Bençmarkinq (Benchmarking – Müqayisə) aparıcı müəssisələrdə məhsullar, xidmətlər, proseslər və istehsal texnologiyaları barədə məlumatları ölçən davamlı bir prosesdir.


Vikipediyada da bu terminin izahı ilə bağlı deyilir ki, şirkətin öz işini yaxşılaşdırmaq, səmərəli fəaliyyət göstərməsini təmin etmək üçün mövcud nümunələrin müəyyən edilməsi, başa düşülməsi və uyğunlaşdırılması prosesidir. Müqayisə çox zaman sadə müqayisə və ya rəqabət təhlili ilə eyniləşdirilir. Sadə bir müqayisə tipik bir zaman periodunu əhatə edir, ancaq bençmarkinq isə bir müddət ərzində aparılır. Rəqabət analizi isə adından da göründüyü kimi sırf rəqiblər ilə aparılır. Bençmarkinq yolu ilə müəyyən bir sənayedə hansı şirkətin lider olduğunu və bu mövqeni necə əldə etdiyini öyrənə bilərsiniz. Belə bir uğurlu mövqeyə aparan hərəkət və proseslər daha sonra öz müəssisələrində tətbiq edilir.


Benmarkinqin tarixi


Bençmarkinqin tarixi ABŞ ilə və orada fəaliyyət göstərən fotokopi istehsalçısı XEROX Korporasiyasının adı ilə bağlıdır. 80-ci illərin ortalarında XEROX şirkətinin qlobal bazardakı payı 80%-dən 40%-ə enmişdi. Bu isə rəqibləri olan, yapon firmaları Canon və Minolta ilə bağlı idi. Daha çox dövriyyə itkisinin qarşısını almaq üçün bir müqayisə layihəsi həyata keçirdi. Bunun üçün isə əvvəlcə rəqiblərin məhsulları çox ətraflı bir şəkildə araşdırıldı. Lakin bu analiz xərclərdəki böyük fərqləri izah etmək üçün yetərli deyildi. Buna görə dəyər zəncirindəki bütün problemlər analiz edildi və problemin loqistika və satışdan dolayı qaynaqlandığı aydın oldu. Müəssisə rəhbərliyi bu problemi isə rəqib olmayanlar ilə də müqayisə etməyə qərar verdi. Beləliklə, bu funksional sahələrdə bir neçə metod seçilib və uğurla həyata keçirilib. Eyni zamanda istehsal xərcləri 50%, yeni məhsulların hazırlaması və dizayn müddəti isə 66% azaldıldı.


Bu illər ərzində isə bençmarkinq - müqayisə - ölçmə, yaxşılaşdırma və öyrənmə üçün effektiv bir vasitə olaraq bütün dünyada inkişaf etmişdi.