Noyabrın 30-da Bakı şəhərində Ukraynada ali təhsil almaq imkanlarına həsr edilmiş “Xaricdə keyfiyyəti təhsil – hamı üçün əlçatandır” adlı təqdimat mərasimi keçirilmişdir. Təqdimat, Ukraynanın ali təhsilinin tanıdılmasına yönəldilmiş “Ukraynada Təhsil (Education in Ukraine)” adlı pilot layihəsinin son mərhələsi oldu. Layihənin təşkilatçısı - Ukraynanın təhsil və elm, gənclər və idman Nazirliyinin “İnformasiya-imic” mərkəzi Dövlət müəssisəsidir.


 


Müasir və cəld dəyişən dünyada xaricdə ali təhsil almaq gəncləri və onların valideynlərini getdikcə daha çox cəlb edir. Ukrayna güclü elmi məktəbini qoruyub saxlamış, müstəqillik illərində isə Boloniya prosesini tətbiq etməyə başlamış və maddi-texniki bazanı fəal təkmilləşdirmiş postsovet ölkələrindən biridir. Hazırda Ukrayna, buraya dünyanın 130-dan çox ölkəsindən gələn xarici tələbələrin sayına görə dünyada onuncu yeri tutur.


 


Son bir ildə Ukraynada təhsil alan xarici tələbələrin sayı əhəmiyyətli dərəcədə artmışdır. Hazırda Ukraynanın ali təhsil müəssisələrində 50 minə yaxın xarici tələbə təhsil alır. Universitetlər, institutlar və akademiyalar 400-dən artıq ixtisas üzrə bakalavr, mütəxəssis və magistr hazırlığı təqdim edir.


 


Azərbaycan gənclərini maraqlandıran ən aktual məsələ - qəbul şərtləri, yaşayış yerinin təqdim edilməsi və digər ölkələrdə Ukrayna diplomlarının tanınmasıdır.


 


“Təhsil - Ukrayna ilə Azərbaycan arasındakı əməkdaşlığın prioritet  mövzularındandır. Ölkələrimizin prezidentləri bu sahəyə kifayət qədər diqqət ayırırlar. Bizim aramızda zəruri razılaşdırma bazası – ölkələrimizdə diplomların qarşılıqlı tanınması barədə müqavilə mövcuddur. Hazırda 4300 azərbaycanlı tələbə Ukraynada təhsil alır və onların sayı ilbəil artır. Ölkələr arasındakı qarşılıqlı siyasi anlaşma da buna yardım edir, belə ki, tarix boyu ölkələrimiz arasında heç bir münaqişə olmamışdır. Bundan əlavə, Ukraynada yaşayan azərbaycanlıların sayı 500 min nəfərə yaxındır və onlar Ali Şura və dövlət idarəetmə orqanları da daxil olmaqla müxtəlif sahələrdə təmsil olunmuşlar. Əlbəttə ki, Ukraynaya təhsil almağa gələn azərbaycanlı tələbələr dostpərvər və rahat bir atmosferə düşəcəklər. Ukrayna Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlıdır, gənclər isə 20 ildən sonra ölkələrimizi idarə edəcək olan şəxslərdir və onların bir-birlərinə qarşı müsbət yanaşması çox mühümdür” - Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirdi.


 


Maraqlı faktdır ki, 2012-ci ildə Şevçenko adına Kiyev Milli Universitetinin məzunlarının assosiasiyası yaradılmışdır. Biz çox şadıq ki, Azərbaycanın əksər nüfuzlu şəxsləri – hökumət, biznes, humanitar sahə nümayəndələri bu ali təhsil müəssisəsinin məzunlarıdırlar. Bu - Ukraynanın ali təhsilinin çox yüksək keyfiyyətə malik olmasından xəbər verir.


 


Ukraynanın təhsil və elm, gənclər və idman Nazirliyinin “İnformasiya-imic” mərkəzi Dövlət müəssisəsinin nümayəndəsi Nataliya Naumenkonun fikrincə, gəncləri Ukraynada təhsil almağa cəlb edə biləcək rəqabət amilləri bunlardır: tarixi keçmişə və yaxşı nüfuza malik olan universitetlərdə keyfiyyətli təhsil, Ukrayna diplomlarının dünyada tanınması, hazırlıq kursunda ukrayna və ya rus dilinin öyrənilməsi imkanı və bütün bunlarla yanaşı təhsil o qədər də baha deyildir. Ukraynada təhsilin qiyməti hətta Azərbaycanın ali təhsil müəssisələrində təhsilin qiymətindən aşağıdır və digər Avropa ölkələrindəki təhsilin qiymətindən dəfələrlə azdır.


 


Ukrayna ali təhsil müəssisələrinin, Odessa Milli Politexnik Universitetinin, Karazin adına Xarkov Milli Universitetinin və Donetsk Milli Universitetinin nümayəndələri öz universitetlərinin yaradılması barədə danışdılar və iştirakçılardan hər biri şəxsən təhsil müəssisələrinin təmsilçilərinə öz suallarını vermək imkanı əldə etdilər.


 


Odessa milli politexnik universitetinin nümayəndəsi Olqa Romanova mövcud olduğu dövr ərzində  Ukraynanın Cənubunda mədəni, elmi və ticari mərkəzə çevrilmiş Odessa şəhərindən danışdı. Onun sözlərinə görə, Odessa çoxmillәtli və bu səbəbdən xarici tələbələr üçün dostpərvər bir şəhərdir.


