İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC-nin ixrac coğrafiyası genişlənir.
Facemark.az xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat Nazirliyi öz rəsmi səhifəsində qeyd edib. Belə ki, şirkət tərəfindən ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarına (Miçiqan ştatına) aqrotexnikalar üçün ehtiyat hissələrinin (yedək parça) ixracı həyata keçirilib. Bu ölkəyə ilkin mərhələdə 36.3 ton məhsul göndərilib.
Qeyd edək ki, "Azertexnolayn" MMC 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Parkın ərazisində müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı polietilen boruların istehsalını həyata keçirir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur. Müəssisənin məhsulları daxili bazara satılmaqla yanaşı, dünyanın 20-dən çox ölkəsinə ixrac edilir.