Öz biznesinizi yaratmağa hazırlaşmanızdan və ya artıq təcrübəli sahibkar olmanızdan asılı olmayaraq, şirkətinizin yaşaması və uğuru, bazarla nə dərəcədə səmərəli işləmənizlə bağlıdır.

Bazarla qarşılıqlı əlaqələrin ən mühüm və açıq üsullarından biri marketinq tədqiqatlarıdır. Lakin problem özəl biznes sahiblərinin əksəriyyətinin məhsul və xidmətlərinin marketinqi ilə necə məşğul olmağı bilməmələrindədir. Bəziləri isə ümumiyyətlə ona etinasız yanaşır, potensial müştərilərin “göydən düşəcəyini” gözləyirlər.

Tədqiqatların məqsədəuyğunluğu

Marketinq tədqiqatları biznesin inkişafının mümkün istiqamətlərini müəyyənləşdirməyə kömək edir. Onları yeni bazarlara çıxış haqda qərar qəbul edərkən, yeni məhsul, brend dəyişikliyini, əmtəələrin irəliləmə kanalları və üsullarını tətbiq edərkən, satış siyasətini və müştərilərin stimullaşdırılması üsullarını formalaşdırarkən, şirkətin məhsuluna (xidmətlərinə) qiymətləri müəyyənləşdirərkən aparmaq lazımdır.

Yuxarıda adı çəkilən vəziyyətlərdən biri ilə qarşılaşarkən, rəhbərin ağlında artıq bazarda təcrübəsinə və anlayışına əsaslanan həll variantları olur. Lakin marketinq tədqiqatları mexanizmlərindən istifadə etməklə, bütün variantlardan ən optimalını seçmək mümkündür.

“2008-ci ildə kişi və qadın şəxsi gigiyena məhsulları istehsalçısı Orta Asiya nümayəndəliyimizin yerləşdiyi Azərbaycan və Özbəkistanda tədqiqat layihəsi həyata keçirmək məqsədilə bizə müraciət etdi, - “SİAR Research and Consulting Group” Şirkətlər Qrupunun tədqiqatlar üzrə direktoru Əşrəf Hacıyev deyir. – Məqsədlərin ilkin tədqiqatı göstərdi ki, etnoqrafik tədqiqatların (öyrənilən məhsulların gerçəklikdə necə istifadə olunduğunu, onun seçimində hansı amillərin mühüm olduğunu və s. anlamaq məqsədilə), həmçinin bazarın potensialını, rəqiblərin güclü və zəif tərəflərini, əhatə olunmamış tələbatları, məqsədli auditoriyanın demoqrafik və digər xüsusiyyətlərini və s. qiymətləndirmək üçün kəmiyyət tədqiqatlarının tətbiqi lazımdır.
Aparılmış tədqiqatlar əsasında hər iki ölkəyə daxil olmaq haqqında qərar qəbul edildi ki, bundan sonra məhsulun fəal irəliləyişi baş tutdu”.

Əvəzini qat-qat ödəmək

Yadda saxlamaq lazımdır ki, marketinq tədqiqatı pul və zaman tələb edir, ona görə də əgər səhvin qiyməti böyük deyilsə və ya təcili qərar qəbul etmək lazımdırsa, intuisiyanıza güvənin və hərəkət edir. Əgər yanlış qərar baha başa gələcəksə və sizin vaxtınız varsa – marketinq tədqiqatı düzgün seçim etməyə və maliyyə itkilərindən qaçmağa (və ya gəlirlərin artımını təmin etməyə) kömək edər.

Məsələn, auditoriyanın ölçüləri – reklamdan gələn gəlir hesabına mövcud olan media sahəsi üçün vacibdir. “KİV marketinq tədqiqatları olmadan keçinə bilməz, çünki populyarlıq haqqında obyektiv məlumatlar nəşrin inkişaf xəttini düzəltməyə kömək edir, - “Consulting&Business” işgüzar nəşrinin şef-redaktoru Seymur Teymurov belə hesab edir. – Belə tədqiqatın nəticələri lazımi hərəkətlər kompleksini dəqiq formalaşdırmağa, rəqabəti təhlil etməyə və s. yardım edir. Bir qayda olaraq, biz belə tədqiqatları öz gücümüzlə aparırıq, lakin, lazım gəldikdə, məlumatları kənar marketinq şirkətlərindən də istəyirik”.

