Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərində təmirdən sonra istifadəyə verilmiş bəzi yolların siyahısını təqdim edir. NİİM bildirir ki, Əziz Əliyev küçəsində və Neftçilər prospektində təmir işləri tamamlandığı üçün, yollarda avtomobillərin hərəkəti bərpa olunmuşdur. Eyni zamanda Neftçilər prospekti Zərifə Əliyeva küç. ilə kəsişmədən Dalğa Plazaya qədər olan hissəsində təmir işləri tamamlandığı üçün, yol paytaxt sürücülərinin istifadəsinə verilib.
Bundan başqa Yasamal rayonu, Qələbə dairəsindən Əsəd Əhmədov küçəsi istiqamətində və Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva və Neftçilər prospekti ilə kəsişməsi istiqamətində yollar təmirdən sonra istifadəyə verilib. Həmçinin Niyazi küçəsi sürücülərin ixtiyarına verilib.
Xatırladaq ki, bir müddət öncə paytaxt Bakının mərkəzi küçə və prospektlərinin yolları təmir və yeni asfalt örtüyünün salınması ilə əlaqədar olaraq bağlanmışdır. Bununla bağlı NİİM sürücülərə müvəqqəti olaraq hələ bağlı olan yollara alternativ yollardan istifadə etməsini tövsiyyə edir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2009-cu ilin aprelindən layihə çərçivəsində Bakıda tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.
Əlavə məlumat əldə etmək üçün : “141” qaynar xətt və rəsmi internet səhifə: www.niim.az