Facemark.az Teymur Məmmədovun "Sözünüzü çiçəklə deyin" adlı köşə yazısını təqdim edir.


İnanın ki, tam səmimi deyirəm. Heç nəyi şişirtmək niyyətim yoxdur. Çünki heyrətlənməyə bilmirəm. Təəccübümün də həddi yoxdur. Avropaya çiçəyi sevdirən, insanlara çiçək dilində danışmağı öyrədən Türkiyə və biz indi çiçəyi avropalılar kimi sevməyə başlamışıq. Sanki onlara qədər bizdə çiçəyə bəlli məhəbbət olmayıb. Müəllimini ötən avropalılar...


Təəssüf ki, sovet dönəmində belə çiçək bağışlamaq, çiçəklə təbrik yalnız əlamətdar günlər üçün (elə indi də çox fərqli deyil) nəzərdə tutulurdu. Bu da sanki kənardan gəlmiş bir mədəniyyət kimi qəbul olunur. Amma belə deyil. Əgər mənim dediklərimə şübhə ilə yanaşırsınızsa, tarixə nəzər salın, ya da heç olmazsa, ingilis qadını, çiçək aşiqi Montaqunun «Şərq Məktubları»nı oxuyun. Hətta bu gün hazırda Amerika floristləri qurumunun yüzillik sloqanı «Sözünüzü çiçəklə deyin» kimi səslənir. Bu ifadə sloqan kimi işlənsə də, əslində təməli Sultan sarayında qoyulan özəl bir mədəniyyətin, gözəlliyə və gözəllərə münasibətin, zövqə pərəstişin bariz nümunəsidir.


Mənbələr göstərir ki, Avropada çiçək dilinin bütün bilgilərinin başlanğıcı 1716-cı ildə əri Türkiyəyə səfir kimi göndərilərkən onu müşayiət edən Ledi Meri Uortli Montaquya aid edilir. Onun İngiltərəyə və Avropadakı yaxınlarına, rəfiqələrinə, o zamanın görkəmli şəxsiyyətlərinə göndərdiyi çoxsaylı məktublarında çiçək simvollarının və çiçək dilinin öz zəngin xəzinəsini türk mədəniyyətindən aldığı göstərilir. Onun bu biliklərin əsasında söylədiyi fikirləri və təfsirləri çox səmimi səslənir və ürəkdən gəlir. Doğrudur, onun ilk cəhdləri istənilən nəticəni vermədi. Bu arzu Kraliça Viktoriyanın hakimiyyətinin başlayacağı növbəti əsrə kimi təxirə salındı. Tezliklə çiçək dili ilə bağlı kitablar çıxmağa, qeyri-adi mənalandırmaya həvəslə inananlara pərəstiş erası başladı. Ledi Montequ Avropada çiçəyə olan münasibətdə əsl inqilabın ilhamçısı oldu, çiçəyə münasibəti kökündən və tam dəyişə bildi.


Təsadüfi deyildir ki, 19-cu əsrin sonlarından etibarən məhz İngiltərədə çiçək bazarında inanılmaz sıçrayıç baş verdi. Belə ki, britaniyalılar geniş ərazilərdə müxtəlif növ çiçəklər becərir, bəsləyirdilər, sonra hazır məhsulu həvəslə bazara çıxarır və satırdılar. İnsanların çiçəyə marağı da durmadan artırdı.


Lakin müasir çiçək biznesi tamamilə başqa təmələ söykənir. Çiçək bazarı son onilliklərdə əhəmiyyətli dərəcədə yüksəlmişdir, ciddi artım templərinə nail olmuşdur. İndi bu bazar əslində qlobal və dinamik inkişafda olan bir sənaye sahəsi kimi vüsətlə əhatə dairəsini və öz bazarını genişləndirir.


Çiçəklərin qlobal istehsalı və istehlakı hər il artan maliyyə dövriyyəsini formalaşdırır. Ekspertlərin hesablamalarına görə, bu rəqəm göstəricisi ildə orta-hesabla 40 milyard avro çərçivəsində qiymətləndirilir. Əlavə edək ki, bu bazarda liderlik Avropa və Şimali Amerika ölkələrinə məxsusdur.


Çiçəkçilik yenilənən və genişlənən biznesdir. Bu sahədə inkişaf etməkdə olan ölkələrin də rolu artır və onların qlobal bazara inteqrasiyası sürətlənir. İndi dünya çiçək ticarəti bazarının həcmi ildə 100 milyard dollardan çox qiymətləndirilir və çiçək sənayesi müxtəlif ölkələrdə milyonlarla insana həyati zəruri olan gəlir gətirir.


Tarixi mənbələr onu deməyə əsas verir ki, əsrlər boyu çiçəklər insan həyatında mühüm rol oynamışdır. Çünki çiçəklər xoşagəlməz qoxuları aradan qaldıraraq duyğularımızı sakitləşdirir. O, bir sevgi simvolu kimi daim insanların diqqət mərkəzindədir. Bundan əlavə, çiçəklər insan davranışında və mədəniyyətində böyük rol oynayır, çiçəklər adama dinclik bəxş edir. Sevgi simvolu kimi məşhur olan çiçəklər həm gəlir gətirir, məşğulluq probleminin həllinə dəstək verən bir biznes sahəsi kimi diqqəti cəlb edir.


