ATV telekanalı beynəlxalq intellektual şounun yaradılması qərarına gəlmişdir. Noyabrın 6-dan etibarən Kiyevdə yeni “Missiya-tələbə” televiziya şousunun çəkilişlərinə başlanılacaqdır, şounun təşkilatçıları ATV və Evromedia şirkətləridir.
Layihənin yaradıcıları teleradioyayım Şurası üçün çox əhəmiyyətli olan bu cür istiqamətdə və bu cür parlaq miqyasda təşkil edilən şoularda birinci olmaq niyyətindədirlər. Layihə pozitiv, ailəvi, əyləncəli, yaxşı təhsil almaq və həyatda müvəffəqiyyət qazanmağı planlaşdıran gəncləri dəstəkləyən bir şoudur.
Tənqidçilər əmindirlər ki, bu şou uğurlu olacaqdır, belə ki, milli televiziyanı daha yeni səviyyəyə qaldıracaq və televiziya sənayesinin gələcək inkişafı üçün başlanğıc nöqtəsi olacaqdır.
Dünən ATV telekanalı “Missiya – tələbə” televiziya şousunun başlanması barədə məlumat verib. Televiziya şousunda məktəblərdə maraqlı və qeyri-adi kastinqdən keçmiş 10-11-ci sinif şagirdləri iştirak edəcəklər. Kastinq zamanı tele-layihənin komandası kadrda özünü aparmağı bacaran, intellektual cəhətdən inkişaf etmiş və məqsədyönlü, parlaq və qeyri-ordinar uşaqları seçmişdir. Şounun çəkilişləri noyabrın 6-dan 14-nə kimi Kiyevdə keçiriləcəkdir və artıq kastinqdən keçmiş 40 məktəbli özlərinin Ukraynaya ilk səfərlərinə hazırlaşırlar. Şou ATV telekanalının efirində noyabrın 18-də yayımlanacaqdır. Qalibə mükafat olaraq Ukraynanın ali təhsil müəssisələrindən birində təhsil almaq imkanı veriləcəkdir.
Andrey Babkin: “Yeni formatı işləyib hazırlayarkən qarşımıza qoyduğumuz başlıca vəzifə - Azərbaycan televiziyasında miqyasına görə heç nə ilə müqayisə olunmayacaq tamamilə yeni səviyyəli bir şou yaratmaq; gənclərə peşəkar şouda iştirak etmək imkanı vermək, Azərbaycanın istedadlı gənclərinə xaricdə təhsil almaq, həyat təcrübəsi qazanmaq və başqa mədəniyyəti hiss etməkdə kömək etmək idi. Məhz bu, gənclərə daha yaxşı inkişaf etməyə yardım edir.
Azərbaycan televiziyasında bu cür formatlı şou hələ olmamışdır. Televiziya işçiləri əmindirlər ki, bu şou Azərbaycanın televiziya proqramları bazarının altını üstünə çevirəcəkdir. “Biz formatlar bazarının monitorinqini keçirdik, müxtəlif sahə sərgilərinin, xüsusən də MİPCOM iştirakçıları ilə tanış olduq və gördük ki, Ukrayna bir çox yeni ideyalar təklif edir. Məhz buna görə də, biz bu dəfə Ukraynalı kreativçilərlə yeni layihəni sıfırdan yaratmağa risk etdik” – deyə ATV şirkətinin rəhbəri Vüqar Qaradağlı bildirdi.
Kastinqdən keçən məktəblilər xeyli təəssüratlar və özlərini qeyri-adi televiziya ulduzu rolunda sınamaq imkanı əldə etdilər. Onların əksəriyyəti daha əvvəllər şouda iştirak etməkdən, xüsusən də Ukraynada təhsil barədə heç düşünməmişdilər.
“Məktəbdə bizə televiziya layihəsində iştirak etmək imkanı barədə məlumat veriləndə düşündüm ki, niyə də öz imkanlarımı sınaqdan keçirməyim. Bundan başqa, şounun çəkilişləri Ukraynada keçiriləcək, mən isə uşaq vaxtı orada olmuşam. Başqa xalq və ölkə ilə tanışlıq mənim üçün hər zaman maraqlıdır" - deyə kastinqin qaliblərindən biri, Bakı şəhərindəki 6 saylı məktəbin 11-ci sinif şagirdi Nəzifə Katibli bildirib.
Bakı şəhərindəki Zərifə Əliyeva adına məktəbin 10-cu sinif şagirdi Əzimov Yusif İlqar oğlu isə kastinqin iki mərhələdən: test sınaqları və müsahibədən ibarət olduğunu bildirib. Uşaqların məktəbdə öyrəndikləri bütün fənləri əhatə edən test sınaqlarında 20-yə yaxın məktəbli iştirak edirdi. “Mən birinci sınaqdan uğurla keçdim”, -deyə Yusif bildirir. “İkinci mərhələdə test sınaqlarından keçmiş on şagird iştirak edirdi və kastinq qrupu ilə müsahibədə mən müsbət nəticəyə nail oldum. Bu, mənə “Missiya – tələbə. Kim Ukraynada təhsil almaq istəyir” televiziya şousunda iştirak etmək hüququ verdi. Mən bu səfərimə çox şadam”.
ATV kanalı proqramın yaradılmasının bütün nüanslarını açıqlamır, lakin bildirir ki, tamaşaçılar kadrda təkcə öz həmvətənlərini deyil, həm də şou-biznes nümayəndələrini də görə biləcəklər.
Tele-aparıcı Hüsniyyə Məhərrəmova: “Azərbaycan televiziyasında bu cür şou çatışmırdı. Qabaqcadan demək istəmirəm, amma şounun meydana çıxması ən azından maraqlı olacaqdır. Müxtəlif millətlərdən olan insanların formatı üzərində birgə iş – çox yaxşıdır. Hazırlıq prosesi və çəkilişlər zamanı bu cür proqramların yaradılma texnologiyalarından istifadə ediləcəkdir”.
Ölkənin cari televiziya efirində çoxluq təşkil edən aşağı səviyyəli və qeyri-nikbin şoular barəsində Teleradioyayım Şurasının sərt mövqeyini nəzərə almaqla, bu şounun efirə buraxılması ATV üçün çox yerinə düşür.
Şou geniş auditoriya üçün nəzərdə tutulmuşdur, lakin yuxarı sinif şagirdlərinin və onların valideynlərinin fəal iştirakını nəzərdə tutur.
Hazırda Azərbaycan televiziyasında bu cür auditoriya üçün sadə insani dəyərlərə əsaslanan, tamaşaçıya müsbət emosiyalar bəxş edən və intellektual inkişaf imkanlarını göstərən proqramların qıtlığı hiss olunur. Buna görə də bu istiqamətdə hazırlanmış istənilən proqram – irəliyə atılan addımdır. Şounun başlanması ilə əminliklə demək olar ki, ATV telekanalı yeni ağıllı oğlan və qızların tərbiyəsinə başlayacaqdır.