facemark.az-ın "ABAD" publik hüquqi şəxsin şöbə müdiri Turanə Qasımova ilə olan müsahibəsi:
- “ABAD” kiçik və orta sahibkarlara dəstək platforması kimi əhəmiyyət kəsb edir. Görülən işlər isə göz qabağındadır. Amma işin “daxili mətbəxini” də bilmək istərdik. Qısası, “ABAD”ın marketinq strategiyası necə aparılır?
“ABAD” üç ildir ki fəaliyyət göstərir və təbii olaraq ABADçılar tərəfindən istehsal olunan məhsulların sayı və çeşidləri də günü-gündən artır. "ABAD”, həm istehsalçı və istehlakçı, həm də donorlar və istehsalçı arasında çevik bir mediator rolunu icra edən unikal bir mexanizmdir. Buna görə də biz, həm klassik üsullara, həm də yeni eksperimentlər keçirərək marketinq alətlərimizi məqsədlərə uyğun seçirik. Belə deyək, bizim gördüyümüz işlərin effektiv olması üçün burada tək nəzəriyyədən çox real praktik biliklər çıxış edir. Burada daxili bazar tələbatı, istehsalçı potensialı, daxili bazar rəqabəti və s. kimi amillərin çıxışını qeyd edə bilərəm.
“ABAD”ın məqsədlərindən biri də, həmçinin bazara rəqabətqabilliyətli məhsulların çıxarılmasıdır. Yəni, ABADçı məhsulu qiyməti, həm keyfiyyəti, həm də fərqliliyi ilə bazarda olan digər məhsullardan geri qalmamalıdır. Vurğulayım ki, burada “fərqlilik” deyəndə sırf ABADçı məhsullarının orijinal və əl işi olmasından bəhs olunur. Bu gün ABADçılar tərəfindən 20-dən çox fərqli sahə üzrə qida məhsulları istehsal olunur, əl işləri üzrə isə N qədər fərqlilikdə müxtəlif materiallardan və sənət siniflərindən olan suvenirlər, müxtəlif əşyalar hazırlanır. Əlbəttə ki, fərqli-fərqli yüzlərlə məhsulların daha geniş auditoriyaya çatdırılması və istehlakçı-ABADçı arasında aktor rolunu icra etmək çox məsuliyyətli bir missiyadır. Auditoriya hər zamanki kimi haqlı olaraq yeni, keyfiyyətli, münasib bir qiymətə məhsul istəyir, ABADçı, həm əziyyəti ilə ərsəyə gələn məhsulların tez bir zamanda istehlak olunmasını və gəlirin əldə edilməsini, bizim istəyimiz isə yalnız bu iki subyektlər arasında kordinasiyalı və vicdanlı şəkildə, hər iki tərəf üçün “win to win” prinsipinə uyğun işimizi düzgün qurmaqdır. Nəticədə ABADçı qazanmaqla, istehlakçı keyfiyyətli məhsul əldə etməklə mikro iqtisadiyyatımızı stimullaşdırmış oluruq. Nəticəsinin hər birimizə xeyri var. Çox sevindirici bir haldır ki, bu gün əl işlərinə olan baxış fərqi dəyişir, tələbat artır. İstehlakçı artıq pul xərcləyəndə tək bir tərəfli düşünmür, qiyməti ilə yanaşı keyfiyyətinə də məhsulun önəm verir.
- “ASAN xidmət”in tabeliyində yaranan “ABAD” publik hüquqi şəxsin marketinq komandası varmı və neçə nəfərdən ibarətdir?
Bizdən hərdən soruşulanda ki, nə işlə məşğulsunuz, cavabımız “hər bir işlə” olur. Çünkü sahəmiz çox şaxəlidir, həm iqtisadi analitik düşüncəyə, həm də mədəniyyət sahəsində biliklərə sahib olmalısan. Ən əsası isə gördüyümüz işə marağımızdır. Rəhbərlik etdiyim şöbə 3 sektoru özündə birləşdirir: Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr üzrə. Şöbəmiz gənc, çox həvəsli və öz üzərində daim çalışan komanda üzvlərindən ibarətdir. Ən əsası isə bizdə ayrı-seçkilik yoxdur, hamımız bir ailə kimi bir yerdə əyləşirik. Bu işimizi, həm əyləncəli, həm də daha kordinasiyalı edir: eyni anda bütün komanda ilə ünsiyyət yarada bilirəm. Ümumi 3 sektor daxil, şöbə əməkdaşlarının mən daxil sayı 9 nəfərdir.
- ABADçı ailələrin məhsullarının satışı necə aparılır? Belə məhsulların qiymətləndirilməsi zamanı nələrə diqqət edilir?
