Sentyabrın 18 –də Bakıda Peugeot avtomobil salonu fəaliyyətə başladı. Bu məşhur  fransız avtomobil brendinin təmsilini ölkəmizin ən böyük avtomobil distribyutoru olan Auto Azerbaijan öz üzərinə götürmüşdür. Auto Azerbaijan şirkəti artıq 16 ildir avtomobil və onların orijinal ehtiyat hissələrinin  satışı, habelə,  satışsonrası texniki xidmət sahələri üzrə uğurla çalışan və bu sahədə sözün əsl mənasında standartlar müəyyən edən bir şirkətdir. Təsadüfi deyil ki, şirkət uzun illər boyu Azərbaycan avtomobil bazarının lideri olaraq qalır. Alıcılar Auto Azerbaijan zəmanətiylə Hyundai, Jeep, Dodge, Chrysler  avtomobillərini əminliklə alırlar.


Bu gün isə Auto Azerbaijan ailəsi Avropanın ən populyar və qocaman avtobrendi olan Peugeot sayəsində bir az da böyüdü.  Babək prospekti 2269 ünvanında açılan avtomobil salonunda  Peugeot-nun son model minik və ticari avtomobilləri təqdim olunmaqdadır. Bu avtomobillərin hər biri özündə  Peugeot ənənələrini birləşdirir- yüksək keyfiyyət, müasir dizayn, komfort,  innovativ texnologiyalar və təbii ki, qənaətlilik.


Peugeot böyük bir istehsalçı kimi dünyanın iqtisadi müstəvisində  XIX əsrin 60-cı illərindən fəaliyyət göstərir.  Lakin şirkət üçün ən əlamətdar tarix 1889-cu il sayılmaqdadır. Çünki məhz həmin ildə Peugeot   buxar mühərriki ilə təchiz olunmuş özünün ilk üçtəkərli avtomobilini istehsal etmişdir.  Cəmi 1 il sonra isə yenilikçi ruhlu Peugeot  benzin mühərriki ilə çalışan avtomobilini təqdim etdi.  XX əsrin əvvəllərindən başlayaraq kütləvi avtomobil istehsalına keçən şirkət, eyni zamanda, ən sürətli yarış avtomobillərinin yaradıcısı kimi də tanındı. Bu gün Peugeot-nun arsenalında yüzlərlə  mötəbər yarışmanın ən yüksək mükafatları yer almaqdadır.Peugeot minik avtomobilləri də özlərinin rekordsmen yarışmacı adaşlarından heç də geri qalmayaraq mütəmadi olaraq öz seqmentinin liderləri seçilirlər. Bü gün  dünyada milyonlarla alıcı  avtomobil seçimini Peugeot keyfiyyətinə güvənərək gerçəkləşdirir. 


Peugeot avtomobil salonunun direktoru Emil İsmayılovun sözlərinə görə, Auto Azerbaijan əfsanəvi Peugeot markasını ölkəmizdə təmsil etməkdən çox qürur duyur. Bununla yanaşı, şirkət bunun böyük məsuliyyət olduğunu da dərk edərək, işini ən yüksək standartlara əsasən həyata keçirməyi hədəfləyir. Məhz bu səbədən də, Peugeot avtomobil salonu yalnız avtomobil satışı üzrə deyil, eyni zamanda, onlar üçün orijinal ehtiyat hissələrinin satışı və ən əsası, servis xidmətinin göstərilməsi üzrə də peşəkar fəaliyyət gerçəkləşdirəcəkdir. E.İsmayılov bunun bariz şəkildə nümayiş etdirmək məqsədilə tanıtıma toplananları salonun nəzdində fəaliyyət göstərən Servis mərkəzi ilə də tanış etdi. Burada hər şey müasir şərtlər və Peugeot standartlarına əsasən təchiz edilmiş və professional ustaların işi ilə dəstəklənmişdir.