Rəqəmsal dünya innovativ həllərə, yeniliklərə yaxınlaşdıqca onun vizualları bir o qədər kiçilir. Misal üçün əvvəl biz əgər sevdiyimiz brendin sosial media postlarına diqqət edirdiksə, indi 15 saniyəlik, sürətli və olduqca kiçik pəncərələrdən diqqətimizi cəlb edən hekayələr bizə daha maraqlıdır.
Storytelling yaxşı biznes və marketinq strategiyasının əsas hissəsidir. Bu, hekayə yaradarkən müştərilərimizlə daha yaxşı kommunikasiya qurmağa və onların istəklərini dərindən öyrənməyə kömək edir. Artıq bu vəzifəni yerinə yetirmək üçün sosial media paylaşımları ilə bərabər, həm də “story”, yəni hekayə funksiyaları var. Facebook, Instagram, Snapchat hekayələri və hətta Messengerdə olan “Messenger Day” adlı hissə insanları bir-birinə yaxınlaşdırır və dolayı yolla şirkətləri öz müştəri ilə əlaqə qurmaq üçün daha asan üsullar təqdim edir.
Qeyd etmək lazımdır ki, insanlar bir-birinin funksiyalarını daşıyan oxşar platformalara meyillidirlər.
Postlar, yoxsa hekayələr?
Rəqəmsal media üzrə kontent strateqi Ben Şut (Ben Shute) “Social Media Today” platformasında yazdığı məqalədə qeyd edir ki, “snapshot” adı ilə istifadəçilərin təqdim etdiyi hekayələr, əslində, bizi sosial medianın necə davamlı yenilənən bir yer olduğunu bildirir. Facebook-da paylaşılan bir postu görən insan sayı az ola bilər, amma onun kontrastında sizin davamlı hekayə paylaşmağınız diqqət çəkən bir profilə çevrilməyinizə kömək ola bilər.
Bəs hekayələrimizi necə effektiv edə bilərik?
Hərəkətə keçin: Markanız sosial media profillərində hekayə funksiyasından istifadə etmirsə, başlamağın tam vaxtıdır, çünki 5 şirkətdən 4-ü bu funksiyadan istifadə edərək öz müştərilərlə əlaqəyə keçir.
Instagram və Facebook-da sorğular keçirə, testlər hazırlaya bilərsiniz. Hətta saat və ofisinizin adına uyğun yer etiketi də qoymaq istifadəçilərinizə maraqlı gələ bilər.
Məzmunu hekayələrinizə uyğunlaşdırın: Hekayələrinizə uyğunlaşdırılmış mövzu müştərilərinizin marağına səbəb ola bilər. Onlar canlı və səmimi olurlar. Hekayələrinizi özünüzəməxsus düzəldərək yaddaşlarda qalmağına səbəb ola bilərsiniz. Artıq sizin şəxsi brendinizin, yaxud şirkətinizin profil şəkli görünən kiçik qutucuq ətrafında yaranan çəhrayı dairə insanları cəlb edəcək.
Şirkətinizin yaradıcı departamentlərini ortaq məxrəcə gətirin: Qrafik dizaynerlər, fotoqraflar, videoqraflar və ümumilikdə bütün yaradıcı komandanızı bir araya gətirərərək ortaq bir iş yaratmağa təhrik edin. Sosial media hekayələri vizuallığı, videoları, mətnləri və ümumi kontentləri birləşdirəndə effektiv geri dönüşlər alır.
“Highlight”lardan istifadə edin: Bu funksiya ilə birlikdə hekayələrinizin ömrünü uzatmış olursunuz. Artıq onlar 24 saatdan sonra görünməz olmayacaq və sizin profilinizi ziyarət etmiş istifadəçilər onları istənilən vaxt görə biləcək.
Əlbəttə, burada qeyd edilməli olan digər bir məqam isə “hightligt”larınız üçün istifadə olunacaq örtük şəkilləridir. Onları canlı tutun və ikonlardan istifadə edərək müştərilərinizin göz yaddaşının xatırlaya biləcəyi ikonlarla, həm məzmununuzu bildirin, həm də başa düşülməsi asan edin. Şübhəsiz, bu örtüklərin rəngi və stilistikası sizin profil şəkliniz və ümumi profilinizin görünüşü ilə üst-üstə düşsə, bu, daha effektiv addım olacaq.
Şirkətinizə aid GIF-lər hazırlayın: GIF-lərlə eksperiment, həm sizin tanınırlığınız üçün, həm də müştərilərinizin sizə olan yanaşmasının müsbətə doğru irəliləməsi üçün sizə kömək olacaq.
Hekayələrdən daha effektiv istifadə etmək üçün “Şirkətlər Instagram stories-lərdən necə istifadə etməlidir?” məqaləmizi oxuya bilərsiniz.
Müəllif: Pəri Abbaslı