Reklamsız və pulsuz olduğu üçün, hətta WhatsApp kimi nəhəng platformaya rəqib çıxan Telegram, əslində, çox yox, yalnız 7 il əvvəl qurulub. Layihə VKontakte-nin yaradıcısı Pavel Durov tərəfindən hazırlansa da, VKontakte-ni geridə qoyaraq daha böyük kütləyə müraciət etməyə başlayıb.


Günümüzdə bu platformadan yalnız kommunikasiya qurmaq, mesaj göndərmək, fayllar ötürmək üçün deyil, həm də öz məhsulunuzu effektiv şəkildə reklam etmək üçün istifadə edə bilərsiniz.


Necə? Telegram kanalları sayəsində.


Bizə tanış olan qrup çat məfhumu kanallarla oxşarlıq təşkil edir. Cüzi fərqlər isə kanallarda yalnız adminlərin mesaj göndərə bilməsidir. Bir növ, təsəvvür edin ki, siz bir konfransdasınız. 200 nəfər iştirakçısı olan (pandemiyadan əvvəl) konfransda iştirakçı qismində olan hər kəs moderatorun və spikerlərin dediklərinə qulaq asır, onlardan informasiya qəbul edir. Telegram kanalı da elə bunun onlayn versiyasıdır. Kanallara atılan yalnız bir xəbər linki belə kanala abunə olan yüzlərlə, minlərlə insana çatır.



Telegram kanalları digərlərindən nəyə görə fərqlənir?


Çünki “kanal çatı” ifadəsi Telegram-ın özünə məxsusdur. Bu çatlar vasitəsilə eyni anda minlərlə insana göndərilə bilən mesajlar abunəçilərin anonimliyini qorumağa da qadirdir. Belə ki, kanal abunələri digər abunələri görə bilmir: digər abunələr haqqında gördüyü tək şey kanalın ümumi abunəçi sayıdır.


WhatsApp-da bu, WhatsApp İş Tətbiqi vasitəsilə mümkündür, ancaq siz eyni anda yalnız 256 adama çata bilərsiniz. WeChat və Line-da da yayımlar mümkündür, lakin əlavə məhdudiyyətlər danılmazdır. Hələ bu kimi funksiyaları ödənişlə əldə etmək mümkündür.


Həmçinin kanalınızın nə qədər insana çatmağı da yenə sizdən asılıdır. Gizli kanallar sayəsində kanalınıza yalnız müəyyən linkə sahib olanlar girə bilsə də, hamıya açıq kanallar düzgün vaxtlarda, düzgün yerlərdə paylaşıldıqda çox insan tərəfindən maraq göstərilən platformaya çevrilə bilər.



Niyə Telegram kanalı istifadə etməlisiniz?


Telegram kanalınızı bir bloq kimi düşünə bilərsiniz. Artıq bloq yazısı yazıb, ona şəkillər əlavə etməklə, sayta yükləməklə vaxt itirməyə ehtiyac yoxdur. Tək etməli olduğunuz, telefonu götürüb kanalınızda yeni mesaj hissəsində öz düşüncələrinizi yazmaqdır. Bu, sadəcə saniyələrinizi alır.


Canlı hadisələri bildirmək üçün Twitterdən, Facebook-dan daha operativ ola bilərsiniz.


Qeyd edək ki, Belarusda davam edən etirazların ən sadiq dostu Telegram kanallarıdır. Telegram-ın bütün mesaj və istifadəçiləri kodladığı serverlərdən dövlətlərə informasiya verilmədiyi üçün Telegram kanallarını bağlaya bilməyən hökumət insanların operativ şəkildə bir-birinə məlumat ötürməsinə əngəl ola bilmir. “NEXTA”, “NEXTA Live”, “Belarus of the Brain” adlı Telegram kanalının səs-sədası isə getdikcə bütün ölkəyə yayılmağa davam edir.



Telegram kanalları biznesimə necə kömək edəcək?


Necə ki siz ixtisasınıza aid bloqlar yazaraq, həm özünüzə aid xüsusi auditoriya, həm də biznesinizə yönələcək potensial kütlə cəlb edirsiniz, eləcə də, Telegram kanalları bu yolda sizə bu formada dəstək ola bilər. Biznesinizin aid olduğu kateqoriyaya uyğun Telegram kanalı açaraq, həm özünüzü, həm də məhsullarınızı insanlara tanıda bilərsiniz.


Müştərilərinizlə effektiv kommunikasiya qurmaq bu işin labüd tərəflərindəndir, bilirik. Məhz bu tərəfi də unutmamaq üçün Telegram kanallara aid qrup çatları yaratmağa icazə verir. Kanalın keçidindən istifadə edərək yaradılan qrup çatları sayəsində siz abunəçilərinizi tanıya və rahatlıqla onların suallarına, təklif və şikayətlərinə qulaq verə bilərsiniz. Qrup çatları sayəsində, hətta müştərilər öz aralarında şirkətiniz və məhsulunuzla bağlı müzakirələr apara bilərlər.


Bundan əlavə, Facebook və Instagram-a olan anket funksiyası da Telegram-da yerləşdirilən lazımlı ləvazimatlardan biridir. Qrup çatı yaratmağa ehtiyac qalmadan kanalınızın tərkibində sorğu yaradaraq abunəçilərinizin düşüncələrini öyrənə bilərsiniz.


Müəllif: Pəri Abbaslı