Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə 01 sentyabr 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycanda yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunub.


Bu mövzu ətrafında facemark.az Əməkdar jurnalist, televiziya mütəxəssisi Qərənfil Xəlilova ilə müsahibəsini təqdim edir.


Qərənfil xanım qeyd edir ki, xarici serialların efirdə nümayiş etdirilməsi təcrübəsi bizdə var; biz bilirik ki, əvvəllər aylarla, illərlə bizim tamaşaçılar xarici seriallara baxıblar: “Əvvəllər teleserialları çox baxımlı vaxtlarda yerləşdirirdilər ki, reklam bazarının imicinə təsir etsin, televiziyalara gəlir gətirsin. Bu, gəlirli sahədir. Televiziyalar seriallara çəkilən xərci artıqlaması ilə götürə bilir və öz ehtiyaclarına yönəldə bilir. İndiki halda bu, məncə, boşluğu doldurmaq üçündür”.


Televiziya mütəxəssisi həmçinin qeyd edir ki, əgər yaxşı serial seçimi olsa, tamaşaçıların təlabatını ödəyə bilər: “Məsələn “Muhteşem Yüzyıl” - düşündürücü, ibrətamiz, tarix haqqında müəyyən dərəcədə məlumat verən serial olduğu üçün bu kimi serialların tamaşaçılara olan təsiri, əlbəttə, çox müsbət idi.


Bu qərarın lokal əhaliyə nə mütləq müsbət, nə də mütləq mənfi təsiri yoxdur. Təbii ki, fərqli həyat tərzlərinin, fərqli problemlərin tamaşaçıya təqdim olunması həmişə lokalla üst-üstə düşmür. Amma ağıllı insan özü nəyin əxz olunub-olunmamasına yaxşı qərar verə bilir. Bu mənada istənilən xarici tele-serialla lokal əhaliylə tələblərinin və haradasa müəyyən standartlarının üst-üstə düşməsi - bu, mümkün deyil. Sadəcə olaraq, seçim yaxşı olanda rəqabətin artması halları da mümkündür. Yəni, biri var məşhur, özünü təsdiqləmiş seriallar, biri də var kənarda qalan, heç kimə lazım olmayan seriallara artıq pul xərcləmək”.


Ünvanladığımız suallardan biri isə efir məkanında əcnəbi serialların 23:00-dan 07:00-a qədər nümayişi haqqında idi. Bu barədə Qərənfil Xəlilova bildirib ki, bu saatlarla kifayət qədər tamaşaçı toplamaq mümkün deyil: “Bu, məncə, televiziyada çalışanların yükünü yüngülləşdirmək məqsədi daşıyır. Burada əsas məsələ onların yükdən, qayğıdan, məsuliyyətdən azad etməkdir. Bu saatlarda paylaşılan reklamlar da güclü gəlir gətirməyəcək, çünki baxımlı vaxt deyil. Mən, doğrusu, bu qərarla razı deyiləm. Gecə vaxtlarında serial nümayişləri insanlara mənfi təsir göstərir. Bu praktika dünya təcrübəsində tamaşaçılara nə verir, bunu araşdırmaq lazımdır”.


Mövzu ilə bağlı daha öncəki araşdırmamızı BURADAN oxuya bilərsiniz.


Müəllif: Pəri Abbaslı