Dünyanın hər yerində serial bağımlılığı gün keçdikcə artmaqdadır. Gözümüzü qırpmadan ekrana saatlarla bizi baxmağa sövq edən və günün müzakirə mövzularından olan seriallar əksəriyyətimizin həyatının ayrılmaz hissəsinə çevrilmişdir.


Bəyəndiyimiz serialları nəfəs almadan izləyir, serial gedən zaman nəsə demək istəyən olduqda isə onu tənbeh edir, gələn qonağın varlığı unudulur, bölüm bitdikdə bir həftə gözləyir və final olanda da böyük bir boşluğun içinə düşürük. Bəs niyə dəyərlimizi itirmiş kimi davranırıq? Əslində səbəbi çox bəsitdir, bizi reallıqdan uzaqlaşdırdığı üçün ona bağlanırıq. Sanki serialın içindəymiş kimi özümüzü hiss edirik və serial getdiyi dövr ərzində başqalarının həyatına daxil olur, fərqli aləmlərdə fərqli təcrübələr yaşayırıq.


Maraqlı tərəflərdən biri ailə faciəsindən bəhs edən serialların da tamaşaçı tərəfindən çox izlənilməsidir. Daha çox izlənilməsi səbəbi kimi qeyd edə bilərik ki, insanlar nə qədər də xarakterin başına gələn hadisələrdən pis olsalar da, onunla bir yerdə dərdlənsələr də, günün sonunda həm başqalarının dərdləri haqqında danışmaq onları öz dərdlərindən uzaqlaşdırır, həm də bu qədər pis hadisələrin onların başına gəlmədiyi üçün özlərini rahat hiss edirlər.


Zəngin ailələrin həyatından bəhs edən seriallar isə “Nolsunki pulları var, xoşbəxt ki deyillər” düşüncəsi ilə xoş qarşılanır və izlənilir.


Təbii ki, bu qədər izlənən seriallar istər istəməz öz təsirini davranışlarımızda, danışığımızda, geyimimizdə bir sözlə həyatımızın bir çox sahəsində göstərir. Serialların həyatımıza təsirini biz öncə Latın Amerika seriallarından müşahidə etdik. Bunlara misal olaraq, “Santa Barbara”, “Mehriban düşmən”, “Dəlisov Anastasiya”, “Mənim ikinci anam”, “Bağban qızı”, “Səhrada məhəbbət”, “Rebeka” və “Klon”u göstərə bilərik. Adlarını sadaladığımız seriallardan bir çoxunu serial sevdalıları əzbərdən bilir və sizə personajları dünən baxmışcasına danışa bilərlər. Klon serialının ən gözə çarpan təsirini onu izləyən xanımların geyim tərzində görə bildik. Belə ki, xanımlar rəngli yaylıqlar, baş örtükləri ilə özlərini Zorayda, Hadi kimi xarakterlərə bənzətməyə çalışırdılar. Lakin məsələ orasındadır ki, sadəcə yeniyetmələr deyil, gəncindən yaşlısına hər kəs bu tendensiyaya uyğunlaşmağa başladı.


Psixoloq Humay Axundzadə belə hesab edir ki, özünü xarici görünüşdən başqalarına bənzətmək daxili tənqidin olmaması, komformizm kimi keyfiyyətin olmasını göstərir. Yeniyetməlik dövrünü bitirmiş insanların serial personajına bəzməyə çalışması onun mənlik şüurunun və özünüdərketməsinin formalaşmadığını göstərir. Həmçinin psixoloq Braziliya seriallarının mənfi tərəflərindən bəhs edir. Belə ki, 30-40 il ərzində Braziliya seriallarının yayımlandığı ərazilərdə serialların insanlara təsiri araşdırılmışdır. Nəticə olaraq qeyd olunur ki, bu ərazilərdə doğum səviyyəsi, təbii artım digər ərazilərə nisbətən daha azdır. Eyni zamanda, boşanmaların da sayı çoxdur. Bunu alimlər onunla əlaqələndiriblər ki, adətən serial qəhrəmanları karyera qurmağa cəhd göstərən, ailə məsələlərini, ailə dəyərlərini ikinci planda qoyan obrazlar olur. Bu seriallara daim baxan və yetişən nəsil də oxşar həyat ssenarisini yaşamağa başlayır.


