Dövlət başçısının “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanının icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı səyyar xidmətlər vətəndaşların yaşadıqları ünvanlarda göstərilir.
Facemark.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yayıb. Fevralın 7-də keçirilmiş növbəti belə tədbir Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 130 ünvanında yerləşən 2 çoxmənzilli yaşayış binasını əhatə edib. Bu yaşayış kompleksində 132 mənzil mövcuddur.
Qurum tərəfindən qeyd edilən ünvanda mobil ofislər vasitəsilə ilkin hüquqmüəyyənedici sənədlər qəbul olunub. Qanunvericiliklə müəyyən olunmuş müddətdə sakinlərə mülkiyyət sənədləri təqdim ediləcək.
Qeyd edək ki, səyyar qəbul günü mobil ofislərə müraciət edə bilməyən sakinlər çıxarış əldə etmək üçün sənədlərini ərazi qeydiyyat idarəsinə və ya “ASAN xidmət” mərkəzlərinə təqdim edə bilərlər.
Belə tədbirlər nəticəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edirlər. Bütün bunlar isə, vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına xidmət edir.
Səyyar xidmət zamanı vətəndaşlara hüquqi məsləhət xidmətləri də göstərilib, vətəndaşların qeydiyyat prosesi və sənədlərlə bağlı sualları cavablandırılıb.
Həmçinin məlumatda qeyd olunub ki, bu cür səyyar qeydiyyat xidmətlərinin göstərilməsi davam etdiriləcək.