“ABAD”ın göstərdiyi xidmətlərdən ən önəmlisi satışın təşkilidir. Çünki məhz bu xidmət ABADçılarımıza mənfəət qazandırır. Sənətkar ailələrinin məhsulları, yəni dekorativ-tətbiqi xalq sənətkarlıq suvenirləri “ABAD” Etno-butiklərində satışa çıxarılır.
Ünvanlar:
• “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu, Qız Qalası ilə üzbəüz;
• Heydər Əliyev Beynəlxalq Hava Limanı;
• 3 saylı ASAN Xidmət;
• “Fairmont Baku” Hoteli;
• Qəbələ rayonu, "Tufandağ" kurortu;
• Şamaxı rayonu, Dəmirçi kəndi,
• Şəki şəhəri “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğu, Xan Sarayının yanı;
• Masallı rayonu “ASAN Həyat” kompleksinin ərazisinda;
• Milli Gimnastika Arenası (yalnız iri beynəlxalq yarışlar zamanı).
ABADçılarımızın istehsal etdiyi qida məhsullarının satışı isə “Bravo” hipermarketlərində yerləşən “ABAD” bakaleyalarında həyata keçirilir:
- “Bravo” Koroğlu hipermarket;
- “Bravo” Əhmədli hipermarket;
- “Bravo” Ganjlik Mall superstore;
- “Bravo” 20 Yanvar hipermarket;
- “Bravo” Babək prospekti superstore.
Qiymətləndirməyə gəlmişkən, suvenirlərin qiymətini sənətkar özü müəyyən edir. Düzdür, biz onlara konsaltinq xidmətləri göstəririk, bazar araşdırmalarına əsaslanaraq sağlam rəqabəti qorumaq naminə məsləhətlər veririk, lakin son qərar sənətkara məxsusdur. Qida məhsullarında isə hesablamalar başqa cür aparılır. Burada qiymətin formalaşması bizim göstərdiyimiz xidmət, verilmiş avadanlıq, qablaşdırma, loqistik məsələlər və sair faktorlardan asılıdır.
Hər iki istiqamətdə “ABAD” satışdan öz cüzi komissiyasını götürür. Xalis gəlir isə hər ayın sonu ABADçının bank hesabına köçürülür. “ABAD”ın qiymətləri bir çoxuna yüksək görsənə bilər, lakin məhsulların əl əməyi, göz nuru nəticəsində ərsəyə gəlməsi, qida məhsullarının təbiiliyi və kimyəvi qatqısız olmağı onları premium səviyyəyə qaldırır. Hər iki sahə üzrə keyfiyyətli məhsulun ərsəyə gəlməsi üçün aidiyyatı şöbələrimiz həmin ABADçılarla birgə çalışırlar.
- Türanə xanım, potensial ABADçı necə seçilir?
Özündə ABADçı potensialını hiss edən hər kəs ABADçı sıralarına qoşula bilər. Bunun üçün www.abad.gov.az rəsmi internet səhifəmizdən “ABADçı ol” bölməsi vasitəsi ilə qeydiyyatdan keçməlidir. Birinci mərhələdən uğurla keçən müraciətçilər müsahibəyə dəvət olunur. Müsahibə zamanı artıq aidiyyatı şöbənin komandası tərəfindən məhsul nəzərdən keçirilir və yekun nəticədə dəyərləndirilir. Müsbət cavab alan zaman isə anında hüquq şöbəmizin dəstəyi ilə müqaviləyə imza atır, maliyyə mühasibat şöbəsi ilə görüşdürülür və ABADçı adını qazanır.
Onu da qeyd edim ki, bəzən bizə sual verirlər ki, 3 illik fəaliyyətiniz ərzində ABADçı sayını daha da çoxalda bilərdiniz. Əlbəttə gündəlik müraciətlərin sayı az deyil, edə bilərdik, lakin etmirik, çünkü bizim üçün əsas hədəf kəmiyyət deyil, işimizin keyfiyyəti və hazırda olan ABADçılarımızın məmnunluğuna nail olmaqdır. “ABAD”ın şüarı “İdeyadan rəflərə”dir. Lakin “ABAD” hər ideyanı da qəbul edə bilməz. Sözsüz ki, potensial ABADçı da bir neçə kriteriyalara cavabdeh olmalıdır. Onlara ilk növbədə biznesmen prizmasından baxılır. Əgər sənətkardırsa o zaman onun əl işi peşəkarlığı ilə seçilməlidir, alıcı üçün maraq doğurmalı və milli ruhu özündə əks etdirməlidir. Qida məhsulu istehsalçısında isə istehsalat gücü, xammalın mövcudluğu və sözsüz ki, işləyib inkişaf etmək niyyəti mütləqdir.
- Dövlət qurumu, həmçinin qida istehsalçılarına marketinq dəstəyi də göstərir. Bu proses neçə aparılır?
