“Bakı KOB evi”ndə Əqli Mülkiyyət Agentliyi tərəfindən ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici və müəllif əsərlərinin qeydiyyatı ilə bağlı müraciətçilərə məsləhət xidməti göstərilir.
Facemak.az xarici mənbəyə istinadən xəbər verir ki, bu barədə məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) rəsmi saytında bildirib.
Bununla yanaşı, patentin alınması, əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatı ilə bağlı iddia sənədlərinin Əqli Mülkiyyət Agentliyində fəaliyyət göstərən Patent və Əmtəə Nişanlarına Açıq Hədəf (PƏNAH) sisteminə yerləşdirilməsinə dair KOB evinə müraciət edənlərə məsləhət verilir, zərurət yarandıqda sənədlərinin bu sistemə yüklənməsinə köməklik edilir.
Qeyd edək ki, “Bakı KOB evi” sahibkarlara biznesə dair dövlət və özəl qurumlar tərəfindən müxtəlif xidmətlərin göstərildiyi vahid məkandır. Hazırda KOB evində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara 250-dən çox xidmət göstərilir. Sahibkarlar biznes fəaliyyəti üçün lazım olan biznesin qeydiyyatı, vergi məsələləri, lisenziyalar, mənşə və qida təhlükəsizliyi sertifikatları, müxtəlif fəaliyyət istiqamətləri üzrə icazələr, gömrük xidmətləri, əmlakın dövlət reyestrindən çıxarış, aqrar sahə üzrə subsidiyalar, açıq məkanda reklamın yerləşdirilməsinə icazə, kommunal xidmətlər, bank, sığorta, lizinq və s. xidmətlər üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər.