Noyabr ayının 30-da Bakıda BMT, BMT-nin İnkişaf Proqramı, Statoil şirkətinin və ölkəmizin aparıcı şirkətlərinin iştirakı ilə Azərbaycanda Qlobal Saziş Şəbəkəsinin rəsmi olaraq təsis edilməsi mərasimi keçirilmişdir. Görüşdə ölkəmizin aparıcı sığorta şirkətlərindən olan “Qarant Sığorta” şəbəkənin Azərbaycan üzrə təmsilçisi seçilmişdi. Şəbəkənin əsas məqsədi dünya üzrə şirkətləri, qurumları, təşkilatları BMT-nin Qlobal Saziş təşəbbüsünün insan haqqları, əmək, ətraf-mühit və anti-korrupsiya sahələrinə aid 10 prinsipini dəstəkləmək və təbliğ etməkdir.


Açılışda çıxış edən “Qarant Sığorta”–nın İdarə Heyətinin Sədr Vəzifəsini İcra edən Fuad Allahverdiyev tədbir iştirakçılarına şirkətin Azərbaycanda Qlobal Saziş Şəbəkəsinin təmsilçisi kimi seçilməsinə görə təşəkkür etmişdi və bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyini bildirmişdi. “Mən çox şadam ki, bu gün Azərbaycanda da belə bir şəbəkə təsis edildi və “Qarant Sığorta” bu şəbəkənin təmsilçisi seçildi. Şirkət şəbəkədə təmsil olunan gündən bu günə qədər 10 prinsipi dəstəkləyib və bundan sonrada dəstəkləməkdə davam edəcəkdir” – deyə F. Allahverdiyev bildirmişdi.


Qeyd edək ki, 23-25 iyun 2009-cu ildə BMT-nin baş katibi Pan Ki Munun şəxsi dəvəti ilə Nyu Yorkda Qlobal Saziş Dünya Liderlərinin Sammitində “Qarant Sığorta” şirkəti Azərbaycanı təmsil edən yeganə şirkət olmuşdur.


Azərbaycanda təsis edimiş Qlobal Saziş Şəbəkəsi dünya üzrə sayca 100-cü şəbəkədir.


Qlobal Saziş öz əməliyyat və strategiyalarını insan hüquqları, əmək, ətraf mühit sahəsində və korrupsiyaya qarşı mübarizə istiqamətində qlobal şəkildə qəbul edilmiş 10 prinsip ilə uzlaşdırılması öhdəliyini öz üzərinə götürmüş dairələr üçün bir çərçivədir. Təklif artmaqda olan qloballaşma nəticəsində əmələ gələn bir sıra əsas sosial və ekoloji təhdidlərin aradan qaldırılmasına özəl şirkətlərin cəlb edilməsi məqsədi ilə BMT tərəfindən irəli sürülmüşdür.


Xatırladaq ki, “Qarant Sığorta” Şirkəti 2007-ci il noyabrın 27-də fəaliyyətə başlayıb və ölkənin ən iri holdinqlərindən biri hesab olunan “ZQAN Holdinq”-ə daxildir. Şirkət həm fərdi, həm də korporativ müştərilərə 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət təklif edir.