facemark.az-da bir neçə müsahiblə aşağıdakı suallara cavab əsasında müsahibə hazırlamışıq. Bu dəfəki müsahibəmizin qonağı “Sumqayıt Texnologiyaları Parkı”nın marketinq meneceri Cavid Abasovdur.


Həmin müsahibəni təqdim edirik.


- Təsisçi və CEO – şirkəti kim idarə etməlidir?


Ümumilikdə düşünürəm ki, müasir biznesin təməlində duran çox önəmli və özünə xas faktorlar var. ERP sisteminin qurulması, hədəflərin və məqsədlərin düzgün təyin olunması, performansın ölçülməsi və tətbiqi, əməkdaşların motivasiyası və inkişafı üçün davamlı olaraq atılmalı addımlar, rəqəmsal dünyaya, trendlərə ayaq uydura bilmək və yeni marketinq və satış metodikalarından istifadə və s. kimi faktorları müasir biznesin faktorları kimi ələ ala bilərik. İdarəetmə sisteminin inkişafı, qlobal biznes dəyərləri və günü gündən sürətli dəyişən biznes mühitinə ayaq uydura bilmək üçün davamlı yeniliklərə açıq olan, enerjisi bol və həqiqətən də biznesin bütün istiqamətlərində qısa zamanda analiz etmə bacarığı olan və baş verənlərə reaksiya verən şəxslərə ehtiyac var. Mən razıyam ki, şirkəti sıfırdan çox çətin əziyyətlərdən keçərək, zaman və enerji itirərək bir yerlərə gətirən təsisçidir. Lakin işlər çoxaldıqca, şirkət böyüdükcə şirkətin dərdləri artmağa başlayır və bu yükü həqiqətən də öz üzərinə götürə biləcək, bacarıqlı, savadlı və analiz etmə qabiliyyətinin yüksək olduğu şəxslərə ehtiyac duyulur. Biznes təsisçi ilə bir yerə qədər inkişaf edir və bir nöqtədə bazar payını artıra bilmək üçün daha ciddi səylərə ehtiyac olur. İşlərin bu gedişatında şirkətə yeni nəfəs lazımdır ki, komandanı götürərək işləri sürətli inkişaf etdirsin və rəqabət apara bilmək, bazardan daha çox pay götürə bilmək və beynəlxalq bazarlarda nəticələr verə bilmək üçün müasir biznes dəyərlərini formalaşdırsın.


- Təsisçi CEO təyin edibsə, onun işinə müdaxilə hansı səviyyədə olmalıdır?


Bu bizim həyatımızda da belədir. Əgər biz bir nəfərə hansısa mövzuda etibar ediriksə və eyni zamanda proses zamanı güvənməyib davamlı olaraq müdaxilələr ediriksə, onun yerinə özümüz qərar veririksə, qarşı tərəfdə bizə qarşı olan maraq və fəaliyyət göstərməyə qarşı həvəs azalacaqdır. Sonra isə biz bu prosedura müxtəlif adlar qoyaraq problemin qarşı tərəfdə olduğunu bildiririk. Biznes də elə belədir. Əgər seçdiyimiz, peşəkar bildiyimiz və güvəndiyimiz bir şəxsi şirkətin CEO-su təyin ediriksə, təhvil-təslim prosesindən sonra onlara güvənməli və onlara qərar vermələrində sərbəstlik yaratmalıyıq. Müdaxilə isə yalnız şirkətin taleyinə bir başa təsir edə biləcək mövzularda edilə bilər. Əslində bu zaman belə düzgün arqumentlər gətirildiyində təsisçi CEO ilə razılaşmalıdır.


- Çox vaxt sahibkarlar tərəfindən belə bir fikir səslənir ki, heç kim mənim kimi can yandırmayacaq. “Can yandıran” ümumiyyətlə kimdir, necə biri olmalıdır? Elə bir gözlənti olması nə dərəcədə düzgündür?


