Facemark.az Teymur Məmmədovun ''Frilanser - mifik və ya gerçək azadlıq?'' mövzusunda yazısını təqdim edir.


Bu gün biznes mühitində ən işlək ifadələrdən biri frilanserdir desək, məncə, yanılmarıq. Son zamanlar qlobal miqyasda baş verənlər – pandemiya və iqtisadi böhranlar da bu kəlmənin işlətmə tezliyinə təkan verib.


Əslində ''freelanse'' ifadəsi özlüyündə tarixən heç də «azad sənətkar» anlamından təşəkkül tapmayıb. Ekspertlər yaxşı bilirlər ki, hələ qədimdən hərbi qulluğun davamlı və andlı xidmət növü kimi deyil, muzdlu – yəni kontraktla savaşlara bu və ya diğər tərəfdən qoşulmaq imkanı peşəkar döyüşçülər tərəfindən geniş yayılmışdı. Belə kontraktçılara o zaman «sərbəst nizələr», «azad nizələr» də deyirdilər.


Qapalı hüdudlarda - feodal natural qəsr və malikanə təsərrüfat sistemindən manufakturaya keçidə qədər bütün sənətkarlar təbəqəsi əslində azad sənətkar kimi təkbaşına və ya şagird- usta tandemində fəaliyyət göstərirdi. Yalnız quldarlıq sistemi dağılandan, xüsusilə kapitalizm təşəkkül tapandan sonra incəsənətə ayrı bir fəaliyyət sahəsi olaraq böyük tələb yaranandan sonra müasir qavramdakı «azad rəssam», «azad sənətkar» anlayışı müasir miqyası ilə ön plana çıxdı.


Bu gün isə bəhs edilən anlayış daha geniş hüdudlarda fəaliyyət sahəsi kimi başa düşülür. Ona olan sosial tələb də gündən-günə artmaqdadır. Sözü gedən proses texnologiyanın inkişaf vüsəti ilə həmahəngdir. İkincisi, şəxsiyyətin azadlıq çərçivəsinin genişlənməsi şərtlənir. Üçüncüsü, bu yöndəki trend fərdin texniki dəstəyinin çeşidli artması sayəsində bir nəfərin belə komadanı əvəz edə bilməsi tempinə uyğun olaraq dərinləşməkdədir.


Təbii ki, sosial ehtiyac varsa, üstəlik bu ehtiyac durmadan artırsa, deməli, frilanserin əmək fəaliyyəti sahəsi kimi bəlli üstünlükləri də vardır. Digər tərəfdən də işəgötürənin marağını da nəzərə almalıyıq. Deməli, onun da bu fəaliyyət növündən daha faydalı istifadəsi üçün öz mənafeyinə uyğun gələn üstünlükləri olmalıdır. Əslində gerşəklikdə əlli - əlliyə prinsipinin dominantlığını nəzərə alsaq, hər iki tərəf üçün «sərbəst nizə» fəaliyyətinin mənfi və müsbət tərəfləri gizlin qalmır.


Vaxta və sətirlərə qənaət etmək üçün bu önəmli məqamın detallarına diqqət yetirək. Burada göstərilən amillər mənim kəşfim deyil, sadəcə olaraq, tanış olduğum materiallar belə bir qruplaşmanın məntiqi olduğunu göstərdi. Üstəlik də, hər iki formatda fəaliyyət məndən ötrü də yenilik deyildir. Beləliklə, frilanser fəaliyyətinin fərd üçün başlıca üstünlükləri:


1. Özgüvəni yüksək olan və monoton iş tərzindən tez bezən insanların ideal sığınacağıdır.


2. Südəmər, körpə və kiçik yaşlı analar üçün peşə formasını itirməmək və övladı güvənli böyütmək üçün gözəl imkandır.


3. Səhhətində problemi olanlar, əmək qabiliyyətini müvəqqəti itirənlərin aktiv həyata inteqrasiyası üçün əvəzolunmaz resursdur.


4. Bacarıqlı peşəkarların adi həyat tərzindən imtina etmədən, uzaq məsafələr qət edərək işə gəlib-getmək, yolda saatlarla zaman itirmək məcburiyyətində qalmaması şərti ilə çalışmasının təminatı baxımından, habelə əyalətdən paytaxta axışaraq ciddi sosial və məişət problemləri ilə üzləşmədən səmərəli əmək fəaliyyəti göstərmək şansıdır desək, yanılmarıq.


5. Sərbəst iş qrafiki fərdin öz həyat və peşəkarlıq ampliduduna uyğun köklənir.


6. Zamanın iş ritminə münasibət baxımından frilanserin öz iradəsinə uyğun olmaqla daha effektiv idarə olunması.


7. Bir neçə fəaliyyət sahəsi ilə eyni zamanda məşğul olmaqla, öz bio və sosial fəallıq ritminə uyğun fəaliyyət göstərilməsinin reallığı.


