Alfa nəsli ilk olaraq futurist, demoqrafiya mütəxəssisi Mark McCrindle və komandasının “Z nəslindən sonra hansı nəsil gələcək?” sualına cavab axtarmaları ilə meydana çıxdı. McCrindle və komandası Avstraliyada milli sorğu keçirərək insanlardan yeni nəslin adını qoymaqlarını istədi. Və bu sorğu nəticəsində Alfa yeni nəslin adı olaraq seçildi. Alfa, eyni zamanda zaman, yer, sıra baxımından başqalarından öncə gələn kimsə və ya nəsnə üçün də istifadə olunur.
Alfa nəslinin əhatə etdiyi illər fərqli mənbələrdə fərqli şəkildə öz əksini tapır. Məsələn, Alfa nəslinin başlanğıc ili olaraq 2010, 2011, 2013 göstərilir, sonu olaraq isə 2020, 2024, 2030 qeyd olunur. Mark McCrindle isə alfa nəslinin 2010-2024-cü illəri əhatə etdiyini bildirir. Hər həftə dünyaya 2.5 milyon alfa göz açır. 2025-ci ildə isə onların sayı təxminən 2 milyarda yaxın olacaq. Alfalar ən çox texnologiya əsaslı və digər nəsillərdən də daha tez texnologiya ilə tanış olan nəsildir. Alfa uşaqlar düşüncələrini saniyələr içində paylaşma qabiliyyətinə və asanlığına sahib, hiper kommunikasiyanın hakim olduğu tamamilə onlayn dövrdə doğulan ilk nəsildir.
Alfalar;
- Multitasking (eyni anda bir neçə işlə məşğul) olan;
- Özünəqapalı, fərdi çalışmağı üstün tutan;
- Hafizələri çox şey tutmayan;
- “Reset”, “Reload” nəsli olduqları üçün xətaların bir toxunuşla həll olacağını düşünən;
- Digər nəsillərə görə daha az danışan, ətraflarındakı digər şəxslərlə söhbətləri olduqca məhdud olan, insanlarla əlaqə qurmağa daha az meyil edən;
- Vizual görüntüləri, videoları, animasiyaları, holoqrafik ünsiyyəti yazıdan və danışıqdan üstün tutan;
- Beyinləri daha çox məlumata məruz qaldığı üçün diqqətləri, mənimsəmələri və konsantrasiyaları zəif olan, tək bir hadisəyə diqqətini verə bilməyən;
- Birbaşa kommunikasiyadan daha çox virual şəkildə ünsiyyət qurmağa üstünlük verən;
- Duyğuları tez-tez dəyişən, dərhal reaksiya, tərif və hədiyyə almağı gözləyən;
- Daha bacarıqlı, daha ağıllı lakin, mədəni dəyərləri önəmsəməyən;
- Təbiətdən ciddi şəkildə uzaq olan, düzənsiz qidalanan, təbii qidalardan çox, sürəli şəkildə yeyib-içə biləcəyi qidaları seçən nəsildir.
Mark Mccrindle-ın vurğuladığı nöqtələr;
Mark Mccrindle alfaların həddindən artıq hərəkətli olduqlarını və sabit qalmağın onlara xas xüsusiyyət olmadığını qeyd edir. Məsələn, deyək ki, bir gün onlarla wifi-ın kəsildiyi gün evdə qalmalı oldunuz. Alfamızın bütün gün sizə fasiləsiz, həm görüntü, həm səs xidməti verəcəyindən əmin ola bilərsiniz.
- Bu nəsil qaydalarını özü müəyyənləşdirir, onlar üçün sərhədləri aşmaq sadəcə bir əyləncədir;
- Qidalanmalarına diqqət etməyəcəklər;
- Yorulmaqları üçün həddindən artıq izləməlidirlər. Bəzən bu valideynlər üçün yorucu ola bilər. Lakin səbirli olmalı və kifayət qədər yorulmalarına icazə verilməlidir. Sadəcə yorulanda yatacaqlar, onlar üçün yatmaq vaxtı deyə anlayış yoxdur;
- Anı yaşayırlar, onların keçmişə və gələcəyə aidlik duyğuları yoxdur.
Bəs, alfalar texnologiyanın inkişaf etdiyi bu dövrdə anadan olmaqla nələr itirdilər, nələr qazandılar?
Hazırda, alfaların doğulduqları andan etibarən əllərinə “oyuncaq” olaraq telefon verilir. Çox erkən yaşda saatlarla telefonda oyunlar oynamağa, videolara baxmağa başlayırlar. Və nəticədə ətraf aləmdən, insanlardan uzaqlaşırlar. Əvvəlki nəslin uşaqlığı həyətlərdə “Bənövşə”, “Gizlən qaç”, “Yeddi şüşə” və s. maraqlı oyunlar oynayaraq keçdi. Uşaqların yaşıdları və hətta arada uşaq ruhlu böyükləri ilə oynadıqları bu oyunlar onlar üçün ən xoş və unudulmaz xatirələr arasındadır. Lakin alfaların isə sadəcə uşaqlıqları ilə bağlı virtual xatirələri formalaşır və virtual aləm onları real ünsiyyətdən hər keçən gün daha da uzaqlaşdırır. Düzdür, texnologiyanın hər cür faydalı tərəfindən yararlanmaq onlara erkən yaşda nəsib oldu, lakin bəlkə də onlar real həyatda əsl dostluğun belə nə olduğu bilməyəcəklər. Nəticədə, alfalar gələcəkdə özlərini sadəcə özlərinin yaratdığı virtual dünyada rahat hiss edəcəklər. Və virtual gerçəklik həyatlarının ayrılmaz parçası olacaq.
Alfalar çox erkən yaşda kompüterlə tanış olduqları üçün daha erkən yaşda proqramlar kodlaşdırmağa başlayacaqlar. Həmçinin, fərqli düşünmə və öyrənmə xüsusiyyətlərinə malik olduqlarına görə, təhsil yenidən onlara uyğun formalaşdırılacaq. Həm də konsantrasiya problemləri olduqlarına görə əyləncəli tədris prosesində daha uğurlu olacaqları düşünülür. Eyni zamanda, ənənəvi təhsil sistemini deyil, öyrənmək istədikləri sahənin kurslarına getməklə kifayətlənəcəkləri qeyd olunur. Fərqli dindən və irqdən insanlarla münasibətə açıq olacaqlar.
Hazırda ən böyük alfanın 10 yaşı var və sadəcə ekrana toxunmaqla bütün həyatlarını keçirən alfaların gələcəkdə yalnız onlayn alış-verişdən istifadə edəcəkləri düşünülür. Bu da şirkətlərin onlayn alış-veriş və evə təslim strategiyaları üzərində daha da dərinləməsinə düşünmələrini vacib hala gətirir.
Qısacası, gələcək fərqli düşünəcək, fərqli yaşayacaq və fərqli reaksiyalar verəcək alfalarla dolu olacaq.
Unutmadan qeyd edək ki, artıq alfalardan sonrakı nəslin də adı müəyyənləşdirilib, onlar da “Beta” nəsli olacaq. Onların dövrü isə 2025-2039-cu illəri əhatə edəcək.
Müəllif: Y.A.