Bu gün Azərbaycanın paytaxtı Bakı şəhərində 1-ci Azərbaycan beynəlxalq “Səhiyyə” (“BIHE-2012”) sərgisi, habelə onunla eyni vaxtda keçirilən 7-ci Azərbaycan beynəlxalq “Stomatologiya” (“Stomatology Azerbaijan-2012”) sərgisi və 6-cı Azərbaycan beynəlxalq “Gözəllik və estetik tibb” (“Beauty Azerbaijan-2012”) sərgisi öz işini başa çatdırır.


Sərgidə ağciyərin süni ventilyasiyası, ultrasəs müayinəsi, qeyri-invaziv ventilyasiya və rentgen aparatları, temperatur tənzimləyən sistemlər və larinqoskoplar, sterilizasiya avadanlığı və stomatoloji texnika, kompüter və maqnit-rezonans tomoqraflarının son təkmilləşdirmələri təqdim olunmuşdur. Bütün bu avadanlıqlarla bilavasitə iştirakçıların stendlərində tanış olmaq və onları sınaqdan keçirmək mümkün idi.


“Kliniki müəssisələr” sektorunda isə geniş ekspozisiya təqdim edilmişdir. Bu sektorun iştirakçılarından Türkiyənin bir sıra müalicə və diaqnostika müəssisələrini, habelə Belçikanın aparıcı xəstəxanaları tərəfindən təsis edilmiş və beynəlxalq səviyyədə əməkdaşlıq məsələləri ilə məşğul olan “Healthcare Belgium” təşkilatını qeyd etmək olar.


Türkiyənin “Aggun” şirkətinin istehsal etdiyi və müalicə müəssisəsində iş prosesini tamamilə kompüterləşdirən avtomatik proqram təminatı peşəkar ziyarətçilərin marağına səbəb oldu.


“Stomatology Azerbaijan-2012” sərgisində stomatologiyanın diş implantasiyası kimi yeni və sürətlə inkişaf edən istiqamətini təmsil edən “LTD Adin Dental Implant Rus” şirkəti də diqqəti cəlb edirdi.


İştirakçıların stendlərində dövlət və özəl klinikaların nümayəndələri, ixtisaslaşdırılmış tibbi tədris müəssisələri, müalicə və diaqnostika avadanlıqlarının istehsalçıları və tədarükçüləri arasında fəal danışıqlar aparılır, tibbi texnikanın tədarükü və servis xidməti ilə təmin olunması, eləcə də tibbi heyətə ən yeni tibb avadanlıqlarından necə istifadə etmək lazım olduğunu öyrətmək üçün şərtlər müzakirə olunurdu.


Bu il “BIHE” sərgisi öz meydançasında 16 ölkədən 107 iştirakçını bir araya gətirmişdir. Bu iştirakçıların 40%-ni yerli, 60%-ni isə xarici şirkətlər təşkil edir. Sərginin yüksək statusu belə bir faktla da təsdiq olunur ki, “BIHE” sərgisi artıq 6 ildir ki, Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFİ) dünya standartlarına uyğunluğu təsdiq edən keyfiyyət nişanına malikdir.


Sərginin baş sponsoru qismində “HB Co Ltd” şirkəti çıxış edir. Sərginin təşkilatçıları isə “Iteca Caspian LLC” və onun tərəfdaşı “ITE Group plc” şirkətləridir.


2012-ci il keçirilən beynəlxalq sərgi və konfransların tərəfdaşları “Nar Mobile” mobil rabitə operatoru (kommunikasiya tərəfdaşı), “AZAL” (rəsmi hava daşıyıcısı), “Hilton Baku” və “Qafqaz Poynt Hotel” mehmanxanaları (rəsmi otellər) və “Greenwich Travel Club” (rəsmi turoperator) şirkətidir.