LinkedIn brendlərin oxunaqlı məzmun dərc etmələri və paylaşmaları üçün gündən-günə məşhurlaşan platformaya çevrilib. Platforma mütəxəssislərin şəxsi brendinqi üçün sosial sayt sayılsa da, bir çox şirkət onun təqdim etdiyi funksiyalardan istifadə edərək müştərilərlə əlaqə qurmağa çalışır. Azərbaycandakı LinkedIn icması üçün də bu, istisna hal deyil.


LinkedIn-in hesabatına görə, saytın 200-dən çox ölkədə 530 milyon istifadəçisi var. Bu geniş zənginlik məzmununuzu yaxın və ya uzaqdakı müştərilərə çatdıraraq izləyicilərinizlə münasibətlərinizi gücləndirə bilər.



Forbes Agentliyi Şurasının 12 üzvü LinkedIn-in markanızın məzmun marketinq strategiyasına necə kömək edə biləcəyi barədə fikirlərini bildirib. Facemark.az həmin fikirləri sizə təqdim edir:


1. LinkedIn-in “Pulse Bloq”undan yararlanın


“LinkedIn profiliniz vizit kartınız, tərcümeyi halınız, iş axtarma vasitəniz və ya bazardakı səsinizdir. Platforma digər sektorların təsir dairələrini izləməyinizə, əlaqələndirməyinizə və peşəkar etibarınızı artırmağınıza kömək edir. Marka, xüsusən də, böyük şirkət üçün kontent marketinqi kampaniyası aparırsınızsa, Pulse bloqundan xəbər paylaşma vasitəsi kimi istifadə edə bilərsiniz. Məqalənizin aldığı diqqət və bəyənmə sayı sizi məyus etməyəcək”. - Jaymie Scotto Cutaia, “Jaymie Scotto & Associates” şirkəti.


2. Təsir dairənizi müəyyən edin


“Son zamanlar çox az insan LinkedIn-də marka kontenti izləməyə meyillidir. İndividual şəxslər digər insanlarla birbaşa əlaqə qurmaqda və interaktiv söhbət aparmaqda daha operativdirlər. LinkedIn-in bu cürə individual əlaqələri sevən bir platforma olması da insanlara bu barədə təsir edir. Məqalənizi brendinizin adından paylaşsanız, insanların diqqətini çəkməsi, yəqin ki, bir az vaxt alacaq. İndividualların şəxsi brendləri hər zaman öz təsir dairələrini yaratmağı və kütlələrə təsir etməyi məqsəd olaraq mənimsəyib deyə influenser kimi daha çox izləyici cəlb edə bilirlər”. - Solomon Thimothy, “OneIMS” şirkəti.


3. Reklama büdcə ayırın


“LinkedIn reklam üçün bahalı platformadır. Bu platforma üçün daha böyük büdcəyə ehtiyacınız olsa belə, onun sizə təmin edə biləcəyi nəticələr digər platformalardan daha önəmlidir: öz biznesləri üçün həll yolları axtaran keyfiyyətli mütəxəssislər sizə müraciət edə bilər. Bundan faydalanmaq sizin üçün önəmlidir. Bu platforma həm də mütəxəssislər üçün məzmun mərkəzidir, buna görə də bunu məzmun strategiyanızda nəzərə almalısınız”. - Martha Madero Gonzalez, “GROU Crecimiento Digital” şirkəti.


4. İşçilərinizi aktivliklərini inkişaf etdirməkdə ürəkləndirin


“İndividuallar və brendlər LinkedIn-dən istifadə etməlidirlər. İşçilərin belə şəxsi kontent strategiyası olmalıdır. Amma bu yolda şirkətlər özü işçilərini düşüncə liderliyinə çağırmalı, brendlərini mesajlarını öz LinkedIn hesabları vasitəsilə çatdırmağa ürəkləndirməlidirlər. Bu yanaşma həm şirkətə, həm də işçiyə tanınma qazandıracaq”. - Dan Golden, “Be Found Online” şirkəti.


5. Xüsusi SEO açar sözləri müəyyənləşdirin


“LinkedIn-i SEO proqramınızın qısaltması kimi düşünün. Bu platforma müvafiq açar sözləri oxuyub müəyyən etmək üçün mükəmməl data bazadır. Bu dataları profil və məzmununuza tətbiq edə bilərsiniz. LinkedIn profilləriniz üçün SEO açar sözləri təyin edərək öz rəqiblərinizi geridə qoya bilərsiniz”. - Matthew Jonas, “TopFire Media” şirkəti.


