Sosial medianın inkişafı, özü ilə bəzi ifadələri də gətirib. Sosial mediada linç olunmaq və deyə bilərik ki, istər məşhurların, istər influencerlərin, istərsə də, adi sosial şəbəkə istifadəçilərinin linç olunduğu situasiya ilə rastlaşmışıq. Bir düşünün, mütləq xatırlayacaqsınız. Filankəs filan vaxtı filan mövzuda status paylaşmışdı, amma istifadəçilərin əksəriyyəti ona qarşı çıxdı. Bu çıxışların əksəriyyəti də statusu paylaşana qarşı idi. Eləcə də brendlərin özləri də belə hadisələdən heç də sığortalanmayıblar.


Bəs, çıxış yolu nədir?, sosial mediada necə linç olunmamaq olar? facemark.az bu mövzu ilə bağlı olaraq marketoloq Seymur M. Quliyevin fikirlərini öyrənib.


Mütəxəssis bu hadisəni qan qoxusu alan piranilər ilə qurban arasındakı münasibətə bənzədib.


“Bu həqiqətən də son dövrlərdə olduqca aktual hala gəlib. Xüsusən də kiminsə haqqında nəsə bir məlumat paylaşılan zamanı və yaxud da, hansısa bir məşhurun özü haqqındamı və yaxudda hər hansınsa bir məhsul haqqındamı və yaxudda hansısa bir hadisəmi, xəbərmi haqqında paylaşım zamanı insanların bunlara qarşı fərqli istiqamətlərdə reaksiyaları olur. Mən linçə, yəni linç prosesinə qurban və qan qoxusu alan piranilər arasındakı münasibət kimi yanaşardım və bunun da yaranması üçün müəyyən səbəblər var”.


Seymur M. Quliyev sosial mediada linçin yaranmasına gətirib çıxaran səbəblərdən danışıb və əlavə edib ki, sosial şəbəkələrdən istifadə edənlər həssas, trend mövzular ilə bağlı şiddətli mövqelərdən çıxış etdikləri təqdirdə, əks münasibət görə bilərlər: “Birincisi, psixoloji problemlerin olmasıdır. İnsanımız yaşadığı həyat şəraiti, gördüyü fərqli davranışlar, reaksiyalar belə bir nüanslara gətirib çıxara bilir. Prosesə iqtisadi-siyasi, sosial hadisələr təsir edə bilir. Eyni zamanda, ortalama bir insan paxıldır gözü götürməzdir. Bu cür faktorları da gözardı etmək olmaz. Həmçinin, məlumat paylaşan bir insanın həssas mövzulara qarşı şiddəli reaksiya göstərməsi ola bilər. Məsələn, mövzu əgər trend və həssas mövzudursa, mövzuya qarşı olduqca şiddətli bir reaksiya göstərirsə, təbii ki ətrafdakı insanlar onla razılaşmaya bilər. Çünki hər kəs fərqlidir, hər kəsin öz düşüncəsi var”. Onun sözlərinə görə, sosial mediada belə bir deyim var.



“Influencerin özü belə bəzən qurban ola bilir, yəni nsanları yönləndirən zaman özü qurbana çevrilə bilir: “Məsələn, sosial mediada tez-tez saxta xəbərlərə rast gəlirik. İnsanların əksəriyyəti isə araşdırma etmədən, belə platformalarda oxuduqları hər şeyə inanır. Çünki ortalama insan tənbəl insandır, mənbəni öyrənməyə səy göstərmir. Xəbərin həqiqi üzünü görmədən isə onun haqqında pozitiv və ya neqativ reaksiyalar verirlər. Bəzən isə influencerlərin özüləri də düzgün xəbər paylaşmırlar, araşdırma etmirlər. Oxucu onun paylaşdığı xəbərin yalan olduğunu bildikdə isə, influencerin özü yönləndirəndən daha çox, qurbana çevrilmiş olur”.


Seymur M. Quliyev linç olunmamağın yollarından da danışıb: “Linç edilməkdən qaçılmağın müəyyən yolları var. Amma belə bir nüans var bundan qaçınmaq üçün gərək bütün insanlar, bütün mövzularda eyni baxış bucağına malik olsun. Bu zaman linç olmaya bilər, amma ortalama insan tamamilə bir-birindən fərqlidir . Əgər linç olunan zaman sakit qalırsansa, bu linç olunana qarşı insanların reaksiyalarının müəyyən qədər sakitləşdirəcək. Çünki bir insan deyilən sözə fikir vermirsə, reaksiya göstərmirə, qarşı tərəf də müəyyən qədər sakitləşir. Fərz edin ki, sosial media bir qutudur. Əgər qutunun içində olduğunun fərqindəsənsə, o halda sakit dayanaraq müəyyən şeylərin öhdəsindən gəlmək olur. Reaksiya verdikdə isə həmin istifadəçi qurbana çevrilir. Növbəti isə yuxarıda da qeyd etdiyim kimi həssaslığa qarşı diqqətli olmaqdır. İnsanlar müəyyən mövzularda həssasdırlar. İstifadəçi isə onların həssas nöqtələrinə toxunmadan fikir və şərh bildirə, status paylaşa bilər. Yox əgər bunun əksi baş verərsə, qarşı tərəf pozitiv bir statusa belə mənfi reaksiya verə bilər. Yəni, influencerlər hədəf göstərsə belə, bəzən özləri hədəfə çevrilirlər”.


Mövzu ilə bağlı digər mütəxəssislərin də fikirlərini öyrənib paylaşacağıq.