Dünya bazarlarında neftin qiyməti çərşənbə axşamı günortadan sonra Çində tələbin perspektivləri ilə bağlı narahatlıqlar və ABŞ dollarının möhkəmlənməsi səbəbindən enişini sürətləndirib.
Facemark.az “Report”a istinadən xəbər verir ki, bunu hərracın məlumatlarından görmək olar.
“Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 3,89% azalaraq 1 barelə görə 102,93 ABŞ dollarına, WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 4,11% azalaraq 99,81 dollar/barelə düşüb.
Neft kotirovkaları Çində tələbat ilə bağlı narahatlıq səbəbilə mənfidə qalmağa davam edir. Ölkədə COVID-19-a yoluxanların sayında artım müşahidə olunur və buna görə də karantin tədbirləri gücləndirilir. Daha sərt lokdaun isə ölkədə iqtisadi fəallığı dayandırır.
Xammalın dəyərinə əlavə təzyiqi isə dolların davam edən rallisi göstərir. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 2002-ci ildən bəri ilk dəfə olaraq 108 bənddən yuxarı çıxıb.