Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşkilatçılığı ilə “Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu” mövzusunda elmi konfrans keçirilib.



Facemark.az xəbər verir ki, bu barədə məlumatı KOBİA öz rəsmi saytında qeyd edib.



Tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Ulu Öndərin ölkəmizdə sahibkarlığın formalaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, ölkənin gələcək iqtisadi inkişafının özəl sektorla bağlı olduğunu vurğulayan Heydər Əliyev bu sahədə bir sıra fərman və sərəncamlar imzalayıb, qanunlar və dövlət proqramları qəbul olunub, institusional dəstək mexanizmləri yaradılıb, yerli və xarici iş adamları ilə görüşlər keçirilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşıb, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu artıb.