlama müdiri Cəbrayıl Vəliyev olub. Beləliklə,
1.Təsisçi və CEO – şirkəti kim idarə etməlidir?
Burada təsisçinin idarəetmə bilik, bacarıq və təşəbbüskarlığı mühüm rol oynayır. Buradakı təşəbbüskarlıq, biznes təşəbbüskarlığı deyil, məhz idarəetmə istək və təşəbbüskarlığı nəzərdə tutulur. Bunlar olduğu təqdirdə bir sıra risklərin də olmasına baxmayaraq xüsusilə biznesin həyat tsiklinin ilk mərhələlərində şirkəti idarə edə bilər. Daha sonra şirkətin böyüməsi ilə idarəetmədən uzaqlaşaraq peşəkar CEO-lar təyin edə bilər.
Risklər müxtəlifdir, ancaq əsas risk, sahiblik duyğusunun ağır basması ilə emosional qərarların daha çox rasional qərarların önünə keçməsi riskidir. Düşünürəm ki, CEO-lar daha rasional qərarlar ala bilməkdədirlər ki bu da şirkətin daha sistemli idarə olunmasına təsir edər.
İkinci məsələ biznesin miqyası məsələsidir ki burada qurulan şirkət elə ilk etaplardan böyük miqyaslı biznesi həyata keçirirsə, məhz daha rasional qərarların alınması və sistemli idarə olunması peşəkar CEO-ları tələb edir.
2. Təsisçi CEO təyin edibsə, onun işinə müdaxilə hansı səviyyədə olmalıdır?
Təsisçi CEO təyin edibsə, təsisçinin əsas maraqları açıq aydın şəkildə CEO-ya bildirilməlidir.
Təsisçi üçün investisiyanın gətirisi, yəni qazancı qısa və ya uzunmüddətli dövr üçün CEO ilə birlikdə müzakirə olunmalı və birlikdə qərar verildikdən sonra aydın KPI-lar təyin edilməli və CEO-dan təyin edilmiş hesabat tarixlərində bu hesabatlar istənməlidir.
Təsisçi üçün önəmli olan Şirkətin missiyasına, vizyonuna və öncədən bildirilən maraqlarına uyğun CEO fəaliyyətidir. Bu çərçivə içində CEO sərbəst olmalıdır.
İnvestisiyanın və biznesin davamlılığı yönündə alınan stratejik qərar və təkliflər təsisçilər tərəfindən təsdiqləndikdən sonra təsisçilərin müdaxiləsi olmamalı, ancaq hesabatlarla bu həyata keçməlidir.
CEO-ya və onun iş funksiyalarına müdaxilə CEO-ların sərbəst qəraralma təşəbbüsünü azaldacaq, hətta çox stratejik olmayan qərarlarda belə “təsisçi nə düşünər, nə deyər” kimi çəkingənliklərlə CEO-nun qərarvermə təşəbbüskarlığı azalacaqdır ki bu da bütün fəaliyyətlərə birbaşa və ya dolayı təsir edəcəkdir.
3. Çox vaxt sahibkarlar tərəfindən belə bir fikir səslənir ki, heç kim məni kimi can yandırmayacaq. “Can yandıran” ümumiyyətlə kimdir, necə biri olmalıdır? Elə bir gözlənti olması nə dərəcədə düzgündür?
Yuxarıda qeyd etdiyim kimi bu fikir təsisçilərin “sahibkar” (“mənimdir”) içduyğusundan irəli gəlir və emosional xarakter daşıyır. Fikrimcə sahibkarların maraqları və istəkləri aydın bilinərsə, peşəkar idarəetməçilər bu maraqları daha rasional yanaşmayla həyata keçirə bilərlər…
4. Təsisçi CEO-ya tam səlahiyyət verməkdən niyə qorxur? Qorxmalıdırmı?
CEO-nun peşəkarlığı onda inam qazandırmayıbsa və təsisçi öz maraqlarını və istəklərini CEO-yla tam paylaşmamışsa, yəni ortada aydınlıq yoxsa bu qorxu meydana gəlir. Qorxu gizli maraqlardan, tələb olunanlardan fərqli istəklərdən daha çox yaranır. Buna görə əslində CEO-lar tam aydınlıq üçün təsisçiyə Coaching-lik edərək, istək və maraqlarını öz təsdiqiylə açığa qovuşdura bilərlər.
5. Təsisçi CEO-luq etsin, etməsin?
Bacarırsa, idarəetmə peşəkarlığı varsa və lazım olduğu zaman emosionallığını cilovlayıb daha rasional qərarlar ala biləcəksə etsin…
Qeyd edək ki, bu mövzu üzrə biznes mühitində olan digər şəxslərin fikirlərini sizinlə tezliklə paylaşacağıq.