Azərbaycanın qolf turizmi imkanları oktyabrın 17-dən İtaliyanın paytaxtı Romada keçirilən və sabah başa çatacaq “Beynəlxalq Qolf Səyahət Bazarı” (“International Golf Travel Market) sərgisində təqdim olunur.
Facemark.az "Report"a istinadən xəbər verir.
Məlumata görə, sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakı və Qubada yerləşən ”Dreamland Qolf Klubu” və “Azərbaycan Milli Qolf Klubu” təmsil edirlər.
Sərgidə iştirakçılara Azərbaycanda qolf turizmi ilə bağlı təqdim olunan xidmətlər və qolf turpaketləri haqqında ətraflı məlumat verilir, hədəf bazarlardan olan tərəfdaşlarla əməkdaşlıq əlaqələri müzakirə olunur, həmçinin Azərbaycanın qolf turizmi destinasiyası kimi tanıdılması istiqamətində görüşlər keçirilir.
450 brendin təqdim olunduğu sərgidə qolf turizmi üzrə ixtisaslaşmış hotellər, kurortlar, qolf meydançaları, turizm üzrə ixtisaslaşmış qurumlar iştirak edir.
Dünyada qolf turizminin ən mühüm tədbirlərindən sayılan “Beynəlxalq Qolf Səyahət Bazarı” (IGTM) sərgisi qolf turizmi üzrə B2B (biznesdən-biznesə) görüşlərinin keçirildiyi və qolf destinasiyalarının bir araya gəldiyi önəmli platformalardan biri hesab olunur. 1998-ci ildən etibarən keçirilən sərgi tərəfdaşlıq əlaqələrinin qurulması və qolf peşəkarlarına dəstək göstərmək məqsədi ilə hər il dünyanın fərqli ölkələrində keçirilir.