Bu gün Bakıda Azərbaycan və Serbiyanın iş adamlarının iştirakı ilə biznes-forum keçirilib.
Facemark "Report"a istinadən xəbər verir ki, tədbirin bağlanış mərasimində Azərbaycan və Serbiya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edib.
Nazir deyib ki, biznes-forumun məqsədi iki ölkənin sahbikarlarının daha sıx əlaqələr qurmasına, gələcəkdə birgə layihələr icra etməsinə möhkəm zəmin yaratmaqdır.
S.Babayevin sözlərinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 6,3%, bu ilin yanvar-may aylarında isə 55,4% artıb: “Əməkdaşlığın daha geniş miqyas alması üçün böyük potensial mövcuddur. Bu potensiala uyğun olaraq və qarşılıqlı səylər nəticəsində əlaqələrin qarşıdakı dövrdə daha da inkişaf edəcəyinə əminik”.
Nazir Hökumətlərarası Komissiyanın bu gün keçirilmiş 6-cı iclasının, iclasın yekunlarına dair imzalanmış Protokolun da qeyd edilən istiqamətdə mühüm töhfə vermək məqsədi daşıdığını bildirib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsini, ərazilərimizin Ermənistanın işğalından azad edildiyini bildirən S.Babayev qeyd edib ki, Ermənistanın dağıtdığı həmin ərazilərdə aparılan quruculuq işlərində dost ölkələrin iştirakı bu gün ölkəmiz üçün prioritet önəm kəsb edir.
S.Babayev Serbiya şirkətlərinin də bu prosesə fəal şəkildə qatılacağına ümidvar olduğunu bildirib. O, Azərbaycanda əlverişli biznes mühitinin mövcud olduğunu qeyd edib, ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin olunması, qeyri-neft sektorunun genişlənməsi istiqamətində əldə olunan irəliləyişləri diqqətə çatdırıb, yaradılmaqda olan Ələt Azad İqtisadi Zonasının da qeyri-neft sektoru üzrə investorlar üçün cəlbedici olacağını deyib.
Nazir iki ölkənin iş adamları arasında biznes forumların, bu görüşlərdə qarşılıqlı maraq doğuran təqdimatların əlaqələrin daha da genişlənməsi, yeni əməkdaşlıq istiqamətlərinin formalaşması baxımından xüsusi önəm kəsb etdiyini vurğulayıb.
Qeyd edək ki, keçirilmiş görüşlərdə Serbiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərməsi ilə bağlı çağırışlar edilib.