 


“Ukraynanın ali təhsil müəssisəsinə daxil olmaq üçün yetkinlik attestatı, doğum haqda şəhadətnamənin surəti, gələcək tələbənin sağlamlıq vəziyyətinin onun xaricdə təhsil almasına imkan verəcəyi barədə tibbi arayış və QİÇS infeksiyasına qarşı analiz barədə arayış lazımdır. Həmçinin o profil fənni üzrə müsahibədən keçməlidir. Xarici tələbələrin təhsil üçün qeydiyyata alınması üzrə komissiya oktyabrın 15-dək işləyir” - deyə xanım Romanova bildirdi.


 


Ukraynanın təhsil və elm, gənclər və idman Nazirliyinin Azərbaycandakı nümayəndəsi Aydın Novruzov  diqqəti bir daha ona yönəltdi ki, rus və ukrayna dillərini bilən bütün abituriyentlər profil fənni üzrə müsahibədən keçməlidirlər. Əgər dil bilgiləri yoxdursa və ya bu biliklər birinci kursda təhsil almaq üçün kifayət deyildirsə, abituriyent bir il ərzində hazırlıq fakültəsində təhsil alır. Yaxşı nəticə ilə verilmiş buraxılış imtahanları hazırlıq fakültəsinin tələbəsinin birinci kurs tələbəsi olacağına zəmanət verir.


 


Donetsk milli universitetinin iqtisadiyyat fakültəsinin dekan müavini Vladimir Omelçenko iqtisadi təhsilin istiqamətlərini – iqtisadiyyat, sahibkarlıq və menecmenti vurğuladı. Onun sözlərinə görə, hazırda Ukraynada güclü iqtisadi məktəb mövcuddur; tələbə, iqtisadiyyatın ən müxtəlif istiqamətləri (iqtisadi nəzəriyyə, iqtisadi kibernetika, maliyyə və bank işi, mühasibat uçotu, marketinq, beynəlxalq iqtisadiyyat, müəssisələrin iqtisadiyyatı, işçilərin idarə edilməsi və əməyin iqtisadiyyatı, kommersiya və logistika və s.) üzrə təhsil ala bilər.


 


“Hazırda dünyanın qarşısında innovasiya-sərmayə inkişafı məsələləri durur. Donetsk milli universitetinin menecment fakültəsində təhsil alaraq çox yüksək peşəkar hazırlıq səviyyəsi əldə etmək mümkündür” – deyə cənab Omelçenko vurğuladı.


 


Karazin adına Xarkov Milli Universitetinin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin direktor müavini İnna Kolomıyçuk  diqqəti ona yönəltdi ki, Xarkov – təhsil, elm və iqtisadi münasibətlər üçün maraqlı ola biləcək müasir Avropa şəhəridir. Karazin adına universitet qədim tarixə, təbiət elmlərinin yaxşı elmi bazasına, fizika, mexanika-riyaziyyat, biologiya və kimya fakültələrinə malik bir universitetdir. “Biz çox fəxr edirik ki, universitetimizin divarları arasından bütün dünyada məşhur olan İlya Meçnikov və Saymon Kuznets kimi Nobel mükafatı laureatları çıxmışlar. Bakı şəhərinin yetirməsi olan Lev Landau isə hal-hazıradək peşəkarlar buraxan nəzəri fizika məktəbinin banisi olmuşdur” - xanım Kolomıyçuk demişdir.


 


Mühüm faktdır ki, Xarkov milli universitetində ingilis dilində təhsil almaq mümkündür. Qəbul zamanı qəbul komissiyası attestatdakı qiymətlərə diqqət yetirir və test sınaqlarını çox diqqətlə keçirir, bu yolla, bu və ya digər tələbənin, məsələn, təbiət elmləri üzrə ingilis dilində təhsil ala bilib - bilməyəcəyi müəyyən edilir. Xarkov universitetinin məzunları çox yaxşı mütəxəssislər hesab olunduqları üçün milli-tədqiqat institutlarında onlara böyük tələb vardır.


 


“Kaspian Xazri” şirkətinin nümayəndəsi Simuzər Baloğlanova Ukraynaya bu yaxınlardakı səfəri barədə təəssüratları ilə bölüşdü. “Mən uzun müddətdir ki, beynəlxalq təhsillə məşğulam və gəncləri İngiltərəyə, ABŞ-a və Fransaya təhsil almağa göndərirəm. Lakin mən Kiyevdə olarkən, anladım ki, Ukrayna universitetləri heç də digərlərindən geri qalmır. Mən Ukraynanın bir neçə ali təhsil müəssisəsində oldum və onlar mənə çox xoş təsir bağışladı. Onlardan biri Milli Aviasiya Universitetidir. Tələbələrin görə və öyrənə biləcəkləri müxtəlif təyyarə modellərinin olduğu anqar çox valehedici idi. Universitetdə çox dostpərvər müəllimlər, peşəkar təhsil, yüksək səviyyəli texniki baza mövcuddur. Azərbaycanlılar üçün insan münasibətləri – çox mühüm amildir. Mən deyə bilərəm ki, ukraynalılar – çox  dostpərvər, səmimi və istiqanlı, hər zaman yardım etməyə hazır olan insanlardır. Mən 40 məktəbli ilə birlikdə Ukraynanı və onun ali təhsil müəssisələrinə baş çəkdim və əminəm ki, onlardan 35-i gələn il Ukraynanın ali təhsil müəssisələrinin tələbələri olacaqlar. Ukraynada təhsil almaq üçün, TQDK imtahanı vermək, repetitorla hazırlaşmaq və yenidən imtahan vermək lazım deyildir. Biliklərə və attestatda yaxşı qiymətlərə malik olmaq üçün məktəbdə yaxşı oxumaq lazımdır” -deyə xanım Baloğlanova bildirdi.


 


Ukraynada ali təhsil haqqında daha ətraflı məlumatı layihənin saytında əldə etmək mümkündür: http://see-you.in.ua/