Bu yaxınlarda ZQAN Holding öz internet səhifəsinin erməni xaker qrupu tərəfindən sındırıldığı  haqda məlumat vermişdi. Belə ki, xakerlər saytı sındıraraq baş səhifədə yerləşən Contact Us düyməsininin əvəzinə Armenian Cyber Army – CAC yazmışdılar.  


Baş vermiş hadisəni şərh edən ZQAN Holding-in Müşahidə Şurasının Sədri və Azərbaycan – Amerika Alyansı-nın təsisçisi  Anar Məmmədov bildirib ki, “Adətən erməni xakerləri dövlət saytlarına hücum edirlər. Biznes ilə məşğul olan holdinqin saytına hücum isə onların, Azərbaycan – Amerika Alyansının saytına zərər yetirməkdə gücsuz olduqlarını göstərir”  


Xatırladaq ki, ABŞ-da Azərbaycan – Amerika Alyansı tərəfindən keçirilən Xocalı soyqırımı ilə bağlı kampaniya milyonlar ilə insan əhatə etmişdir. Kampaniya çərçivəsində mərkəzi küçələrdə, Nyu-York və Vaşinqtonun vağzal və metro stansiyalarında  poster və bannerlər asılmış, Xocalı soyqırımından bəhs edən film nümayiş olunmuş və başqa bu tipli tədbirlər görülmüşdür. “Washington Post”“New York Times” qəzetlərinin 26 fevral tarixində çıxan saylarının bütöv səhifələri isə Xocalı soyqırımına həsr olunmuşdur.


2011-ci ildə təsis olunan, Azərbaycan və ABŞ arasında mədəni  və siyasi əlaqələrin inkişaf etdirməsini qarşısına prioritet məsələ qoyan  Azərbaycan – Amerika Alyansı, gələcəkdə də azərbaycan dəyərlərinin Amerikada təbliğ olunması sahəsində işlərini davam etdirəcək – deyə A. Məmmədov bildirib.