Düşünürəm ki, hər şey düzgün şəxsin seçilməsi və düzgün vəzifə ilə təmin olunması ilə bağlıdır. Əslində bu artıq təsdiqini tapıb ki, insan xarakterləri fərqlidir. Bəzi insanlar çox yaxşı ticarətçi, təsisçi, biznesmen ola bilirlər, lazım gəldiyində çox riskli addımları ata bilər və bazarın boşluqlarından düzgün istifadə edə bilirlər, lakin onlar çox yaxşı idarəedici olmaya bilərlər. Əksi isə CEO-larda ola bilər. CEO-lar böyük riskləri sevməyə bilərlər, amma istər nəzəri istərsə də praktiki şirkəti, komandanı və ümumiyyətlə işləri necə idarə edə biləcəklərini yaxşı bilərlər. Əlbəttə, dünya praktikasında da olduğu kimi, şirkətləri CEO-lar idarə etməli və ancaq çox vacib məsələlərdə təsisçi və yaxud təsisçilərlə məsləhətləşməlidir. Sadəcə burada çox incə nüanslar vardır ki, istərdim onları punktlar formasında qeyd edim.


1. Düşünürəm, təsisçi şirkətin dəyərlərinin yaradılmasında, hədəf və strategiyaların təyin olunmasında və ilkin olaraq biznesin öz qaydasına düşməsində özü iştirak etməlidir. Gəlirlilik artdıqca əgər peşəkar idarəedici cəlb edə bilirsə o zaman özünü əvəzləsin və həqiqətən də təcrübəsinə, bacarıqlarına və iş görmə potensialına inandığı şəxsləri şirkətin idarəetməsinə gətirsin.


2. CEO-nun şirkət idarəetməsində maliyyə, marketinq, satış, insan resursları, biznesin inkişafı və s. bütün istiqamətlərdə biliklərinin olması vacibdir.


3. Şirkətin öz daxili və xarici prosedurların idarəedilməsi sistemi düzgün işləməlidir. Ümumiyyətlə biznesləri şəxslərə tam bağlamamaq lazımdır. Sistem işləməli, CEO sistemi düzgün idarə etməli, işləri inkişaf etdirməlidir.


4. Təsisçi inandığı şəxsə idarəetməni təhvil veribsə gərək mütləq onun daha rahat qərar verməsi üçün şərait yaratmalı və ona güvənməlidir.


İdarəedicinin kim və hansı təcrübəyə malik olmasından asılı olmayaraq təsisçilər bir neçə ay idarəedici ilə bir yerdə olur və işi təhvil-təslim edirlər. İlk 3-6 ay ərzində idarəedicinin atdığı addımlardan və işə verdiyi faydalardan idarəedici ilə bağlı təsisçidə ilkin fikirlər formalaşır.


- Təsisçi CEO-ya tam səlahiyyət verməkdən niyə qorxur? Qorxmalıdırmı?


Qorxu təəssüratı bir şeyi itirməkdən yaranır və təsisçinin ilk başlarda bu hissi keçirməsi çox normaldır. Lakin əgər qurduğu sistemə güvənirsə (idarəetmə sistemi, işlərin axış mexanizmi, performans ölçümü və s.) və eyni zamanda CEO-nun bacarıqlarına və potensialına bələddirsə əlbəttə ki qorxmamalıdır. Hətta ona qərar vemə proseslərində imkanlar yaratmalı və yardımçı olmalıdır. Təsisçi bu mərhələdə məncə daha çox yeni bizneslər üstündə düşünməli, yeni yatırımlar etməli və toplantılara zaman ayırlmalıdır.


- Təsisçi CEO-luq etsin, etməsin?


Bir biznesi yaradan, onu uğurlu bir yerə qədər gətirən şəxslər biznes adamlarıdır. Əsl biznesmenlər heç bir zaman yeni macəralara açılmaqdan, yeni yatırımlar etməkdən və yeni risklərin altına girməkdən çəkinmir və əksinə daima axtarışda olurlar. Elə buna görədir ki, təsisçi yeni bir biznesi formalaşdırdıqdan sonra onu CEO-ya təhvil verir və özü isə yeni bizneslər axtarışında olur. Həm də başqa nüanslar var ki, düşünürəm təsisçi bir müddətdən sonra idarəedici olmamalıdır. Şirkət böyük dövriyyələrə gəldiyi zaman, rəqiblər, əməkdaşların sayı, bazarlar və s. böyüdükdən sonra artıq həqiqətən də biznes idarəediciliyini hər tərəfli bilən bir şəxsi şirkətin idarəetməsinə gətrimək lazımdır. Əlbəttə peşəkar və güvənilən idarəedici seçildikdən, idarəedicinin özünü də yaxşı qazanc və bonuslarla təmin etdikdən sonra nəticələr əvvəlkindən daha yaxşı olacaqdır.