İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb.
Facemark.az xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat Nazirliyi öz rəsmi saytında qeyd edib.
İqtisadiyyat naziri Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığa önəm verdiyini, Bankın ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edilib ki, Bankla ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin olunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya artımı və s. sahələr üzrə birgə layihələr reallaşdırılıb, analitik sənədlər hazırlanıb.
Görüşdə ölkəmizdə iqtisadi diversifikasiya, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə məlumat verilib. Vurğulanıb ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində davamlı iqtisadi yüksəlişə, “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi önəm verilir. Milli Prioritetlərdə müəyyən olunmuş strateji istiqamətlər üzrə həyata keçirilən 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişafa dair Strategiyada dövlət sektorunda idarəetmənin təkmilləşdirilməsi və yeni keyfiyyətə transformasiya, ekosistemdə müsbət keyfiyyət dəyişiklikləri, biznesin, insan kapitalının davamlı inkişafı, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şəraitin yaradılması və s. əsas hədəflər kimi müəyyən olunub.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ölkəmizin strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Bankın Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirdiyini bildirib, tərəfdaşlığın yeni istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər Dünya Bankı ilə əməkdaşlığın gündəliyində olan məsələlər, potensial layihələr barədə müzakirə aparıblar.