Çiçək marketinqi böyük iş imkanları yaradan sahədir. Çiçək bir məhsul olaraq, nisbətən ucuz qiymətə başa gəlir, baha satılır, gəlirli sahədir. Son onilliklərdə çiçək yetişdirilməsində çiçək məhsullarının çeşidində və istehlakçı sayının artımında, gül satışı dizaynında, qablaşdırılmasında və s. sahələrdə əhəmiyyətli irəliləyşlər müşahidə olunur.


Bütün bunları nəzərə alaraq, çiçək marketinqinin konseptual əsaslarından danışmaq olar. Qeyd etməliyik ki, Misir tarixinə qısa ekskursdan göründüyü kimi gül-çiçək hələ qədimdən insanların həyatında ciddi rol oynamışdır. O vaxtdan bəri bütün dünyada, xüsusilə müasir dövrdə qlobal miqyasda çiçək istehlakı gündən-günə artır, iş adamları tərəfindən inkişaf etdirilir və rəqabətə davamlı biznesə çevrilir.


Çiçək biznesi arenasında qalmaq və çiçək alıcılarını təkrar alqı-satqıya həvəsləndirmək üçün hər bir çiçəkçi indi çiçək marketinqini inkişaf etdirməyə çalışır. Belə ki, bu güclü motiv zəminində çiçək marketinqinin strategiyasını qurmağa və çiçək brendi konsepsiyaları yaratmağa can atır. Gül-çiçək marketinqi konsepsiyasında iş adamı gül məhsullarına kreativ brendinq elementləri qatır, eləcə də onları cəlbedici şəkildə qablaşdırmağa və dizayn etməyə cəhd göstərir.


Araşdırmaçıların gəldiyi nəticələrdə demoqrafik faktorlar ciddi təhlil olunur. Çiçək alıcıları, yanaşmalarına görə, beş seqmentə bölünür: Üzügülər və həmişə mehriban alıcılar, selfi həvəskarları, evli kişilər, təkuşaqlı analar və çoxuşaqlı analar. Göründüyü kimi, bu araşdırmanı tamamlanmış kimi qəbul etmək olmaz. Digər tərəfdən, çiçəklərə münasibətin lokal fərqləri də ciddi seçilir. Odur ki, çiçək marketinqində lokal elemenləri nəzərdən qaçırmaq olmaz.


Müasir dövrdə çiçək mütəxəssisləri və tədqiqatçıları bu sahədə - çiçək istehlakçıları haqqında daha dəqiq məlumat toplamaq üçün çox ciddi araşdırmalara ehtiyac olduğunu başa düşürlər. Bu gül alıcılar haqda nə qədər geniş və dəqiq bilgilər toplansa, onları istehlak tezliyini artırmağa həvəsləndirmək üçün bir o qədər də dəqiq marketinq strategiyası işlənib hazırlanmalıdır.


Müasir çiçək marketinqində önəmli istiqamətlər barədə qısa olaraq bunları ön plana çəkə bilərik. Əvvəla, çiçək istehlakı yalnız bahalı və məşhur olanlar deyil.


İkincisi, bazarda daha çox pula gedən, xüsusi səylər tələb etməyən gül-çiçək məhsulları da satılır.


Üçüncüsü, çiçəkçilər zövqü deyil, təəsüf ki, hər şeydən əvvəl bayram gəlirlərini düşünürlər. Çiçək sevgisi bir mədəniyyət təcəssümüdür.


Dördüncüsü, ölkəmizdə çiçəklə bağlı hansısa bir aksiyanı xatırlaya bilmirəm.


Beşincisi, ümumşəhər miqyaslı çiçək festivalı da daha keçirilmir. Bəlkədə daha yaradıcı formatda, daha sevilən konseptdə ona yeni nəfəs vermək olardı.


Altıncısı, yabanı çiçəklərə və onların fərqli dizaynına marağı artırmaq önəmlidir.


Yeddincisi, məncə, klassik çiçək dizaynında təklif olunan buketləri yeniləmək zamanıdır.


Səkkizincisi, gül-çiçək satışında yeni görünüş, yeni dizayn, yeni təqdimat arxitekturası öz həllini tapmalıdır.


Doqquzuncusu, mövcud monopoliyaya meydan oxuyan yeni konseptə ehtiyac duyulur.


Onuncusu, yeni təqdimat yalnız bayramlar üçün deyil, hər günün adi və xoş ənənsinə çevrilməlidir.


Bu mənada yeni çiçək marketinqinin və gül-çiçək biznesinin üzərinə ciddi missiya düşür.



Çiçək təravəti arzusu ilə,


Teymur Məmmədov