Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə korporativ sosial məsuliyyət (KSM) tədbirlərində aktiv iştirak edən tərəfdaşların mükafatlandırılmasına dair tədbir keçirilib.
Facemark.az xəbər verir ki, bu barədə məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz rəsmi saytında qeyd edib.
Dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilmiş tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov biznesdə KSM-in önəmi barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, biznes subyektlərinin KSM tədbirləri təkcə cəmiyyət üçün deyil, həm də şirkətlər üçün faydalıdır. Mütəxəssislərin rəyinə əsasən 90%-ə yaxın istehlakçılar onları maraqlandıran məsələlərin həllində iştirak edən şirkətlərin məhsullarını almağa maraq göstərirlər. KSM həmçinin, istedadlı işçi qüvvəsinin cəlb edilməsində mühüm faktordur. Azərbaycanın biznes icması tarixi irsi davam etdirərək fəaliyyətlərində korporativ sosial məsuliyyət prinsiplərinə diqqət göstərir. “COVİD-19” pandemiyası, Vətən Müharibəsi dövründə, eləcə də bu yaxınlarda qardaş Türkiyədə baş vermiş zəlzələ zamanı yerli sahibkarlar dəstək tədbirlərində fəal iştirak ediblər. KOBİA KSM yaşamasını daim təşviq edir, bu sahədə müxtəlif proqram, layihə və təşəbbüslər həyata keçirir.
Tədbirin sonunda KSM çərçivəsində müxtəlif nominasiyalar üzrə sahibkarlar mükafatlandırılıb.