6. Kontentinizi əlaqələr qurmaq üçün istifadə edin


“B2B şirkətləri üçün LinkedIn çox güclü platformadır. Əgər siz yeni əlaqələr və müştərilər axtarırsınızsa, LinkedIn-də aktiv olmaq işinizə çox yarayacaq. Bu baxımdan LinkedIn-i istifadə etməyin 3 əsas üsulu var: Fikir liderliyi yaratmaq və şəbəkənizlə imicinizi qorumaq, yeni müştərilər tapmaq və araşdırma aparmaq, yeni imkanlar yaratmaq üçün şəbəkənizlə əlaqələr qurmaq”. - Tami Joy Schlichter, “Ajax Union” şirkəti.


7. Markanızı insanlaşdırın


“LinkedIn-in bu qədər diqqət çəkməsinin bir səbəbi marka və şirkətlərdən daha çox fərdlər üzərində qurulmasıdır. İnsanlar insanlarla əlaqə qurmaq istəyirlər, üzləri və adları olmayan markalarla yox. LinkedIn fərdi şəxslərə kütləvi şəbəkədə görünə və eşidilə bilən səs vermək üçün böyük bir iş görür - bu, Facebookun itirdiyi bir şeydir”. - Vinny La Barbera, “imFORZA” şirkəti.


8. Ağıllarda qalmağa çalışın


“LinkedIn-də kontent yaratmaq ona görə önəmlidir ki, siz insanlara mövcud olduğunuzu xatırladırsınız. Şəbəkəniz genişlədikcə potensial müştəriləriniz, biznes partnyorlarınızla fərdi şəkildə əlaqəyə girmək çətinləşir. Bu platformada davamlı kontent yaratmaq isə sizi hər kəsə xatıradacaq”. - Gil Eyal, “HYPR” şirkəti.


9. Daha xüsusi B2B kütləsinə çatın


“LinkedIn B2B auditoriyasına çatmaq üçün ucuz və rahat üsuldur. Əlbəttə ki, sabahdan media reklamları üçün büdcənizdə LinkedIn-ə də yer ayırın demirik. Amma test üçün şans vermək olar. Bu platformanın targetinq bacarıqları sizə professional peşələrə sahib insanlara, iş sahələrinə çatmağa kömək edəcək. Hər hansı bir sosial media səyi ilə, istifadəçiləri maraqlandıran dəyərli, hərəkətli bir məzmunun yerləşdirilməsi vacibdir”. - Zach Morrison, “Elite SEM” şirkəti.


10. Şəbəkənizi genişləndirin


“Facebook, Instagram və Snapchat sizi istifadəçilərlə əlaqələndirsə də, LinkedIn digər şirkətlərin fonunda olan işçilərlə birləşdirir. Bu sizə imkan verir ki, öz iş təcrübələrinizdən yazasınız, sizə maraqlı gələn mövzularda şərh bildirəsiniz və öz sahəsinin mütəxəssislərindən fikirlər alasınız. #NetworkIsNetworth (Şəbəkə internet dəyəridir)”. - Alex Quin, “UADV” şirkəti.


11. Mütəxəssisliyinizi güvən zəminində yaradın


“LinkedIn bir çox brendin kontent strategiyasında ciddi yer alır. Platforma özünü şirkətlərin öz işçiləri, gələcək işçiləri və professional müştəriləri ilə əlaqə saxlaması üzərində ixtisaslaşdırıb. Format və kontekst olaraq LinkedIn mütəxəssislərə güvənli və professional etiket yaratmağa fokuslanır”. - Nina Hale, "Nina Hale, Inc" şirkəti.


12. Orijinallığınızı hər zaman qoruyun


“B2B dünyasında uğur özünəməxsus və operativ şəxsi əlaqələrdən, oflayn və onlayn münasibətlərdən asılıdır. LinkedIn-də daha çox diqqət çəkmək üçün təbliğat tədbirlərinizi, unikal marka məqsədinizi, şüarınızı dəqiq şəkildə çatdırmaqla yanaşı, izləyicilərinizin xüsusi çətinliklərini aydın şəkildə başa düşməlisiniz. Başqa sözlə, bu əlaqə realdakı qarşılıqlı əlaqələrdə gözlənilən həqiqiliyi tələb edir”. - Howard Breindel, "DeSantis Breindel" şirkəti.



Hazırladı: Pəri Abbaslı