İxtisasca həkim-terapevt olan Azad Qəhrəmanov 2004-cü ildən birbaşa satış sistemində fəaliyyətə başlayıb. 2014-cü ildə SAT Group şirkətini təsis edərək müxtəlif sferalarda fəaliyyət göstərən şirkətlərin satış komandasını hazırlamaqla məşğuldur. Müəllifi olduğu “Satış adamının kitabı” özünü inkişaf etdirməkdə israrlı olan satış adamları üçün bol praktiki təcrübələri ilə dolu bir kitabdır.


Kitab yeni müştərilər qazanmağa, müştərilərə daha çox, daha iri həcmli satışlar etməyə, müştərilərlə etibarlı və uzunmüddətli münasibətlər qurmağa kömək edəcək bir kitabdır. 100-dən çox satış texnikasını özündə birləşdirir. Kitabda, əsasən satış söhbətinin 5 addımı izah olunur. Kitabı oxuyarkən satış bacarığının sonradan qazanıla biləcək bacarıq olduğunu müşahidə edəcəksiniz.



Əgər bu kitabı oxumaqdan savayı tətbiq edərək oxusaq bizə bu fürsətləri yaradacaq:


  • Kitab hazırda satışla məşğul olanlara satışlarını qısa müddətdə artırmağa kömək edəcək, işlərini asanlaşdıracaq. Onlar öz işlərindən daha böyük zövq alacaqlar.
  • Yeni başlayanlar üçünsə bu kitab əsas təlimat kitabı olacaq. Onlar addım-addım satış işini öyrənəcək, çətinlikləri olduğu halda kitabdan öz suallarına cavab tapacaqlar.

Kitab, həm də bütün iş adamları üçün nəzərdə tutulub. Kitabda verilən ünsiyyət və satış texnikaları istənilən işgüzar söhbətdə uğurlu olmağa imkan verir. Bu sizə müştərinizin tipologiyasını anlamaqda, onunla empatiya qurmaqda kömək edəcək.



Satıcı olaraq da öz tipologiyanızı kəşf edəcəksiz və özünüzdə olan problemləri inkişaf etdirəcəksiz. Satıcıların tipologiyaları kitabda maraqlı bir dillə izah olunub. Akula, tuna balığı və delfin bənzətmələri satıcının özünə kənardan baxması üçün əla metoddur:


  • Tuna balığı tipli satış adamları: Siz mağazaya daxil olursuz və sərbəst gəzirsiz. Əvvəlcə bu sizin xoşunuza gəlir, sonra isə qıcıqlanmağa başlayırsınız. Satıcı sizə yaxınlaşmır, kölgə kimi sizi izləyir.
  • Akula tipli satış adamları: Adətən bu tipdə satıcıların olduğu mağazalara girdiyinizə peşman olursuz, onunla alış-veriş etdikdən sonra özünüzü lazımsız məhsul aldığınıza görə aldadılmış hiss edirsiz. Bir sözlə satıcı loru dildə desək, sizə “qırsaqqız” olur, yapışır.
  • Delfin tipli satış adamları: Bu tipdə satış adamlarını gördükdə üzümüzdə təbəssüm yaranır. Satıcı bizimlə elə ünsiyyət qurur ki, müştəri özü satıcı ilə ünsiyyətə can atır. Bu satıcılar usta satıcılardır. Və satış etdikləri sahədə ekspert olurlar.

Müəllif: Fidan Əzizova