Fevralın 11-də KOBİA-nın Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları və satışın təşkili" və "Bizneslər üçün sosial şəbəkələrdən düzgün istifadə" mövzularında təlimlər keçiriləcək.
Facemark.az xəbər verir ki, bu barədə məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz rəsmi saytında qeyd edib.
Saat 10.00-da keçiriləcək "Marketinqin əsasları və satışın təşkili" mövzusunda təlimdə marketinq nədir, brend anlayışı və onun marketinqdə əhəmiyyəti, kommunikasiya əməliyyatları, satış və onun təşkili prosesi, “B2C”, “B2B” və “B2G” satışın təşkili ilə bağlı məlumat veriləcək.
Saat 15.00-da təşkil olunacaq "Bizneslər üçün sosial şəbəkələrdən düzgün istifadə" təlimində isə “Facebook”da reklam qaydaları, reklamların şəxsi profildən və ya biznes menecerdən yerləşdirilməsi, “İnstagram” reklamlarında vacib məqamlar, targetinq nədir və necə qurulur məsələlərinə dair iştirakçılara məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.
Qeyd edək ki, hər iki təlim “Bakı KOB evi”ndə keçiriləcək. Təlimlərdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər. Təlimlər ödənişsizdir.