8. Sifarişlərin müstəqil seçilməsi, peşəkarlıq səviyyəsinə uyğun olaraq sifariş prioritetlərinin idarə olunması.


9. Psixoloji faktorun vacibliyi, kiminsə təzyiqi və qeyri-peşəkar rəhbərliyi altında cansıxıcı iş rejimindən uzaq olmanın məmnunluğu.


10. Ailəyə daha yaxın olmaqla yaşanan həyatın bəxtəvərliyi, övladlara daha çox və effektiv diqqət yetiriməsi.


Arzu etdiyimiz gerçəklikdir, deyilmi? Frilanser fəaliyyəti heç də söylədiyimiz qədər poetik deyildir və heç də bütün hallarda cənnət həzzi bəxş etmir.


Belə ki:


1. Gəlirlərin sabit və davamlı olmaması, habelə sabaha inamsızlıq insanlara diskomfort yaşadır.


2. Ödənişləri istənilən həcmdə, zamanda və xoş məramla həyata keçiriləcəyinə tam güvənin olmamasıyla tez-tez üzləşilir.


3. Müştəri aranması, münasibətlərin və şərtlərin qarşılıqlı qarşılaşdırılması, bir sözlə, müştəri təmsilçiliyinin, mühasibat sisteminin də frilanserin özü tərəfindən həyata keçirilməsi əlavə zaman və bacarıq tələb edir.


4. Geri dönüşün zəif olması, həmkarlarla ünsiyyətə zaman azlığı, bağlantıların daha çox məsafədən həyata keçirilməsi öz izini qoyur.


5. Normalaşdırılmayan iş günü, azad sənətkarlıq medalının əks tərəfidir, «dünən gec idi» tempinin tər tökümü ilə fərdi yorulub əldən salınması, tək əlin həmişə köməyə ehtiyac duyması sindromu da əməyin məhsuldarlığına təsir göstərir.


6. İş və həyat məkanları arasında sərhədlər silinir, monotonluq yeni müstəvidə özünü təzahür etdirir.


7. Mən tək kontrabasda situasiyası insanı tez yorur, bəzən də usandırır.


Mən tünd boyalarla situasiyanı çıxılmazlığa sürükləmək niyyətində deyiləm. Bütün hallarda seçim insanın özünə bağlıdır. Burada ideal variant yoxdur və ola da bilməz. Frilans fəaliyyəti zamanın tələbi və çağırışıdır.


Müxtəlif zaman kəsiklərində hər iki formatda çalışan bir insan kimi, deməliyəm ki, peşəkarlıq səviyyəsi hər iki halda əli çörəyə çatdırır. Amma fərdi keyfiyyətlər, kiminsə rəhbərliyi altında və komanda - orkestrdə çalışa bilmək potensialı, habelə, şəxsi ambisiyalarına önəm verənlərin özlərinin şüurlu seçimi həyatdan və işdən zövq almağa real şans verir.


İndi isə işəgötürənin fəaliyyəti üçün bir format qismində bu fəaliyyət sahəsini dəyərləndirmək istərdim. Belə ki, ştatdan kənarda çalışan əməkdaşların - frilanserin işəgötürən üçün mənfi və müsbət tərəflərinə nəzər salaq.


Beləliklə:


- ştatda daha az sayda işçi olur və menecment say yükündən azad olur;


- bu da əmək haqqı və vergilər baxmından sərfəlidir;


- daha geniş sahəyə malik olan ofislərin icarəsinə ehtiyac qalmır və bu da bir qənaət resursu olraq diqqəti cəlb edir;


- yeni iş yerlərinin açılmasına olmur;


- işçinin peşə hazırlığı və kadrların təkrar hazırlığı ilə bağlı maliyyə resursları problemlərinin həlli asanlaşır;


- lakin frilanserin işin yerinə yetirilməsi müddətinə əməl edəcəyinə həmişə tam əminlik olmur;


- əgər icraçı tapşırığın icrasını gecikdirmişsə, işləri keyfiyyətsiz və natamam yerinə yetirərsə, ilkin ödənişin itirilməsi problemi yaşanır;


- tərəflər arasında yaradıcılıq baxımından fikir ayrılığı yaranarsa, yeni icraçı tapılması zərurəti meydana çıxır ki, bu da əlavə xərc deməkdir;


- təəssüflər olsun ki, sonda zaman və keyfiyyət itkisi qaçılmaz olacaqdır.


Biznes insanların öz seçimidir. Burada risklər kifayət qədərdir. Frilanser və işəgötürən arasında münasibətləri qarşılıqlı intizam və məsuliyyət zəminində qurmaq lazımdır ki, nəticələr hər iki tərəfi tam razı sala bilsin.



Teymur Məmmədov