Avqustun 4-dən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Səyyar qəbul otaqları”nın təşkilinə start verəcək.


Facemark "Report"a istinadən bildirir ki, bunu "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev bildirib.


Onun sözlərinə görə, eyni zamanda buna “Açıq mikrofon” aksiyası da demək olar: “Səyyar qəbul otaqları”nın təşkilində əsas məqsəd, vətəndaşların şikayət və problemlərini rahat şəkildə çatdırmasına şərait yaratmaq və onların mövcud problemlərinə operativ reaksiya verməkdən ibarətdir. Vətəndaşların əsas avantajı ondan ibarət olacaq ki, onların “Açıq mikrofon” vasitəsilə dilə gətirdiyi problemlər birbaşa “Azəriqaz” İB-nin baş direktoru və müavinləri səviyyəsində dinləniləcək və həlli üçün #müvafiq göstərişlər veriləcək, icrasına birbaşa nəzarət olunacaq".


O bildirib ki, “Səyyar qəbul otağı” ilk olaraq Suraxanı rayonu Hövsan qəsəbəsindəki yeni yaşayış massivində ("Ucuzluq" marketin yanı) reallaşacaq: Bu ərazidə yaşayan sakinlər avqustun 4-də saat 10:00-dan 13:00-a qədər “Açıq mikrofon”umuzun imkanlarından istifadə edə bilərlər".


Qeyd edək ki, “Səyyar qəbul otaqları” ölkənin bütün regionlarını əhatə edəcək. “Açıq mikrofon”lar quraşdırılacağı məkanların ünvanı əvvəlcədən elan olunacaq.