İstənilən bir məhsulun məqsədi öz istehlakçısına qovuşmasıdır. Bu iki subyektin bir-birinə qovuşmasında müxtəlif vasitələr tətbiq olunur: sosial resurslardan istifadə, müxtəlif satış kanalları, aksiyalar və s. “İdeyadan rəflərə” adlı yolumuzda, həm daxili bazar araşdırılması, həm alıcı qabiliyyətli müxtəlif qrupların aşkarlanması, neyro-marketinq və rənglərin nəzəriyyəsinə dayanan brendinq və sair məqamlara əsaslanmağa çalışırıq. İşimizin məqsədi qurumumuzun mövqeyini, məhsullarını və xidmətlərini, hədəf auditoriyanın üstünlükləri və motivasiyasını, düzgün ünsiyyət kanallarını seçməyə, effektiv təqdimat qurmağa çalışırıq.
- Təxminən nə qədər “ABAD” məhsulu istehsal edilib? Kateqoriyalar üzrə də bölə bilərsiniz. Bəs, belə məhsullara tələbat nə yerdədir?
Bu gün “ABAD”ın vasitəçiliyi ilə yaranan kiçik ailə bizneslərinin sayı 406-dır. Onlardan 330-dən çoxu dekorativ-tətbiqi xalq sənətkarlığı, 73-ü isə qida məhsullarının istehsalı, 3 ABADçımız isə xidmət sahəsində fəaliyyət göstərir. ABADçılar tərəfindən 50-dən çox ət, süd, un, qənnadı məhsulları, quru meyvələr, ballar, mürəbbə, kompot, cem və sair, bir çox istehlakçının rəqbətini qazanmış qida məhsulları istehsal olunur. “ABAD” məhsullarının istehlakçısı həm də özümüzük. İlk dequstasiyanı elə öz aramızda təşkil edirik. Sınaqdan keçməyən qida məhsulu satışa təqdim olunmur. Bu gün “ABAD” qida məhsulları qenetik modifikasiya olunmamış tam təbii, əl əməyi ilə ilə hazırlanmış və qida təhlükəsizlik meyarlarına cavab verən qatqısız məhsullardır. Əl işləri sahəsində fəaliyyət göstərən sənətkarlarımızın məhsulları isə kifayət qədər çoxdur. Ən çox istehlakçı qüvvəsini xarici qonaqlar təşkil edir. Məhz elə ona görə də suvenirlerin satışını həyata keçirən etno-butiklərimiz xarici qonaqların axın etdiyi coğrafi strateji ərazilərdə yerləşir.
- ABAD-ın sosial media platformaları hansı reklam agentliyi tərəfindən idarə edilir? Yoxsa, in-house idarəedilməsinə üstünlük verirsiniz?
Bu gün “ABAD”ın rəsmi internet səhifəsi ilə yanaşı facebook, instagram, linkedın, twitter, youtube və hətta bizim ölkədə müqayisədə az populyar olan telegram kimi sosial kanallarda rəsmi hesabları var.
Facebook: https://www.facebook.com/ABADmerkez
Instagram: https://www.instagram.com/abadmerkez
Twitter: https://twitter.com/ABAD_PLE_
LinkedIn: https://www.linkedin.com/in/abadmerkez/
YouTube: https://www.youtube.com/c/ABADmerkez
Telegram: https://t.me/ABADmerkez
Site: www.abad.gov.az
ABAD-ın bütün media platformaları birbaşa şöbəmiz tərəfindən idarə olunur: istər sosial medianın idarəedilməsi, istər çap məhsullarının dizaynı, istər məhsulların etiket dizaynı və s. Özümüz fikirləşib, özümüz edirik. Ən çox sosial şəbəkələr üzrə istifadə etdiyimiz metod CRM, viral, əlamətdar günlərin qeyd olunması, müxtəlif manipulyasilarla məhsulun yerləşdirilməsi, ABADçıların tanıtımı, istehsal və ya əl işləri prosesinin video-çarxları, viktorinalar və s. Hətta onu da qeyd edim ki, reklam üçün çox kiçik məbləğdə büdcəmiz olur, o da texniki xərclər üçün ayrılır. Məlum olduği kimi, “ABAD” kommersiya deyil, sosial layihədir və məqsədi də müxtəlif donorlar vasitəsi ilə kiçik sahibkarlara dəstək olmaqdır. “ABAD” qazanmır, qazandırır.
Onu da qeyd edim ki, “ABAD” olaraq media ilə də çox sıx işləyirik. Ümumiyyətlə “ABAD”ın fəaliyyətinin daha geniş kütləyə çatdırılmasında media dostlarımızın dəstəyi əvəzsizdir. Biz onlara tək partnyor kimi yox, öz yaxın dostlarımız kimi baxırıq. Hətta sosial şəbəkə üzrə məşhur bir qrupumuz da var, demək olar ki gündəlik əlaqədə də oluruq onlarla.
Müsahibə və maraqlı suallar üçün təşəkkür edirəm!