Avqust ayının 29-da Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərində bağlı olan və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılan küçə və prospektlərin siyahısını təqdim edib. Belə ki, mərkəz Neftçilər prospektində, Afiyəddin Cəlilov küçəsində, Əziz Əliyev küçəsində, Bülbül prospektinin Zərifə Əliyeva və Neftçilər prospekti ilə kəsişməsi istiqamətində təmir işlərinin aparılması ilə əlaqədar olaraq tamamilə bağlanması haqda əhaliyə xəbərdarlıq edir.
Bundan başqa Abbas Mirzə Şərifzadə küçəsinin Nazim Hikmət küçəsi ilə kəsişməsindən “Kaktus” restoranı istiqamətində hərəkət hissəsi bağlı olduğu üçün həmin yolun əks hərəkət hissəsi 2 istiqamətli olub. Yasamal rayonu, Qələbə dairəsindən Əsəd Əhmədov küçəsi istiqamətində yol bağlı olduğu üçün həmin yolun əks hərəkət hissəsi 2 istiqamətli olub. Ü.Hacıbəyov küçəsində hərəkət hissəsi müvəqqəti 2 istiqamətli olduğundan isə K.Səfərəliyeva və Rixard Zorge küçələri bağlanmışdır. Həmçinin Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva və Neftçilər prospekti ilə kəsişməsi istiqaməti və Niyazi küçəsi tamamilə bağlıdır. NİİM paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar olaraq sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyyə edir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2009-cu ilin aprelindən layihə çərçivəsində Bakıda tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.
Əlavə məlumat əldə etmək üçün : “141” qaynar xətt və rəsmi internet səhifə: www.niim.az