Braziliya seriallarına marağın azaldığı və Türkiyədə serial çəkilişlərinin yüksəldiyi bir dövrdə həyatımıza türk serialları daxil oldu. “Kurtlar Vadisi”, “Yabancı damat”, “Kaybolan yıllar”, “Yaprak Dökümü” hər biri əhali tərəfindən çox sevildi və çox bəyənildi. Türk seriallarının Azərbaycan əhalisi tərəfindən çox sevildiyinin nümunəsi kimi yeni doğulan körpələrə türk adlarının qoyulması tendensiyasını göstərə bilərik. Misal olaraq, Nur, Selin, Miray, Damla, İlayda, Onur, Turqut, Fateh və Harun adlarını qeyd edə bilərik. Lakin milyonlar tərəfindən izlənən “Kurtlar Vadisi” serialı gənclərimizə mənfi yöndə çox təsir elədi. Ümumiyyətlə, kriminal tərkibli serialların davamlı şəkildə izlənilməsi gənclərimizin şüuraltısına təsir etməyə və onlarda cinayətə meyilliliyə gətirib çıxarır.


Serialın məşhur olduğu dövrdə gənclər özünü ona bənzətməyə çalışırdılar. Onun saç düzümü bərbərxanalarda xüsusilə məşhur idi. Lakin bənzətmə bununla kifayətlənmirdi. Məhlədə uşaqlar arasında özünü digərlərinə nisbətdə güclü hesab edən Polad, dostları arasından Mematini və Abdülheyi götürüb digər məhlənin uşaqları ilə davaya gedirdilər. Bu kimi halların qarşısını almaq üçün gənclərin izlədiklərinə ciddi nəzarət olunmalıdır.


Hazırda isə seriallar YouTube-a yüklənir və bu gənclərin istənilən anda, istədiyi qədər seriala baxması deməkdi. Serialların bağımlılıq xüsusiyyətini də nəzərə alsaq, dayanmadan izlənilən 2-3 bölümün ardından küçədə gəzərkən özünü həmin serialda olduğunu hiss edən gənclər görmək artıq normal vəziyyət halına gəldi.


Türk seriallarının Azərbaycan əhalisi tərəfindən izlənilməsi hələ də öz aktuallığını qoruyub saxlayır. Lakin zamanın bu qədər mühüm önəm kəsb etdiyi, vaxtın sürətlə keçdiyi dövrdə insanların çox uzun müddət seriallara baxması onlarda hər hansı irəliləyişə səbəb olmayacaqdır. Türkiyəli youtuber Murat Soner öz YouTube kanalındakı videolarında seriallara tənqidi baxımından yanaşır və “Hazırki seriallara niyə baxmamalıyıq?” sualını hər videosunda çox gözəl cavablandırır.


Məsələn, hazırda türk seriallarında baxışma səhnələri və ağlaşma səhnələri artmışdır. “Hercai Dizisi Dünya Rekoru Kırdı” videosunda Murat Soner qeyd edir ki, 154 dəqiqəlik serialın 62 dəqiqəsi sadəcə ağlamaqdan ibarətdir və hətta bura ağlamaqlı səhnələr daxil deyil. Digər seriallarda maksimum 13 dəqiqə olan baxışma səhnələri Hercai-də rekor həddə çatmış və 25 dəqiqə olmuşdur. Və ən dəhşətlisi odur ki, bu serial gənclər tərəfindən çox sevilən seriallar arasındadır. Serialın onlara müsbət yöndə nə qatacağı isə böyük bir müəmmadır.


Hazırki seriallarla bağlı qeyd etmək istədiyim mühüm məqamlardan biri də qadına şiddətin çoxluq təşkil etməsidir. Və qadına şiddət tətbiq edən oğlanın isə yaraşıqlı olması onun etdiklərinin gənc qızların gözündə yox olmasına kifayət edir. Bildiyiniz kimi hazırda Türkiyədə qadına şiddət, qadın cinayətləri inanılmaz dərəcədə artmışdır. Cinayətlərin birində ata gözünü belə qırpmadan övladının gözü qarşısında anasını belə də olmalıymışcasına, sanki etdiyi ən doğru addımmışcasına qətlə yetirir.


Belə vəziyyətlərin çox olduğu dövrdə əsasən gənclərimiz tərəfindən izlənilən serialların da tərkibində qadına şiddət səhnələrinin çoxalması və həmin insanların yaraşıqlıdı deyə sevilməsi gənc oğlanların şüurunda mənfi kodlaşmanın getməsinə səbəb ola bilər. Onların gözündə şiddət adiləşə bilər.


13 iyul tarixində Milli Televiziya və Radio Şurasının iclasında qəbul olunan qərara, əsasən sentyabrın 1-dən Azərbaycan televiziya kanallarında xarici serialların yayımına start veriləcək. Düzdür, seriallar müəyyən vaxt məhdudiyyəti ilə yayımlanacaq, yenə də onların əvəzinə daha önəmli proqramlar və videoların dublaj olunmuş versiyaları normal yayım müddətində yayımlansa daha faydalı ola bilər. İnternetdə yayımlanan belə videolardan bir çoxları əcnəbi dil məhdudiyyətinə görə yararlana bilmir.


Müəllif: Y.A.