"AtaBank" ASC, ucqar bölgələrdəki vətəndaşlar üçün səyyar bankomat xidməti olan AtaMatik-i Şəmkir rayonu ərazisində istifadəyə verərək, sosial işçilər, müəllimlər və dövlət qulluğundakı digər işçilər, eləcə də sadə vətəndaşlara plastik kartlardan istifadədə rahatlıq təqdim edir.
“AtaBank” ASC, daha əvvəl Şəmkir və Gədəbəy rayonları ərazisində pilot layihə olaraq sınaqdan keçirdiyi səyyar bankomat xidməti “AtaMatik”i artıq müntəzəm cədvəllə işə salaraq bölgədəki sosial işçilərə daha yaxın olmağı planlaşdırır.
“AtaMatik”in imkanları bankomat xidməti ilə məhdudlaşmır. Vətəndaşlar, “AtaMatik” avtomobilləri içərisinə quraşdırılan lazımi avadanlıqlar və təyin olunan əməkdaşlar vasitəsilə bütün bank işlərini rahatlıqla görə bilərlər.
“AtaBank" ASC Biznesin İnkişafı Departamentinin direktoru Elnur Osmanov layihə ilə bağlı bildirdi: “Layihənin əsas məqsədi bank xidmətləri göstərilməyən, bankomatlar quraşdırılmayan ərazilərdə əhaliyə bu xidmətləri səyyar şəkildə göstərməkdir. Bu məqsədlə xüsusi, yüksək təhlükəsizlik qabiliyyətinə malik və daxilində bankomatlar quraşdırılmış avtomobillər sifariş edilmişdir. Avtomobillər fasiləsiz enerji təchizatı üçün generator, işıqlandırma və rahat istifadə üçün digər lazımi qurğularla təmin olunmuşdur.”
Pilot olaraq layihə Şəmkir rayonunun Düyərli və Gədəbəy rayonlarının Zəhmət kəndində həyata keçirilmişdir. Xidmətin əhalinin köməyinə gəlməsini və tez bir zamanda insanların rəğbətini qazanmasını nəzərə alaraq, bankomatla təchiz edilmiş avtomobillərin sayı 4-ə çatdırılmışdır. Hal-hazırda AtaMatik xidmətinin genişləndirilərək, Şəmkir, Qazax, Tovuz və Gədəbəy rayonlarının ucqar kəndlərində də tətbiq olunması planlaşdırılır.