BP şirkəti “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları ilə birlikdə özünün əməliyyatçısı olduğu ixrac boru kəmərləri boyunca yerləşən icmaların inkişafına yönəlmiş üç layihəni uğurla tamamlayıb.


Facemark "Report"a istinadən xəbər verir ki, bu layihələrin ümumi dəyəri təxminən 900 min manatdır.


Onların arasında Tovuzda həyata keçirilən birillik layihənin məqsədi kənd yerlərindəki qadınların kiçik sahibkarlıq səriştələrinin və bacarıqlarının inkişafına və onların məşğulluq imkanlarının artırılmasına dəstək vermək idi. Layihə çərçivəsində aztəminatlı və həssas ailələrdən olan ümumilikdə 60 qadın üçün biznes inkişafı imkanları təmin edilib. Onlara öz kiçik bizneslərini idarə etmək üçün lazım olan bacarıqların inkişaf etdirilməsi üzrə xüsusi təlimlər keçilib, həmçinin dərzilik, saç ustalığı, qənnadı məmulatlarının bişirilməsi, arıçılıq və dəyirmançılıq kimi kiçik həcmli gəlir yaradan fəaliyyətlərə başlamaq üçün lazımi avadanlıqlar verilib.


Həmçinin, Tovuz və Ağstafa rayonlarında inklüziv təhsilə dəstək məqsədli layihə çərçivəsində 300 nəfər məktəbəqədər təhsil işçisi və orta məktəb müəllimi üçün (200 nəfər Tovuz rayonunda və 100 nəfər Ağstafa rayonunda) təkmilləşdirmə imkanları təmin edilib. Onlara inklüziv təhsil sahəsində 10 mövzu üzrə təlim keçilib və layihə çərçivəsində yerli ekspertlər tərəfindən hazırlanmış beş yeni təlim materialı təqdim edilib. Bunlara inklüziv təhsil mühitində təlim prosesinin təşkili üzrə praktik tövsiyələr də daxildir. Bundan əlavə, layihə çərçivəsində Tovuz rayonundakı İnklüziv Təhsil Mərkəzinə inklüziv təhsil üzrə yerli və beynəlxalq ədəbiyyat da bağışlanıb.


BP və tərəfdaşlarının həyata keçirdiyi icma infrastrukturunun yaxşılaşdırılması layihəsinin yekun mərhələsində Hacıqabul və Kürdəmir rayonlarında yerləşən ümumilikdə 200 uşaq üçün nəzərdə tutulmuş üç uşaq bağçası (biri Hacıqabulda, ikisi isə Kürdəmirdə) təmir edilib. Bununla da, bp və tərəfdaşlarının həyata keçirdiyi layihələrin və fəaliyyətlərin qonşuluğundakı icmalarda sosial infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş, ümumi dəyəri 2 milyon AZN-dən çox olan 5 illik proqram başa çatıb. Bu iri sosial infrastruktur proqramı 2016-cı ildə başlanmışdı. Həmin proqram çərçivəsində indiyədək qonşu icmalarda ümumilikdə 14 uşaq bağçası təmir olunmuş və avadanlıqla təchiz olunub.


Bundan başqa, qonşu icmalarda həyata keçirilmiş sosial sərmayə təşəbbüslərinin dayanıqlı nəticələri ilə yaxından tanış olmaq üçün tərəfdaş şirkətlərin və bp-nin bir qrup nümayəndəsi 14-15 iyul tarixlərində Tovuz, Samux (“Şirin Qızıl” layihəsi), Yevlax (“Gələcəyini qur” layihəsi) və Kürdəmir rayonlarına səfər edib.


BP şirkəti Azərbaycanda 28 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin operatorluğunu təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək, BP öz tərəfdaşları ilə birlikdə ölkədə operatorluq etdiyi layihələrə 78,5 milyard dollardan artıq sərmayə qoyub. Şirkət Azərbaycanda ən çox töhfə verə biləcəyinə inandığı sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürüb.


Ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri müsbət təsirə malik olub və insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.


Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Ümumilikdə isə, fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə 94 milyon ABŞ dollarından çox vəsait xərcləyib.


2020-ci ildə BP və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial sərmayə layihələrinə 3,2 milyon ABŞ dolları vəsait xərcləyib. Bundan əlavə, 2020-ci ildə təkcə BP ölkədə müxtəlif sosial və sponsorluq layihələri çərçivəsində 4,2 milyon ABŞ dollarından çox vəsait xərcləyib.


Azərbaycanda bp şirkətində 2400 nəfərdən çox milli kadr işləyir və bu da, şirkətin ixtisaslı işçilərinin 90%-ni təşkil edir.