Salam, dəyərli dostum. Ümid edirəm ki, yaxşısan. Bu dəfəki məqalədə səninlə müasir iş dünyasında İnsan Resursları əməkdaşlarına qoyulan tələblərdən yazacağam. Buraya, həm yumşaq (soft skill) bacarıqlar, həm texniki (hard skill) bacarıqlar aiddir. Həmçinin ümumi olaraq bilməli olduğumuz bilik, bacarıqlar toplusu daxildir.


Müasir İnsan Resursları Kadrların uçotu demək deyil. Çox təəsüf ki, hələ də bunu belə başa düşən sahibkarlar, iş adamları, hətta İR nümayəndələri var. Lakin gec tez hər kəs anlayacaq ki, İnsan Resursları kadr uçotu demək deyil. Kadr uçotu sadəcə İR-nın funksional bir hissəsidir. Bəzən əməkdaşlar arasında belə cümlələr gəzir “HR maaş kəsir”, “HR yanında ehtiyatlı danış”, “Əşi HR olmağa nə var, 5 ildən sonra özünüzü harda görürsünüz? sualını verəcəm vəssalamda” və ya 5 dəq sənin yanında olur deyir “Sabahdan HR kimi işləyə bilərəm nə rahat imiş”.


Əziz dostum. HR olmaq olar bəli, amma yaxşı HR olmaq bax bu çətin məsələdir. Çünki bu sahənin fundamental biliklərini bilməlisən, sistem qurmaq bacarıqların, texniki və yumşaq səriştələrin yüksək olmalıdır, rəqəmlərlə danışmağı əla bilməlisən, analitik bacarığın olmalıdır, insanlara qarşı çox gözəl yanaşma tərzin olmalıdır. Ümumilikdə götürsək İnsan Resursları Konsaltinq (məsləhətçi) şirkətləri istisna digər şirkətlərdə İnsan Resursları XƏRC mərkəzidir. Lakin rəhbərlik bunu XƏRC kimi deyil DƏYƏR kimi görməlidir. Əgər HR nümayəndəsi bunu xərc kimi göstərirsə o şirkətdə HR nın heç H hərfi yoxdur.


Bir daha yadda saxlayın İNSAN RESURSLARI KADR UÇOTU DEYİL.


İş yalnız müqavilələrin hazırlanması, əmrlərin yazılması, xəstəlik vərəqələrinin yazılmasından ibarət deyil. Bu sadəcə İnsan Resursları Əməliyyatları qolunun yerinə yetirdiyi funksiyalardır.


Müasir iş dünyasında İnsan Resurslarına qoyulan tələblər heç də az deyil. Əgər düşünürsüzsə ki, eyni sahədə qalım və sadəcə bu qol üzrə inkişaf edim və s. Sizə pis xəbərim var. Dünya və dünyadakı proseslərə paralel olaraq, İnsan Resursları xeyli dərəcədə digitallaşıb və bu proses olduqca sürətli şəkildə davam edir. Tək kadrların uçotunu bilməklə artıq peşəkar olmursan. Kadr uçotunu bilməklə yalnız həmin şöbənin rəhbəri vəzifəsinə yüksəlmək mümkündür. Təbii ki, Direktor və ya menecer səviyyəsinədək yüksələ bilərsiniz, lakin bunuda unutmayın ki, tabeliyinizdə işə qəbul, təlim və inkişaf, performans menecment və s. mütəxəssisləri olduqda onlara rəy bildirə bilməyəcəksiniz.


İnsan Resursları peşəkarı aşağıdakı tələblərə cavab verməlidir:


Yumşaq bacarıqlar tərəfdən:



1) Sürətli, dəqiq, analitik zəka
2) Düzgünlük, tez şəkildə adaptasiya olmaq, məsuliyyətli olmaq
3) Prosesləri əlinə ala bilmək
4) Liderlik və komanda idarəetmə
5) İnsanları anlamaq və psixologiyasın başa düşmək


Texniki bacarıqlar tərəfdən:


1) Excel, cloud və ekstra olaraq digər proqram təminatı bilgiləri
2) Kompüter ilə sürətli işləmək bacarığı
3) Tapşırıq (task) proqramlarından istifadə bacarığı
4) Dil bilgiləri (ingilis dili mütləq, əlavə olanı üstünlükdür)


Əlavə olaraq İnsan Resurslarında çalışan şəxs özünü mütləq şəkildə təlimləndirməlidir. Hər gün mütləq kitab oxumalıdır. İnsan Resursları trendlərini mütləq izləməlidir. Ən əsas məsələ isə müasir nə varsa onları şirkətdə tətbiq etmək üçün daim çalışmalıdır.


İnsan Resursları nümayəndələrinə isə aşağıdakı tövsiyələrim var:


1) Mütləq şəkildə kağız dövriyyəsini aşağı salın. Müəyyən perioddan bir sənədlərinizi arxivləşdirin. Əlavə olaraq digitala keçmək üçün addımlarınızı atın.


2) Proseslərinizi avtomatlaşdırın. Artıq keçmişdə qalıb əl ilə bir bir word-də müqavilə yazmaq. Avtomatlaşmış sistemlər qurmaq elə də çətin deyil.


3) Bütün sturukturlarla əlaqələrinizi yaxşı səviyyədə qurun. Unutmayın ki, İnsan Resursları xidmət göstərən bölmədir.


4) Prosesləri bacardığınız qədər onlayn rejimə salın.


5) Sənədlərinizi onlayn şəkildə saxlayın. Xüsusilə karantinin davam etdiyi və hər an sərt qapanma nəticəsində onlayn rejimə keçildiyi bir ərəfədə.


6) Şirkət işçilərində güvən yaradın. Sizinlə rahat şəkildə uğurlarını və problemləri bölüşmək üçün güvən zonası yaradın.


İlkin Mirzəzadə, İnsan Resursları Peşəkarı, təlimçi, blogger.