facemark.az-da bir neçə müsahiblə aşağıdakı suallara cavab əsasında müsahibə hazırlamışıq. “Nestle Azərbaycan” şirkətinin Baş Direktoru Anar Məmmədov ilə olan müsahibəni təqdim edirik.


-Təsisçi və CEO – şirkəti kim idarə etməlidir?


Təsisçi şirkətin sahibidir, əsasən bu belədir. Bu bir insan, insanlar qrupu və ya bir qurum da ola bilər. Təsisçi üçün gün sonunda şirkətinin nə qədər dəyərə sahib olduğu vacibdir.


CEO şirkətin günlük həyatında, fəaliyyətində qərarlar verən şəxsdir. O? şirkətin davamlı fəaliyyətini, idarə heyətindəki hər kəsin eyni və planlaşdırılmış, şirkət daxilində razılaşdırılmış istiqamətdə hərəkət etməsini təmin edir.


CEO şirkətin imza səlahiyyətli, əsas partnyorluq qərarlarını təsdiqləyən və buna görə məsuliyyət daşıyan, şirkətin bir simasıdır.


-Təsisçi CEO-luq etsin, etməsin?


Təsisçi CEO da ola bilər, olmaya da bilər. Bu şirkətin işlədiyi ölkə, bazar şərtləri, qanunvericilik və s. şərtlərdən asılıdır.


-Təsisçi CEO təyin edibsə, onun işinə müdaxilə hansı səviyyədə olmalıdır?


Təsisçi işə CEO “almaq” qərarına gəlibsə, bu mövqedəki insana səlahiyyətləri verməli, özü isə idarə heyətinin bir üzvü kimi idarə etmədə iştiraka sahib olmalıdır.


-Çox vaxt sahibkarlar tərəfindən belə bir fikir səslənir ki, heç kim məni kimi can yandırmayacaq. “Can yandıran” ümumiyyətlə kimdir, necə biri olmalıdır? Elə bir gözlənti olması nə dərəcədə düzgündür?


CEO mövqeyindəki şəxsin konkret performans dəyərləndirmə kriterləri (PDK) və motivasiyası olmalıdır. PDK çox ola bilər, amma ən əsasları kimi, Orqanik (təbii ) Böyümə (OB), Əməliyyat Mənfəəti və Bazar Payıdır.


İkinci məqam, motivasiya, maddi maraq yaratmaq - CEO-nun qazancının hiss ediləcək qədər böyük hissəsi dividentlərdən, şirkət paylarından olmalıdır. “Can yandırmaq” məsələsində çox vacib bir məqamdır bu.


Təsisçi bu insana şirkətdə müəyyən pay ayırarsa, şirkətin yaxşı və qazanclı işlədiyi zaman CEO da daha çox qazansın, varlansın. Bu hissə/pay CEO-nun standart əmək haqqı kimi qazancından çox olmalıdır. Əmək haqqı minimal həddə olmalıdır. Məsələn ABŞ-da investorlar, CEO-nun illik maaşı 150 min dollardan yuxarı olan startaplara çox da həvəslə yatırım etmirlər.


- ​Təsisçi CEO-ya tam səlahiyyət verməkdən niyə qorxur? Qorxmalıdırmı?


Belə hallar da olur ki, şirkətdə nümunəvi və uyğun birisini CEO olaraq təyin edə bilərlər, bu şəxsin şirkətdə heç bir payı olmasa da. Bu əsasən Məhdud Məsuliyyətli Şirkətlərdə olur. Bu zaman ona verilən səlahiyyətlər, cavabdehlik səviyyəsi, İdarə Heyəti ilə iş və münasibət çərçivələri xüsusi razılaşmalarla, şirkət daxili təlimatlarla təyin olunur. Bu cür şəxslər əsasən menecment bacarıqları və insanları idarə etmək qabiliyyətlərinə görə seçilib təyin edilirlər. Motivasiya olaraq maaş və illik bonuslardan istifadə edilir.


Ailə bizneslərinə kənardan CEO gətirilməsi, buna qərar verilməsi, köhnə stereotiplərin, qorxuların qırılaraq sivil biznes kriterləri və anlayışları daxilində, ailədən xaric birinə şirkətin taleyinin böyük ölçüdə etibar edilməsi asan olmayan və zaman alıcı bir dəyişimdir. Bunun üçün illər, bəzən da ailə biznesində nəsillərin dəyişməsi lazım olur.


Həmin ailə biznesindəki insanların, pay sahiblərinin biznes vizyonu, dünya görüşü və hədəfləri ən vacib amillərdəndir bu məsələdə.