Məsələn, “kompyuter texnikasını yeni bazarlara çıxarmağa hazırlaşan firmanın sərəncamında – bazarın həcmi, onun inkişaf dinamikası, potensial istehlakçıların tələbləri və üstünlükləri haqqında operativ və daha dəqiq məlumat olmalıdır, - kompyuter texnikasının satışı üzrə “Paxlava” Şirkətinin direktoru Şərəf Novruzov əmindir. – Hazırda bu bazar zəngindir və əlində keyfiyyətli texnika olmadan, potensial istehlakçıların tələbatını necə tam ödəməyi əvvəlcədən aydınlaşdırmadan, rəqiblərin təkliflərindən fərqlənən bir şey təklif etmədən ora düşmək güc və vəsaitlərin baha, səmərəsiz sərfi deməkdir”.

Bazarda banan satışı məntəqəsi açmaq üçün isə marketinq tədqiqatı aparmaq vacib deyil. İntuisiyadan istifadə etmək kifayətdir.

Öz qüvvəmizlə və ya autsorsinq?

Tədqiqatların aparılmasına sərf olunan xərclər şirkətin marketinq və reklam üçün ümumi büdcəsinə daxil edilməlidir. Şirkət büdcəni formalaşdırarkən qarşısında duran konkret vəzifələrə istiqamətlənir. Məsələn, yeni bazara daxil olarkən marketinq büdcəsini bir neçə dəfə artırmaq lazımdır.

Sual yaranır: marketinq tədqiqatlarını özün aparmalı və ya onu ixtisaslaşmış şirkətə sifariş verməli? Bir çox rəhbərlər bu dilemma ilə qarşılaşırlar. Birmənalı cavab yoxdur. “Vəziyyətə uyğun yanaşmaq lazımdır, - “Effective Marketing” Şirkətinin direktoru Sahib Məmmədov belə hesab edir.

Əgər sizin şirkət sürətlə böyüyür, yeni xidmətlər göstərir və ya bazara yeni məhsullar çıxarır, yeni sahələri öyrənirsə - istənilən halda öz qüvvənizlə operativ tədqiqat apara biləcək mütəxəssislərin ştatda olması vacibdir. Qoy bu fundamental tədqiqatlar olmasın, lakin onlar bazarda baş verən dəyişiklikləri izləməyə və rəqiblərin çağırışlarına sürətlə reaksiya verməyə kömək edər. Məlumatlı olmaq – həmişə müsbət işdir, ona görə də işlədiyiniz sahəni sərbəst öyrənməkdən çəkinməyin”.

Əlbəttə, bu düşüncələr heç də “həmişə öz gücünə arxalanmalısan” fikrinə gətirib çıxarmır. Marketinq tədqiqatlarında təkcə əldə olunan nəticələr deyil, həm də bu tədqiqata nə dərəcədə etibar etməyin mümkünlüyü vacibdir. Səhvin qiyməti çox böyükdür. Əgər məqsədli auditoriya düzgün seçilməyibsə, sorğu vərəqi səhv tərtib olunubsa tədqiqatların nəticələri biznesinizə yaxşı kömək edə bilməz. Ona görə də qüvvələrinə inanmayan, belə tədqiqatlar aparmaq üçün ehtiyatları olmayan şirkət peşəkarlara müraciət etsə daha yaxşı olar.

Yəqin ki, marketinq – biznesin inkişafı üçün vacib olan alətdir. Onun nəticələrinin təcrübədə necə tətbiq olunduğu və şirkətlərin fəaliyyətinə necə təsir göstərdiyi haqda növbəti materialda oxuya bilərsiniz.


Biznesinfo