Hazırda startaplar iqtisadiyyatda innovasiyanın inkişafını sürətləndirən layihələrin ən uğurlu nümunəsi sayıldığından Azərbaycan öz iqtisadiyyatını həm də bu istiqamətdə qurmağa, başqa sözlə, “startap iqtisadiyyatı” yaratmağa çalışır.
Facemark.az xəbər verir ki, bu barədə məlumatı KOBİA öz rəsmi saytında bildirib.
Startap sənayesinin inkişafı üçün ən vacib amillərdən biri dövlət tərəfindən innovativ sahibkarlığın inkişafı üçün güclü dəstək mexanizminin qurulmasıdır. İndiyədək Bu gün Azərbaycan mikro və kiçik sahibkarlığın inkişafına yönəlmiş startap sənayesinin güclü dəstəkləyicisi rolunda çıxış edir. Bu dəstək sayəsində “startap şəhadətnaməsi” alan sahibkarlıq subyektləri Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilirlər. Azərbaycanda 86 “Startap" şəhadətnaməsi verilib.
“Wasco Lab” MMC və “WTEAM Inc” in təsisçisi və direktoru Tural Zəkəryazadə Azərbaycanda iki fərqli startap layihəsi əsasında biznes fəaliyyəti qurub. Onun startap layihələrindən biri tullantıların ağıllı yolla idarə olunması sisteminin qurulması üzrədir. “Wasco Lab” MMC işğaldan azad olunmuş ərazilərdə "Ağıllı Şəhər konsepsiyası" - İoT cihazlar vasitəsilə tullantıların ağıllı yolla toplanması, emalı və idarə olunması sisteminin hazırlanması imkanlarının araşdırılması üçün KOBİA-dan keçən il 19.345 manat qrant alıb.
T.Zəkəryazadə bildirir ki, hazırladıqları texnologiya bələdiyyələrə, tullantı yığımı ilə məşğul olan şirkətlərə tullantı yığımını və idarəetməni daha optimal şəkildə həyata keçirməyə imkan verir. Proqramlaşdırılmış xüsusi cihazlar tullantı qablarına yerləşdirilir. Bu cihazlarla tullantı qablarının nə zaman və hansı həcmdə dolduğu, içərisində hansı növ tullantıların olduğu, konteynerin daxilində temperaturun səviyyəsi, konteynerin yerləşdiyi ərazi və s. kimi məlumatlar toplanılır. Məlumatlar idarəetmə panelinə göndərildikdən sonra bələdiyyələr, tullantı toplayan şirkətlər tullantının harada daha çox, harada daha az olduğunu bilir və bundan asılı olaraq, maşınları konteynerlərin dolu olduğu əraziyə göndərə bilirlər: “Normal halda şəhər ətrafında 500 konteyner varsa, bələdiyyələr və ya icra hakimiyyətləri məcburdur ki, 500 konteynerin hamısına baş çəksin. Bizim texnologiya isə yalnız dolu olan konteynerin ərazisinə getməyi təklif edir. Bu halda yanacaq sərfiyyatına xeyli qənaət edilir”.
T.Zəkəryazadə əlavə edib ki, ağıllı sistem tullantıların çeşidlənməsi barədə də məlumat verməyə imkan yaradır. Sistem hansı ərazidə hansı növ tullantıların istehsal edildiyini və onların nə qədər təkrar emal edildiyini izləyə bilir. Amma bu məlumatların toplanılması üçün lazımı infrastrukturun olması lazımdır.
Startapçı konteynerlərə yerləşdirlən kameraların Azərbaycanda istehsal edildiyini vurğulayıb: “Sensorlar sifarişlə Çindən gətirilir, qalan bütün proseslər - cihazının korpusunun hazırlanması və proqram təminatı Azərbaycanda həyata keçirilir”.
Layihə müəllifi deyib ki, hazırladıqları ağıllı sistem Azərbaycanda yalnız Milli Aviasiya Akademiyasının kampus ərazisində, eləcə də xaricdə - Bəhreyn, Nigeriya və Livanda tətbiq edilir. Layihə 2 milyon ABŞ dolları dəyərləndirmə ilə 150.000 ABŞ dolları dəyərində xarici investisiya cəlb edib. Şirkət hazırda bu layihənin Avropada da tətbiqinə çalışır: “ABŞ-da, Türkiyədə, Avropada çalışan şirkətlər də tullantıların ağıllı sistem vasitəsilə optimal idarə olunmasını həyata keçirirlər. Biz fərqli texnologiya hazırlamışıq. İstifadə etdiyimiz texnologiya, metodlar, proqram təminatına verdiyimiz data tamamilə fərqlidir. Rəqib şirkətlər tullantı qablarına kamera yerləşdirirlər, tullantı qablarının doluluğunu kamera vasitəsilə ölçə bilirlər. Biz daha uzunmüddətli, rahat ölçü aparmağa imkan verən sensorlardan istifadə edirik və platformada daha çox məlumatlar ötürə bilirik”.
T.Zəkəryazadənin digər startap layihəsi “WTEAM Inc” şirkəti tərəfindən məsafədən işləyən şirkətlərin daha rahat kommunikasiya yaratmasına imkan verən platformanın yaradılması ilə bağlıdır. “Zoom”a oxşayan bu platforma video və audiogörüşləri onlayn rejimdə keçirməyə imkan verir. Bu platformadan hazırda 20 ölkədə 1.000-dən çox şirkət istifadə edir.