Barama Mərkəzi və GDG Baku növbəti texnologiya görüşünü keçirib.
Azərbaycanda ilk dəfə olaraq proqramçıların təcrübə mübadiləsinə həsr olunmuş "Baku Tech Talks" layihəsi reallaşdırılır. Azercell-in Barama İnnovasiya Mərkəzi və Google Developers Group (GDG) Baku tərəfindən reallaşdırılan proqramın əsas məqsədi İnformasiya Texnologiyaları sahəsində təcrübəsi olan şəxsləri, şirkət nümayəndələrini bir araya gətirmək, müzakirələr yolu ilə maraqlı və faydalı məlumatları paylaşmaqdan ibarətdir.
Proqram çərçivəsində oktyabrın 13-də Azercell-in baş ofisində "Web and Mobile App Design" mövzusunda növbəti texnologiya görüşü baş tutub. Həm İnformasiya Kommunikasiya Texnologiyaları sahəsi, həm də biznes sahəsini təmsil edən iştirakçıların müxtəlif istiqamətlərdə çalışan ekspertlərin çıxışını dinləmək, onlara öz suallarını ünvanlamaq imkanı yaranıb. Toplantıda, həmçinin, Azərbaycanda fəaliyyət göstərən dizayn studiyalarını təmsil edən mütəxəssislər təqdimatla çıxış ediblər. Onlardan biri, Barama iştirakçısı, “Rahimoff Studio” dizayn şirkətinin rəhbəri Zaur Rəhimov dizayn haqqında ümumi məlumatları, ölkədə bu sahədəki mövcud durumla bağlı məlumatları səsləndirib. “Safaroff Studio” şirkətinin veb dizayneri Knyaz Yaqublu və McCan Ericson Azerbaijan şirkətinin mütəxəssisi Rəsul Həsənov Veb və Mobil tətbiqetmələrin dizaynı sahəsində istifadə olunan texniki alətlər haqqında informasiyaları paylaşıblar. Tədbir zamanı Azərbaycanda veb və mobil dizayn sahəsinin inkişafına dair təkliflər də müzakirəyə çıxarılıb.
Qeyd edək ki, bu görüş "Baku Tech Talks" layihəsi çərçivəsində ilk belə müştərək tədbir deyil. İndiyə kimi Azercell-in dəstəyilə İKT mütəxəssisləri arasında “Mobile App Talks”, "Web Talks", "Startup Talks" və digər maraqlı mövzularda texnologiya görüşləri keçirillib. "Baku Tech Talks" tədbirinə Mobiz.az, İnfoCity jurnalı və Target Magazine onlayn jurnalları dəstək verir.